Laçından səslənən mesajlar dostları sevindirdi, düşmənləri məyus etdi

"Dünyanın siyasi konfiqurasiyası sürətlə dəyişməkdədir. Bu konteksdən baxdıqda bir çox ölkələr həm ikitərəfli, həm də çoxtərəfli fonda siyasətini formalaşdırır, mövqeylərini müəyyən edərək addımlarını ona uyğun atırlar".
Bunu Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İsgəndərov deyib.
Deputat vurğulayıb ki, Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra bölgədə yeni siyasi mənzərə formalaşıb:
"Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında təkcə regionda deyil, eyni zamanda qlobal anlamda yüksək nüfuz və hörmətə malik dövlətə çevrilib. Bununla yanaşı, dünən Laçında baş tutan Azərbaycan - Türkiyə - Pakistan liderlərinin Zirvə görüşündə dünyaya mühüm mesajlar verildi. Laçın hava limanının açılması və bu mərasində qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi Azərbaycan - Türkiyə qardaşlığının nə qədər sarsılmaz olduğunun daha bir təzahürü idi. Ərdoğan Qarabağ və Şərqi Zəngəzurda istifadəyə verilən üçüncü hava limanının açılışında iştirak etdi. Bu, "bir millət, iki dövlət" anlayışını bir daha təsdiq edir. Pakistan Baş naziri Şahbaz Şərifin isə İran və Türkiyədən sonra Azərbaycana səfərini minnətdarlıq jesti kimi qiymətləndirmək olar. Pakistan Azərbaycanın yanında olduğunu ifadə edir, rəsmi Bakı da bütün məsələlərdə Pakistanla həmrəy olduğunu göstərir. Bu səfər Hindistanla olan münaqişə fonunda Pakistanın Azərbaycan və Türkiyə ilə yan-yana olduğunu bir daha təsdiq edir".
V.İsgəndərov qeyd edib ki, Şərqi Zəngəzurda verilən mesajlar dostları sevindirdi, düşmənləri isə məyus etdi:
"Görüşün Laçında, özü də Müstəqillik Günündə gerçəkləşməsi düşmənlərimizi məyus etdi. Üç ölkə liderinin verdiyi bəyanatlarda qeyd olunur ki, Azərbaycan, Türkiyə və Pakistan bundan sonra da siyasi, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq edəcəklər, beynəlxalq platformalarda bir-birilərini dəstəkləyəcəklər. Zirvə görüşü üç ölkənin beynəlxalq siyasət sistemindəki birgə addımlarnı və güclərini birləşdirməyi ifadə edir. Təbii ki, Laçındakı görüş üç ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrini zirvəyə daşıyacaq. Bu cür münasibətlər özündə qardaşlıq əlaqələrini təcəssüm etdirir"