Bia.Az

RİKERİ AZƏRBAYCANA BURAXMAYAQ... - Ən doğrusu BUDUR!

Siyasət
 27-08-2022, 16:13     450

“Mən səfir Filip T. Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edirəm. Səfir Riker bu vəzifədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri və bu kritik dövrdə Cenevrə Beynəlxalq Müzakirələrində ABŞ-ın aparıcı danışmanı olacaq”.

Bunu ABŞ dövlət Katibi Entoni Blinken deyib. Beləliklə, Amerika Qafqaz üzrə xüsusi nümayəndəsini dəyişib. Blinkenin sözlərinə görə, Rikerin Avropada və beynəlxalq təşkilatlarda böyük təcrübəsi var. Bundan əvvəl o, ABŞ-ın Londondakı səfirliyində müvəqqəti işlər vəkili olub. 2019-cu ilin martından 2021-ci ilin avqustuna qədər dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edib. “Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi nizamlanması üzrə danışıqlarda Ermənistan və Azərbaycana kömək etmək öhdəliyi götürür”. Bunu da dövlət katibi bildirib.

“Səfir Riker Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla ikitərəfli əsasda məşğul olacaq və ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında birbaşa dialoqa yardımçı olacaq”, - Blinken əlavə edib.

Vaşinqtonun “Ermənistan və Azərbaycan arasında birbaşa dialoqa yardımçı olmaq” istəyi, əlbəttə ki, alqışlanandır. Ancaq bu necə mümkün ola bilər, əgər ABŞ o biri yandan da “Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi nizamlanması”ndan danışır və gorbagor olmuş Minsk Qrupunu diriltməyə çalışırsa?

“Dağlıq Qarabağ”, “Minsk Qrupu”, “Dağlıq Qarabağ nizamlanması” ifadələri Ermənistana, oradakı radikal-revanşist qüvvələrə, Qarabağdakı separatçı ünsürlərə bu mövzunu gündəmdə saxlamaq üçün hava-su kimi lazımdır. Həmin qüvvələr, lap elə Nikol Paşinyan iqtidarı məhz belə bəyanatlardan ruhlanaraq Azərbaycanla böyük sülh anlaşmasından qaçır, vaxtı uzadır, revanşist planlar qururlar, 10 noyabr kapitulyasiya sənədinin tələblərini icra eləməkdən yayınırlar.

Gözlənildiyi kimi, Azərbaycan XİN-i Blinkenin açıqlamasına sərt münasibət bildirib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu xüsusda deyib: “ABŞ dövlət katibi Entoni Blinkenin Qafqaz danışıqları üzrə baş məsləhətçi vəzifəsinə Filip Rikerin təyin olunmasına dair mətbuat bəyanatında bölgədəki postmünaqişə reallığından uzaq yanaşmanın sərgilənməsi təəccüb doğurur. Minsk Qrupu ilə bağlı Azərbaycanın mövqeyi ən yüksək səviyyədə dəfələrlə və aydın şəkildə ifadə olunub. Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun ”reanimasiya" edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər. Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət, o cümlədən tərəfdaşlarımız anlamalıdır ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqların Qarabağ məsələsi ilə əlaqələndirilməsi heç də normallaşmaya xidmət etmir".

ABŞ niyə Azərbaycana, Qarabağa münasibətdə köhnə ritorikadan əl çəkə bilmir? Məqsəd nədir? L.Abdullayevanın dediyi kimi, ölkəmizə qarşı bu ədalətsiz davranış ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşmasına gətirə bilərmi? Dia.az-ın məlumatına görə, Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, ABŞ-ın ATƏT-in Minsk Qrupunu “diriltmək” cəhdləri onsuz da onu danışıqlar prosesindən kənarda qoyub: “İkinci Qarabağ müharibəsindən kifayət qədər vaxt keçib və bu müddətdə ABŞ heç bir ciddi fəallıq göstərməyib. 2021-ci ilin fevralında Pentaqonun strukturlarının birində keçirilən müzakirəni və bədnam ”Azərbaycan üçün Deyton sazişi" təklifini nəzərə almasaq, ABŞ Azərbaycan-Ermənistan danışıqlarında, demək olar ki, yoxdur. Səbəb aydındır. Dünyanın supergücü son iki ildə regionda formalaşan reallıqları anlamır, yaxud anlamaq istəmir. Hesab edir ki, hər şey barədə qərarı yalnız o verməli, digərləri isə etiraz etmədən onu icra etməlidirlər. Uzun illər Azərbaycana təzyiq göstərərək, “reallıqları qəbul edin” deyən ABŞ indi nədənsə eyni mövqeni Ermənistana qarşı sərgiləmək istəmir. 44 günlük müharibədə möhtəşəm qələbəmizi və onun nəticələrini qəbullanmaqdan imtina edir.

Ermənistanın ATƏT-in Minsk qrupunu danışıqlar prosesinə qaytarmaq cəhdləri anlaşılandır. 10 noyabr bəyanatı imzalanarkən üç ölkə liderləri arasında “status məsələsini” qaldırmamaq barədə şifahi razılaşma olub və indi Nikol Paşinyan həmin gün verdiyi sözün arxasında durmaq iqtidarında deyil. Bu səbəbdən Rusiyanın vasitəçiliyini qəbul etmir və prosesə nəyin bahasına olursa-olsun ABŞ-ı qoşmaq istəyir. Ancaq bu cəhdlər heç bir nəticə verməyəcək. Əksinə, Qarabağa ən yüksək status vermək “xəyallarından” heç cür imtina etmək istəməyən ABŞ-ın bu məqsədlə Minsk Qrupunu “diriltmək” cəhdləri onun regiondakı proseslərə müdaxilə etmək imkanlarını bir az da azaldacaq".

A.Səmədov hesab edir ki, ABŞ-ın Azərbaycan-Ermənistan rəhbərlərinin birbaşa dialoquna yardımçı olmaq istəyi də heç bir nəticə verməyəcək: “Çünki ABŞ bu məsələdə tərəfsizlik göstərmir və açıq şəkildə ermənipərəst mövqe tutur. Digər tərəfdən, Nikol Paşinyan ciddi qərar vermək və onun arxasında durmaq iqtidarında deyil. Onun indiyə qədər razılıq verdiyi məsələlərdən imtina etməyə çalışması belə ”dövlət xadiminə" və onun verdiyi sözə güvənməyi mümkünsüz edir. İkitərəfli danışıqlarda liderlərin cəsarətli addımlar atmaq və bu qərarları öz xalqına qəbul etdirmək potensialı həlledici əhəmiyyətə malikdir. Ermənistan baş nazirinin belə bir potensiala və qətiyyətə malik olmadığı göz qabağındadır".

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, ATƏT-in Minsk Qrupunun 30 ilə yaxın müddət ərzində fəaliyyəti, əslində cinayətkarcasına fəaliyyətsizliyi barəsində dəfələrlə ən yüksək səviyyələrdə deyilib: “Ona görə də indi bunun üzərində dayanmağa ehtiyac yoxdur. Minsk Qrupunun həyata keçirməli olduğu məsələ 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq həll olundu. Faktiki olaraq BMT Təhlükəsizlik Şurasının havada qalan 4 qətnaməsini də Azərbaycan öz gücünə həyata keçirdi. Eyni zamanda, bununla Avropa Parlamentinin və digər böyük beynəlxalq təşkilatların Qarabağ məsələsi ilə bağlı qətnamələri icra olunmuş oldu. Artıq Minsk Qrupu fəaliyyətini dayandırıb və onun bundan sonrakı fəaliyyət cəhdləri Azərbaycan üçün heç bir anlama gəlmir. Azərbaycan Minsk Qrupundan faktiki olaraq imtina edib.

Məsələnin daha bir tərəfi ondan ibarətdir ki, Ukrayna müharibəsinə görə Minsk Qrupunun həmsədrləri olan ölkələrin özlərinin münasibətləri az qala müharibə həddindədir. Onların özlərinin münasibətlərinin düzəlməsinə vasitəçilik lazımdır. ABŞ bu gün yenidən Minsk Qrupu formatını gündəmə gətirmək istəyir, buna cəhdlər edir. Lakin əbəs cəhdlərdir. Bu cəhdlər ABŞ-ın bizim regionda özünün ziyanına işləyəcək. Azərbaycan Xarici İşlər Nazirliyi bu baxımdan çox düzgün mövqe bildirib və xəbərdarlığını edib. Vasitəçilik missiyası bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Rusiya tərəfindən həyata keçirilir. ABŞ özünü faktiki olaraq kənarda qoyub. ABŞ prosesdən kənarda qalmamaq üçün mübarizə aparır. Prosesin tərkib hissəsi olduğunu qabartmaq üçün ABŞ dövlət katibi qeyd olunan addımı atıb. Lakin olduqca yersiz və anlamı olmayan addımdır.

Əgər Azərbaycan Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyini qəbul eləmirsə, ABŞ-ın oraya vasitəçi həmsədr təyin etməsi qəbul edilməzdir. Eyni zamanda, Dağlıq Qarabağ problemi ifadəsinin növbəti dəfə gündəmə gətirilməsi də ABŞ kimi ciddi ölkəyə heç bir halda başucalığı gətirmir. Bu mövqe ABŞ-ın özünün maraqlarına zərbə vuracaq. ABŞ bölgədə mövqeyinin, nüfuzunun qorunub saxlanmasında maraqlıdırsa, beynəlxalq hüquqla və Azərbaycanın mövqeyi ilə barışmalıdır. Reallıqlarla barışmalıdır".
скачать dle 12.1