İran-İsrail müharibəsi başlasa, Azərbaycanı nə gözləyir? – Qorxunc proqnoz

Son günlər İsrail və İran arasında münasibətlərin daha da kəskinləşməsinin şahidi oluruq. HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İranın İsrailə hücum edəcəyi ilə bağlı hər gün xəbərlər yayılır, müzakirələr gedir.
Əgər gözlənilən müharibə baş verərsə, ölkəmizin təhlükəsizliyinə, iqtisadiyyatına nə kimi təsir edər? Humanitar fəlakətlə üzləşmək ehtimalı varmı? İran əhalisi ən yaxın və əlverişli ölkə kimi Azərbaycana köç edərmi?
Fərhad Məmmədov
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, İsrail və İran arasında müharibə ehtimalı azdır:
“İran və İsrail bir-biri ilə həmsərhəd ölkələr deyil. Müharibələr qurudan və havadan olur. Yerdə ən böyük ehtimal İsrailin Livana girməsidir. Bu da İsrailin orda ilişib qalmasına səbəb olacaq. Havadan isə bir-birilərinə raket zərbələri endirə bilərlər ki, bu da İran əhalisi üçün gözəgörünməz olacaq. Azərbaycana İran əhalisinin köçü gözlənilmir. Rəsmi Tehranda qatı anti-Azərbaycan qüvvələr rəsmi Bakıdan təhlükələrin olduğunu desələr də ən böyük təhdid Yaxın Şərqdən gəlir”.
Samir Hümbətov
Politoloq Samir Hümbətovun sözlərinə görə, İran-İsrail münasibətləri gərgin olsa belə, müharibəyə çevrilmə ehtimalı yoxdur:
“Müharibə baş verərsə, daha böyük areala yayılacaq. Üçüncü Dünya müharibəsini real edə bilər. Proksi qruplar vasitəsilə İranın İsrailə zərbə endirməsi istisna deyil. Əgər müharibə baş verərsə, o zaman ölkəyə qaçqın axını ola bilər ki, bu da Azərbaycan üçün arzuolunmaz haldır. Birdən-birə ölkəyə çox sayda insanın gəlişi iqtisadi çətinliklər yaradacaq. Bu da humanitar fəlakətlərə səbəb olacaq. Azərbaycan bölgədə sabitliyin olmasını istəyir”.
Xalid Kərimli
İqtisadçı ekspert Xalid Kərimli isə məsələnin iqtisadi tərəfini belə izah edib:
“İran-İsrail müharibəsi baş verərsə, neft-qaz qiymətləri kəskin bahalaşacaq. Gəlirlərimizin 90 faizindən çoxu neft-qazdan gəlir. Yəni Yaxın Şərqdə müharibənin genişlənməsi enerji qiymətinin, nəticədə Azərbaycanın əsas gəlirlərinin artmasına səbəb olacaq.
Lakin məsələnin mənfi tərəfləri də var. İranla ticari əlaqələrimiz bir o qədər yaxşı deyil. İrandan tranzit yüklərimiz keçir. Çin, Hindistan, Pakistan və Şərqdən gələn yüklərin bir qismi İranın Bəndər-Abbas limanından keçərək ölkəmizə daxil olur. Müharibə səbəbindən limanın bağlanması Azərbaycan üçün müəyyən problemlər yarada bilər”.