Bia.Az

“İLHAM ƏLİYEV SONADƏK MÜBARİZƏ APARACAQ...” – “Qazaxıstanı ittifaq dövlətinə aparmaq istəyirlər”

Siyasət
 8-01-2022, 20:41     219

"Türkiyə ehtiyac olsa Azərbaycanın müstəqilliyi uğrunda vuruşacaqdır"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “xalqcebhesi.az” saytına müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, Qazaxıstanda baş verənləri hərə bir cür qiymətləndirir. Siz bu barədə nə düşünürsünüz?
- Fərqli yanaşmaların olması təbiidir, çünki informasiya qıtlığı var. BAXCP rəhbərliyində təmsil olunan şəxslərin çoxunun da bu məsələdə fərqli düşüncələri var. Bəzən hətta elə olur ki, fikirlər də dəyişir. İki gün öncə məsələyə başqa cür qiymət verən bu gün deyir ki, yox, deyəsən orada baş verənlərin arxasında başqa məsələlər var. Biz bu məsələni partiya rəhbərliyində müzakirə edib ümumi bir mövqeyə gəlməmişik. Mənim fikrim hələlik ondan ibarətdir ki, Qazaxıstan rəhbərliyi - Nazarbayev və Tokayev məqsədyönlü şəkildə hakimiyyətsizlik görüntüsü yaradıb, xalqın gözünü qırıb ona başa salmaq istədilər ki, qazax xalqı dövlət qura bilmir və biz Lukaşenkonun elan etdiyi yeni ittifaq dövlətinə daxil olub kimlərinsə qoltuğunun altında sakit yaşaya bilərik. Əks halda bir-birimizi qıracağıq. İlk etiraz aksiyasına az sayda, bir neçə yüz adam qatılmışdı, hökumət çox asanlıqla onun genişlənməsinin qarşısını ala bilərdi. Məncə həmin etiraz aksiyası da hökumət tərəfindən təşkil olunmuşdu. Nazarbayevin bu günə qədər susması da dediklərimin təsdiqi ola bilər. Ola bilsin ona deyiblər ki, yeni ittifaqa daxil olmağınızı elan et, o da bəyan edib ki, xalq razı olmaz. Bu zaman ona tövsiyə ediblər ki, kənara çəkil. Qısa müddətdə rus qoşunlarının Qazaxıstana yerləşdirilməsi də dolayısı ilə təsdiq edir ki, əvvəlcədən müəyyən hazırlıq işləri olub.
Qazaxıstanda dövləti qoruyacaq və xalqı məlumatlandırıb səfərbər edəcək siyasi institutların olmaması, dövlətin bir insanın şəxsiyyəti üzərində qurulması qazax xalqını belə ağır duruma salıb. Bundan sonra hər şey qazax xalqının iradəsindən asılı olacaq. Onlar mütəşəkkil müqavimət təşkil edə bilsə, hərçənd indiki şəraitdə bu mümkünsüz görünür, Qazaxıstanın dövlət müstəqilliyini qoruya biləcəklər. Bunu edə bilməsələr ,özlərinə gəlib toparlana qədər, bir müddət rusların əlinin altında yaşamalı olacaqlar.
- Rusiya Qazaxıstanın daxili işinə niyə belə açıq müdaxilə etdi?
- Hazırda dünyada beynəlxalq hüquq ayaqlar altına atılıb. Güclülər kiçik dövlətlərin suveren hüquqlarını,ərazi bütövlüyünü pozur, onlara həqarət edirlər. BMT isə mənasız qurumdur, kimlər üçünsə yalnız iş yeridir.
Əvvəllər yeni yaranmış dövlətlər daha çox beynəlxalq hüquqa və ali dəyərlərə sadiq olduğunu bəyən edən Qərb ölkələrinə müəyyən ümidlər bəsləyirdi. Hazırda Qərbin ifrat liberallaşması, yeni üçüncü cinsin həmin ölkələrdə peyda olması güclü liderlərin önə çıxmasına imkan vermir. Həm də nəzərə alsaq ki, korrupsiya həmin ölkələrdə gündən-günə daha da geniş yayılmaqdadır, hər şey aydın olur. Məsələn, 20-30 il öncəki Fransanın liderləri ilə indikiləri müqayisə edin. İndikiləri yeri gələndə hətta qalstukundan tutub sürüyürlər də. ABŞ-da isə cəmiyyət bölünüb, orda da liderlər daxildə bir-birinə qalib gəlmək üçün hər şeyə hazırdılar. Rusiya əmindir ki, heç kim onlara qarşı çıxmayacaq. 2014-cü ildə Krımı tutarkən vitse-prezident olan Baydeni də dişlərinə vurublar. Mövcud şəraitdə Rusiyanı dayandıra biləcək yeganə güc Çindir. Onun isə Qərblə münasibətlərində ciddi problemləri olduğu üçün heç nəyə qarışmır, Rusiyanın Qərbi alçaltmasını ləzzətlə izləyir.
- Belə bir şəraitdə Azərbaycanın dövlət müstəqilliyinə təhlükə varmı?
- Müstəqilliyimizin təminatçısı ilk növbədə Azərbaycan xalqı və onun Prezidentidir. İlham Əliyev Nazarbayev deyil və inanıram ki, müstəqilliyimizin qorunub saxlanılması üçün sona qədər mübarizə aparacaq. İkinci təminat Türkiyədir. Ona da inanıram ki, Türkiyə 100 il bundan öncə olduğu kimi Azərbaycanın müstəqilliyindən vaz keçməyəcək və ehtiyac olsa Azərbaycanın müstəqilliyi uğrunda vuruşacaqdır. Rusiya öz qonşularının suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalı, düşmən xalqlar arasında yaşamaq yolunu seçməməlidir. Başqa imperiyalar qurmuş xalqlar qurduqları imperiyaların dağılması ilə barışdıqları kimi ruslar da SSRİ-nin dağılması ilə barışmalıdırlar. Biz Rusiya ilə dost və bərabər hüquqlu münasibətlər qurmuşuq və əməkdaşlığımızı inkişaf etdirə bilərik. Amma hər kəs anlamalıdır ki, Azərbaycan öz suveren hüquqlarından heç vaxt imtina etməyəcək. Rusiya Azərbaycanın Qarabağda öz torpaqları üzərində suverenliyini bərpa etməsinə mane olmamalıdır.скачать dle 12.1