Bia.Az

MOSKVA GÖRÜŞÜNDƏ DƏ ÇÖZÜLMƏYƏN PROBLEMLƏRİ NECƏ HƏLL ETMƏK OLAR? - Azərbaycan Türkiyəni prosesə qoşmalıdır...

Siyasət
 13-01-2021, 20:15     308

Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin keçirdiyi üçtərəfli görüşdə Qarabağdakı mövcud problemlərin müzakirə olunması barədə hər hansı açıqlama verilmədi.
 
Söhbət Azərbaycanın ərazi bütövlüyünün tanınmasından, Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılmasından, Rusiya sülhməramlılarının mandatdan kənar fəaliyyətindən, onların erməni separatçıları ilə sıx iş birliyindən, Xankəndində qanunsuz idarəçilik formalaşdırılmasından və Azərbaycan üçün Kəlbəcər, Şuşa yolunun açılmasından, Laçın dəhlizindən maneəsiz istifadə etmək imkanı yaradılmasından gedir.
Liderlər mətbuata çıxışlarında yalnız razılaşdırılan məsələdən danışdılar. Bu da özündə 10 noyabr razılaşmasında əksini tapan 9-cu maddənin yerinə yetirilməsi ilə bağlı niyyətin ifadə olunmasını ehtiva edir.
Həmin maddədə qeyd olunur ki bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir: "Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Nəqliyyat dəhlizlərinin açılmasının Rusiya üçün ciddi əhəmiyyəti var, Moskva bu kommunikasiya vasitəsi ilə yüklərin quru yolla Türkiyəyə daşınmasına nail olur. 
Bu, şübhəsiz ki, bizim üçün də önəmli məsələdir. Bakıda öz avtomobilinə əyləşən vətəndaşlarımız Naxçıvana və əks istiqamətə rahat gedib-gələ biləcək, İran vasitəsilə Naxçıvana daşınan yüklər daha qısa marşrutla - şose və dəmir yolu ilə Ermənistan ərazisindən göndəriləcək. Rusiyanın nəzarətində də olsa, Türkiyə ilə aramızda quru əlaqəsi və qarşılıqlı ticarət baxımından Gürcüstan yoluna nisbətən daha qısa məsafəli marşrut yaranacaq və sair...
Ermənistana gəldikdə, kommunikasiyaların bu şərtlərlə açılması İrəvanı da tamamilə qane edir. Çünki Rusiyanın dəstəyi ilə Azərbaycanın ərazi bütövlüyünü tanımadan, Qarabağdakı silahlı birləşmələri çıxarmadan, Kəlbəcər, Şuşa yolunu açmadan iqtisadi blokadadan çıxmağa nail olur.
Belə ki, Ermənistan Azərbaycan üzərindən Rusiya, Türkiyə və İrana çıxış əldə edəcək. Qarabağ münaqişəsinin davam etdiyi 30 il ərzində Azərbaycan bu yolları bağlayaraq Ermənistanı iqtisadi blokadada saxlayırdı. İndi yeni reallıqlara görə, Bakı siyasətini dəyişir, regionda 6 tərəfli əməkdaşlığın yaranmasında maraqlı olduğunu nümayiş etdirir.
Moskva görüşünün nəticələrindən sual doğuran əsas məsələ Azərbaycanın bəzi ərazilərinin hələ də qanunsuz erməni silahlılarının nəzarətində qaldığı və Rusiyanın bölgədə separatçılarla birgə qanunsuz fəaliyyət göstərdiyi şəraitdə iqtisadi açılımın necə baş verəcəyidir.

Azərbaycana ölkənin bir hissəsinə nəzarətinə imkan verilmirsə, işğalçı ölkəyə nəfəslik vermək strateji baxımdan nə dərəcədə doğrudur? Bəs yuxarıda qeyd olunan problemlər necə həll olunacaq, bu istiqamətdə üçtərəfli formatda dialoq davam etdiriləcəkmi?
Moskva görüşündə bu barədə hər hansı fikir bildirilmədi. Əlbəttə, Rusiya prezidenti V. Putinin dəvəti fundamental problemlərin həlli ilə bağlı müzakirələr üçün yaxşı imkan idi. Görüşün 4 saatdan artıq davam etməsi də bu istiqamətdə müzakirələrin aparıldığına şübhə yeri qoymur. Amma nəticə yoxdur, ona görə də liderlər onlar haqqında danışmamağa üstünlük veriblər.
Nəticəsizliyin əsas səbəblərinə gəldikdə, təbii ki, bu prosesdə arbitr rolu oynayan Rusiyanın maraqları əsas rol oynayır. Hazırki vəziyyət Moskvanı tamamilə qane edir. Qarabağ problemi həll edilməmiş qalır, Putinin tədbirincə desək, status məsələsi gələcəyə saxlanılır. Problemin qeyri-müəyyənlik içində qalması isə sülhməramlı missiyanın davam etdirilməsinə zəmin yaradır. Bu ehtiyacı daha da qüvvələtləndirmək üçün Qarabağa ermənilərin köçürülməsi davam etdirilir, onların sosial, humanitar problemləri həll edilir.
Ermənistana gəldikdə, hazırda 44 günlük müharibədən ağır məğlubiyyətlə çıxan Paşinyan iqtidarı Rusiyanın idarə etdiyi prosesə yön vermək iqtidarında deyil. Onun əsas problemi daxili siyasi böhranı həll etmək, hakimiyyətinin təhlükəsizliyini təmin etməkdir. İrəvan Qarabağ məsələsini yalnız ritorikada saxlayıb, qalan bütün məsələləri Moskvanın ixtiyarına buraxıb. İndi Xankəndindəki qondarma, cinayətkar rejim yalnız Rusiyanın maddi, siyasi və hərbi dəstəyinə ümidlidir.


Ermənistan rəhbərliyi ilə kifayət qədər dərin ziddiyətlər içərisindədir. Proqnozlaşdırmaq olar ki, Paşinyan yaxın gələcəkdə daxili sabitliyi təmin edərsə, İrəvan tədricən Qarabağ prblemindən uzaqlaşmağa çalışacaq. Çünki müharibə göstərdi ki, Qarabağ məsələsini Ermənistanın xeyrinə həll etmək cəhdləri tamamilə iflasa uğradı. Erməni xalqı siyasi liderlərin ambissiyalarının qurbanına çevrilərək, ağır itkilər yaşadı. Ona görə də prosesin əvvəlki qaydada aparılması cəhdlərinə daxildən ciddi dəstək yoxdur. Hakimiyyət də bu reallıqları nəzərə alıb, Qarabağ probleminin de-fakto Rusiyanın məsələsinə çevirməyə çalışacaq.
Əlbəttə, Azərbaycan da bu tendensiyanı izləyir. Moskva görüşü rəsmi Bakının Azərbaycanın Qarabağın bütün ərazisində tam suverenliyinin təmin edilməsində israrlı olduğunu, oradakı erməni silahlılarını terrorçu kimi qəbul etdiyini, cəmiyyəti narahat edən problemlərin həllinə çalışdığını bir daha nümayiş etdirdi. Görünən odur ki, Azərbaycan hakimiyyəti bu məsələləri Rusiya ilə anlaşaraq həll etməyə çalışır. Əlbəttə, mövcud vəziyyətdə bunu ən optimal variant hesab etmək olar.
Ancaq Moskvanın Azərbaycanı narahat edən problemlərin həllində maraqlı olacağı ehtimalı çox azdır. Ona görə də rəsmi Bakının Qarabağla bağlı hüquqi, siyasi problemləri həll etmək üçün Rusiya ilə daha ciddi və intensiv müzakirələrə başlaması zəruridir.
Təbii ki, Moskva ilə birbaşa danışıb, inandırıb onun maraqlarını dəyişmək çətin məsələdir. Ona görə Azərbaycan strateji müttəfiqi Türkiyənin prosesə cəlb olunmasına çalışmalıdır. Ankaranın siyasi və hərbi gücü yanına almaqla Azərbaycan danışqlarda Rusiyanı müəyyən məsələlərdə konustuktiv mövqe tutmasına səbəb ola bilər.

Eyni zamanda siyasi islahatların aparılması, daxildə milli birliyin gücləndirilməsi, Türkiyə və Pakistanla siyasi-hərbi əməkdaşlığın, eləcə də, ölkəmizin ərazi bütövlüyünə hörmət edən Qərb dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi də Azərbaycanın mövqelərini gücləndirə, Qarabağın bütün ərazisində dövlət suverenliyimizi daha tez bərpa etməyə imkan verər.
Hər halda Rusiyaya daha da yaxınlaşaraq onun regional təşkilatlarında təmsilçilk əldə etməklə Kremlin mövqeyini dəyişmək real görünmür. Ən azı Rusiyanın xarici siyasətində hələ ki, belə presedent yoxdur...
Elçin Rüstəmliскачать dle 12.1