Bia.Az

FHN-nin bir ədalətsiz qərarı... - Vətəndaş ETİRAZ EDİR...

---
 27-10-2022, 11:26     168

Artıq altı aydan çoxdur ki, Şamaxı rayonu, Muğanlı kənd sakini mərhum Rəcəbov Yadigar Ağadadaş oğlunun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan və 2014-cü ildən bugünə kimi həllini tapmayan problemi ölkə gündəminə çıxartsaq da, hələ də problem həll olunmur ki, olunmur. Yəni, bugünə qədər tərəfimizdən apardığımız araşdırmalardan, aidiyyatı üzrə rəsmi dövlət qurumlarından əldə etdiyimiz cavab məktublarından aydın olur ki, Rəcəbovlar ailəsinə məxsus problemin həllini tapmamasında, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə Şamaxı RİH-nin düzüb qoşduqları işbirliyi balıca rol oynayıb. Söz yox ki, bu problemin belə bir həddə çatmasında, yəni bugünə qədər həllini tapmamasında 2012-ci və 2014-cü illərdə Şamaxı RİH Aparatında vəzifə sahibi olan şəxslərin günahı daha çox olub.

Qeyd edək ki, 2012-ci ilin mart ayında bu rayonun Muğanlı kəndi ərazisində torpaq sürüşməsi hadisəsi baş verir və hadisə nəticəsində 62 ailəyə məxsus fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi müəyyən qədər yararsız vəziyyətə düşür. Həmin vaxt FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri, yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə hadisə yerində olurlar və onlar 47 ailəyə məxsus fərdi yaşayış evinin, həyətyanı torpaq sahəsinin yararsız vəziyyətə düşməsini müəyyən edirlər. Hətta, bununla bağlı akt da tərtib olunur. Tərtib olunmuş akt əsasında 47 ailəyə daha təhlükəsiz ərazidə yeni fərdi yaşayış evlərinin tikilməsi üçün, “Azərinşaatlayihə” İnstituna layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş də verilir.

Rəcəbovlar ailəsi üzvlərinin adları ilkin siyahıdan niyə çıxarılır?

Az sonra yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayan şəxslərin ümumi siyahısı dəqiqləşdirilir və hər ailədə yaşayanların sayı barədə məlumatlar aidiyyatı üzrə dövlət qurumlarına təqdim olunur. Onu da bildirək ki, 2012-ci ildə baş verən torpaq sürüşməsi hadisəsindən sonra Muğanlı kəndində evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən ailələrə bağlı tərtib olunmuş siyahıda mərhum Yadigar Rəcəbovun ailə üzvləri 46-cı sırada (7 nəfər olmaqla) olurlar. Çox keçmir ki, bu kəndin daha təhlükəsiz ərazisində yeni fərdi yaşayış evlərinin inşaasına başlanılır və 2014-cü ildə evlər zərərçəkən ailələrə paylanılır. Təəccüb doğuran hal o olur ki, tərtib olunmuş siyahıda Yadigar Rəcəbovun 7 nəfərdən ibarət ailə üzvləri 46-cı sırada olsalar da, son anda Şamaxı RİH əməkdaşları bu ailə üçün inşa olunmuş evi onlara deyil, məhz başqa bir ailəyə təhfil verirlər.
Belə olan halda Yadigar Rəcəbov ailə üzvləri adından möhtərəm Prezidentə, FHN-nə, Şamaxı RİH Aparatına şikayət ərizələri göndərir. Üç gündən sonra isə, həmin ailə Şamaxı RİH əməkdaşlarının iştirakı ilə evdən çıxarılır və ev ötən 8 il ərzində boş qalır. Redaksiyamıza daxil olan məlumatlara görə, Rəcəbovlar ailəsinə verilməli olan evdən çıxarılmış ailə, artıq iki aya yaxındır ki, hansısa qüvvələrin himayədarlığı sayəsində gecə saatlarında təkrar həmin evə yerləşdirilir.

Səbəb nədir ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi sualları ətraflı cavablandırmır?

Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, tərtib olunmuş siyahı əsasında inşa olunmuş fərdi yaşayış evləri 2014-cü ildə zərərçəkən ailələrə paylanılır və həmin vaxt Yadigar Rəcəbovun ailəsinə ev almaq nəsib olmur. Çünki, istər bu şəxsin özü tərəfindən, istərsə də redaksiyamız tərəfindən müxtəlif dövlət qurumlarına, ələlxüsus FHN-nə ünvanlanan məktublara verilən cavablarda qeyd olunur ki, “Evlər paylanana qədər sizə (Yadigar Rəcəbovgilə) məxsus fərdi yaşayış evinizlə bağlı Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri tərəfindən akt tərtib olunmamışdır. Bu yöndə akt tərtib olunmadığından ilkin siyahıda adınızın olmasına baxmayaraq, sonradan adınız siyahıdan çıxarılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə fərdi yaşayış evinizə viziual texniki baxış keçirilmiş və 03 mart 2014-cü il tarixdə müvafiq akt tərtib edilmiş və həmin aktda fərdi yaşayış evinizin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Sizin fərdi yaşayış evinizlə bağlı akt tərtib olunana qədər yeni tikilmiş evlər vətəndaşlara paylanılmışdır”.

FHN-nin hansı əməkdaş(lar)ı Kəmaləddin Heydərova qarşı dönük çıxıblar?

Hörmətli oxuculur! Biz bir media qurumu olaraq qeyd olunan bu problemi ölkə gündəminə çıxartdıqca, yaşanan olaylarla bağlı əlavə məlumatlar da əldə edirik. Məsələn, Rəcəbovlar ailəsinin üzvləri bildirirlər ki, “Torpaq sürüşməsi hadisəsi baş verən vaxt fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərov, həmçinin digər vəzifə sahibləri Muğanlı kəndində oldular və real vəziyyəti öz gözləri ilə gördülər. Hətta, Kəmaləddin Heydərovun özü şəxsən bizim həyətdə oldu və həmin vaxt lazımi aklar da tərtib olundu. Bir sözlə, cənab Nazirin yanında vəzifə sahibi olanlar bizim fərdi yaşayış evimizlə bağlı akt da tərtib etdilər”. Bəli, biz belə bir məlumatları eşidib, sanki şoka düşməli olduq. Bu da onu göstərir ki, cənab Kəmaləddin Heydərovun tabeliyində çalışanlar, bir müddətdən sonra şəxsi maraqlarının təmin olunması yöndə lazımi addımlarını atırlar. O halda sual olunur ki, görəsən hansı əsasla Yadigar Rəcəbovun ailə üzvlərinə verilməli olan ev bu ailəyə deyil, məhz başqa bir ailəyə təhvil verilir? Möhtərəm Prezidentə, FHN-nə, Şamaxı RİH Aparatına ünvanlanan şikayət ərizələrindən üç gün sonra isə, həmin ailə Şamaxı RİH əməkdaşlarının iştirakı ilə evdən çıxarılır. Bəli, bütün bunların hər biri ortaya çoxsaylı sualların çıxmasına səbəb olur.
Diqqəti cəlb edən hallardan biri də ondan ibarətdir ki, torpaq sürüşməsi hadisəsi 2012-ci ildə baş verir və evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən ailələrə evlərin paylanması işləri 2014-cü ildə həyata keçirilir. Sual olunur ki, hansı səbəbdən yaşayış evi ortada olan Yadigar Rəcəbovun yaşayış evinə iki il sonra, yəni 03 mart 2014-cü ildə vizual baxış keçirilir və bununla bağlı akt da tərtib olunur?. Yəni, səbəb nə olur ki, bu şəxsin evinə baxış keçirib akt tərtib etmək 2014-cü ilə saxlanılır? Bu haqda həm Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən, həm də Şamaxı Rayon İcra Hakimiyyəti Aparatından verilmiş cavab məktublarında qeyd olunub. Biz bu kimi məsələlərə aydınlıq gətirilməsi məqsədilə aidiyyatı üzrə məktublar ünvanlasaq da, hər dəfə həm FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, həm də Şamaxı Rayon İcra Hakimiyyəti Aparatı tərəfindən oxşar cavablar verilir. Bir sözlə, hər iki qurumun əməkdaşları “burcutmalar”a yol verib, ünvanladığımız suallara aydınlıq gətirmək istəmirlər. Çünki, günahları böyükdür.

Mövzuya qayıdacağıq. Bizi izləyin.

araz.az
скачать dle 12.1