İrəvanla gizli danışıqların detalları: “Məsələ dəhliz deyil, o ərazilərdir”

“APRI Armenia” analitik mərkəzinin nümayəndəsi Sergey Melkonyanın Zəngəzur dəhlizi ilə bağlı irəli sürdüyü versiya diqqət çəkib. O, Ermənistanla Azərbaycan arasında bəzi razılaşmaların olduğunu, ilkin mərhələdə hansısa özəl beynəlxalq təşkilatın dəhlizə nəzarət edəcəyini iddia edib.
“Əvvəlcə hansısa beynəlxalq özəl şirkət Zəngəzur dəhlizinə nəzarət edəcək. Sonra birgə nəzarət həyata keçiriləcək. Yavaş-yavaş etnik azərbaycanlıların ora (yəni Zəngəzura) köçürülməsinə başlanılacaq. Nəticədə İran Ermənistanla sərhədini itirəcək”, –Melkonyanın iddiasında qeyd olunur.
Həmçinin ABŞ-ın Zəngəzur dəhlizinin açılmasında ciddi marağının olduğu deyilir. Bu mənada gizli danışıqlar versiyasının Vaşinqtonun nəzarətində aparıldığına dair iddialar var.
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması üçün həlli vacib olan bir sıra məsələlər var:
“Onlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu məsələ ilə bağlı həm Bakı ilə İrəvan, həm də qlobal güclər arasında müəyyən bir rəqabət var.
Regionun əsas ölkələri Rusiya və Türkiyə dəhlizinin açılmasında maraqlıdırlar. Moskva isə ümumiyyətlə dəhlizə özünün nəzarət etməli olduğunu düşünür. Bu nə Bakının, nə Ankaranın, nə də İrəvanın ürəyincədir.
Qərb isə son bir ilə qədər məsələyə təmkinli və məsafəli yanaşırdı. Lakin ABŞ Qərbin bu təmkinli mövqeyini pozaraq Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu bildirdi. Vaşinqton Kremllə dəhliz üzərində ciddi rəqabətdədir”.
Oqtay Qasımov
Politoloqun sözlərinə görə, ABŞ dəhlizin Ermənistanın suverenliyi çərçivəsində açılmasını istəyir:
“Vaşinqton Zəngəzur dəhlizinə Ermənistanın nəzarət etməli olduğunu deyir. Suverenlik məsələsində Bakının xüsusi tələbi olmasa da, İrəvanın dəhlizə nəzarət etməsi bizim maraqlarımıza uyğun deyil. Çünki 10 noyabr bəyanatında maneəsiz hərəkət anlaşıyı var. Bunun sıradan çıxmasına icazə verə bilmərik.
O ki qaldı Melkonyanın versiyasına, bu, sadəcə onun düşüncələridir. Bakı ilə İrəvan arasında gizli danışıqların olması mümkündür, lakin motiv bilinmir. Yəni bu dəhlizlə bağlı deyil, anklav, eksklavlarla da bağlı ola bilər”.