Putinin Bakıda verdiyi təklif Türkiyədə reallaşa bilər – Mühüm gözlənti

Son günlər yenidən “3+3” formatında görüşün Türkiyədə keçirilib-keçirilməyəcəyi ilə bağlı məsələlər gündəmə gəlib. Xatırladaq ki, bu formatı Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Rusiya Prezidenti Vladimir Putin Bakıda səfərdə olanda ayrı-ayrılıqda müzakirəyə çıxartmışdılar.
Gürcüstanın Rusiya ilə münasibətlərində dönüş olduğu üçün rəsmi Tbilisi bu formatda təmsilçiliyə müsbət baxacaqmı?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Elçin Mirzəbəyli deyib ki, “3+3” formatında görüşün Türkiyədə keçirilməsi mümkündür:
“Mövcud şərait, regionda və dünyada yaranmış reallıqlar indiki şəraitdə belə bir görüşün keçirilməsini zəruri edir. Prosesdə Gürcüstan və Ermənistanın iştirak edəcəyi ilə bağlı fikir söyləmək çox çətindir. Rəsmi İrəvanın bununla bağlı mövqeyi də açıqlanmayıb. Gürcüstan da baş verən hadisələrdən (Xarici Agentlər Haqqında qanunun qəbul edilməsi) sonra Rusiya ilə münasibətlərdə müəyyən dönüş yaransa da indiki şəraitdə rəsmi Tbilisinin belə bir görüşə qatıla biləcəyi ehtimalı çox azdır”.
Siyasi şərhçi Aydın Quliyev isə məsələyə belə yanaşıb:
““3+3” formatı təəssüf ki, bölgəmizdə sülhsevər iradənin nümayişindən başqa bir şey deyil. 6 dövlətin bir çoxu bölgədə sülh və əmin-amanlığın dayanıqlı reallığa çevrilməsində maraqlı deyil. Söhbət Azərbaycan və Türkiyədən getmir. Onlar əksinə, regionda sülhün bərqərar olması üçün çalışırlar. “3+3” formatı çərçivəsində Gürcüstan proseslərə qoşulmur. Ermənistan isə qoşulmaqla bölgəyə yad qüvvələrin gətirilməsi yolunda özünə maneə yaradacığının fərqindədir. Buna görə də Qərb müttəfiqləri ilə əlaqələrinin kəsilməməsi üçün İrəvan bu formatda maraqlı deyil”.
Siyasi şərhçinin fikrincə, formatın gerçəkləşməsində mane olan amillər var:
“Birincisi, Ermənistanın Qərb ölkələri ilə yaxınlaşmaq və o qüvvələri bölgəyə gətirmək siyasəti ilə bağlıdır. “3+3” formatı bu perspektivlə uzlaşmır. Çünki bu format bölgə problemlərinin region dövlətlərinin əli ilə həlli deməkdir. İkincisi isə Gürcüstanın eyni əməkdaşlıq formatında Rusiya ilə birgə olmaq istəməməsidir. Bu iki faktor “3+3”-ün gerçək əməkdaşlıq formatına çevrilməsinə maneə yaradır”.