Bia.Az

Azərbaycanlılar Türkiyə bazarlarına axın edir, karqo şirkətləri malları it-bata salır - Reportaj/ FOTO

Sosial
 9-01-2022, 12:03     437

Əməkdaşımız daşıma firmalarında olub, alıcıların narazılıqlarını araşdırıb; Eyyub Hüseynov: “Şikayətlər yağış kimi yağır...”


Bir aydan çoxdur ki, ölkəmizdə karqo şirkətlərindən narazılıq səngimək bilmir. İnsanlar Türkiyədən onlayn şəkildə (əsasən “Trendyol” üzərindən) mal sifariş ediblər. Amma uzun müddət keçməsinə baxmayaraq hələ də sifariş etdikləri malları ala bilmədiklərini deyirlər.

Narazılıqlar isə əsasən, noyabr ayında - “Qara cümə” zamanı endirimlərdən sonra yaranıb. Eyni zamanda, dekabrda Türk Lirəsinin sürətlə ucuzlaşdığı vaxtda insanlar kütləvi şəkildə Türkiyədən mallar sifariş ediblər. Karqo şirkətlərindən bildirilib ki, malların gecikməsinə bir səbəb də  sifarişlərin paylanmasında qarışıqlığın yaranmasıdır. Yəni bir müştərinin məhsulu digərinə yönləndirilib. Yaranan bu qarışıq vəziyyət isə insanların haqlı narazılığına səbəb olub.
Azərbaycanda hazırda ən çox şikayət olunan karqo şirkətlərindən “Expargo”, “Cargoline”, “Starex”, “Mover.az”,"Dynamic Express" in adı daha çox çəkilir.
Məsələn, “Expargo” şirkətindən narazılıq edənlər bildirirlər ki, yanvar ayı olmasına baxmayaraq dekabrın əvvəlində sifariş etdikləri malları hələ də ala bilməyiblər: “Türkiyədə 1, maksimum 2 günə ”Expargo"nun anbarına təslim edilən məhsul sistemə gec vurulur. Ölkəmizə gətirildikdən sonra isə Gömrük nəzarət baxışından cəmi 1-2 saata keçərək sahibinə təhvil verilməsi üçün “Expargo”ya təslim edilən məhsul günlərlə “çeşid”lənir. Necə olur ki, dekabrın 17-dən gömrükdə işlər bitib, ancaq bağlama ofisə hələ çatmır. Zəng edirsən, yazırsan deyirlər bu həftə, gələn həftə. Artıq üç həftə olub. İndi də yazıblar ki, araşdırma gedir. Nəyin araşdırması? Məhsul Gömrükdən keçib bir başa ofisə gəlməlidir. Amma ortada heç bir məhsul yoxdur", - deyə şikayətçi qeyd edib.
Karqo şirkətləri çəkini artırmaq üçün məhsulu bir neçə paketə bükürlər -  Ekspert
Göründüyü kimi, insanlar karqo şirkətləri ilə bağlı çıxılmaz vəziyyətdə qaldıqlarını deyirlər. “Yeni Müsavat” ın əməkdaşı olaraq vəziyyəti yaxından öyrənmək, bütün bunların baş vermə səbəbini araşdırmaq üçün bir neçə karqo şirkətinə yollandıq. İlk olaraq Nərimanov rayonu, “Gənclik” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən “Airex.az” şirkətinə daxil olduq. Burada xeyli insanın öz məhsullarını aldığını gördük.
Bizimlə söhbətdə şirkətin mütəxəssisi bildirdi ki, hazırda gecikən mal yoxdur: “Bizdə də bayram ərəfəsində sıxlıq yaranmışdı. Sifarişlər üç gün yubandı. Amma malların başqa ünvanlara çatdırılması halları baş verməmişdi. Problemlər ona görə yaranır ki, iş əvvəldən düzgün qurulmur. Hər iki şirkət-həm bizim, həm də çalışdığımız şirkət doğru işləyiriksə, yanlışlar olmur. Əsas əvvəldən işin düzgün qurulması ilə bağlıdır”.
Buradan ayrılıb, “CFEX” karqo şirkətinə də yollandıq. İçəri daxil olar-olmaz insanların öz sifarişləri üçün müraciət etdiyini gördük. Müştəri xidmətləri üzrə mütəxəssis Fəridə Fərəcova isə bizimlə söhbətdə yaranan problemlə bağlı məlumat verdi. O qeyd etdi ki, bayramda sifarişlər çox idi, bu səbəbdən mallar gecikib: “Gecikmələr həm də endirimlərlə bağlı idi, bütün şirkətlərdə sifariş çox idi, Gömrükdə yoxlamalar çox  idi. Həm də uçuşlar təxirə salındığına görə yubanmalar olurdu. Hazırda mallar verilib, hər hansı problem qalmayıb”.
Bəs görəsən bu sahəyə nəzarət mexanizmi hansı səviyyədədir? Nəyə görə zaman-zaman belə problemlər ortaya çıxır? Buna kim məsuliyyət daşımalıdır?
Safex.az | Türkiyə və Amerikadan çatdırılma xidməti
Məsələ ilə bağlı “Yeni Müsavat”a “Safex.az” və “Carry.az” karqo şirkətlərinin əlaqələndiricisi, lojistika üzrə mütəxəssis Nurlan Əhmədli bir sıra məqamlara aydınlıq gətirdi. O bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən daşıyıcı şirkətlərinin Türkiyədə anbar sistemi iki cür fəaliyyət göstərir: “Məsələn, ya daşıyıcı şirkətin özünün böyük anbarı olmalıdır, ya da anbarı kirayə ilə götürməlidir. Azərbaycan şirkətlərinin bir neçəsi müqavilə ilə Türkiyədən anbar xidməti alır. Yəni özü Türkiyədə heç bir fəaliyyət göstərmir. Heç bir işə qarışa bilmir. Başqa bir şəxs onun sistemini götürür. Gələn bağlamaları həmin sistemlə işləyib, göndərir. Düşünün, bir var depoda bir şirkətin işləri aparılır. Bir də var ki, bir depoda beş, altı, hətta yeddi şirkətin işləri aparılır. Təbii ki, bir neçə şirkət olanda daha çox sifariş gəlir və qarışıqlıq yaranır. Ən çox da noyabr, dekabr aylarında problem yaşayan şirkətlər də həmin şirkətlər oldu. Burada onlara anbar xidməti verən şəxslə əlaqə qurdular, onlar cavabında bildirdilər ki, anbar aşıb-daşır. Hansı şirkətin malı haradadır bilmirlər. Bu səbəbdən də karqo şirkətinin rəhbəri məcbur olub Türkiyəyə gəlir, orada anbar kirayələyir, malları ora daşıyır. Ortada bir boşluq, gecikmə yaranır. Vətəndaş da baxır ki, noyabr ayının iyirmi səkkizində bağlanan bağlamanın üzərindən iyirmi gün keçib hələ də onun malları gəlib çıxmayıb. Ən böyük problem yaşayan özünün şəxsi anbarı olmayan şirkətlərdir. Başqa bir şəxsin anbarından istifadə ediblər, orada da ”partlayış" baş verib. İkinci görünməyən tərəf isə Türkiyənin daxilində işləyən karqoların, kuryerlərin  həmin dönəmdə çox yanlış təlimatla işləməsi oldu. Həmin vaxt çox böyük sıxlıq olduğu üçün karqo şirkətləri malları bir-bir yoxlayıb təslim edə bilmədilər. Misal üçün, bizə təhvil verilməli olan bağlamanı başqa bir yerə təhvil verdilər. Bizə də belə müraciətlər edirlər, məsələn, dünən əlli bağlama gətirildi, o mallar ki, əslində öz sahibinə vermək əvəzinə başqa bir yerə çatdırılmışdı. Biz də iki həftə sonra məlumat aldıq. İki həftə sonra götürdük. Orta səviyyəli bir şirkətin anbarına 600-700 mal daxil olursa, digər nəhəng şirkətlər gün ərzində 3 min - 4 min bağlama qəbul edir. Bunun əlbəttə, həlli yolları var. Odur ki, hər bağlama krekinqə uyğun olaraq Barkod sistemi ilə vurulmalıdır, paketin üzərində qeyd olunmalıdır, malın təhvil alınması sistemə daxil edilməlidir. Sabah hər hansı bir müştərinin malı itən zaman həmin sistemdə görünməlidir".
Əhmədov onu da əlavə etdi ki, Azərbaycandan təyyarə ilə yük göndərən üç şirkət var: “Türk hava yolları”, “Silk way” və AZAL-dır. Bizim işimizdə ən böyük problem onlarla yaşanır. Amma biz bunu vətəndaşa izah edə bilmirik. Vətəndaşa maraqlı deyil, “Silkway” əsas karqo şirkətini daşıyan aviaşirkətdir. “Silk way” həftədə iki dəfə, maksimum üç dəfə yük göndərir, karqo yüklərinə əlavə olaraq təyyarə ayırmır, bunun marağında da deyil. Məsələn, AZAL-dan bildirilir ki, konkret olaraq nə qədər yükə icazə verilə bilər. Karqo şirkətləri əlindən gəldiyi qədər peşəkar xidmət göstərməyə çalışır. Heç bir karqo şirkəti də istəməz ki, müştərisinin bağlaması itsin, ya da öz anbarında saxlasın. Çünki bu onlara pul qazandırmır".
Ekspert: “Dönərxanalar mənşəyi bilinməyən ətlərdən istifadə edir” -  17.09.2020, Sputnik Azərbaycan
 Eyyub Hüseynov 
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirdi: “İstehlakçı hüquqları sahəsində baş verən problemlərin kökünü insanlarda deyil, qanunlarda axtarmaq lazımdır. Çünki cəmiyyəti qanunlar idarə edir. 1995-ci ildə qəbul edilmiş istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda ” bir neçə dəfə dəyişiklik aparılıb. 2009-cu ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yaradılanda biz çox sevindik. Ancaq istehlakçıların hüquqlarının qorunması sahəsində müsbət nəticələr əldə edə bilmədik. Bu qurumun adı sonradan dəyişdirildi, amma yenə də fərq olmadı. Fikrimcə, bu qurum dövlətin himayəsindən çıxaraq, özəl fəaliyyət göstərməlidir. Şikayətlər yağış kimi yağır. Şikayətlərə baxılmır. Karqo şirkərləri üzərində nəzarət yoxdur, karqo şirkətlərindən gələn şikayətlər həddən çoxdur. Mal sifariş etmişik, mal itib, ya da gətirib çıxarmırlar, deyə hər gün müraciətlər edirlər".
AYİB sədri qeyd edib ki, “İstehlakçıların Müdafiəsi” haqqında qanuna dəyişikliklər edilməlidir: “Bu qanun layihəsi mükəmməl işlənməlidir. Qanunun müasir tələblərə, onlayn ticarətə, yükdaşımalara olan hissəsi təkmilləşməlidir. Qanunun qəbul edilməsi də azdır. Bunu yerinə yetirən dövlət orqanına müəyyən səlahiyyətlər verilməlidir. O da normal işlənməlidir”.   
Afaq MİRAYİQ,
Fotolar müəllifindir,
“Yeni Müsavat”







скачать dle 12.1