Bia.Az

İmperiya ambisiyası qızışır - “Azərbaycana ordu yeritmək istəyirlər”

Siyasət
 10-04-2024, 13:20     315

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan hərbçiləri son günlərdə tez-tez Naxçıvan və Zəngəzur istiqamətində atəşkəsi pozurlar. Yeddi aylıq sakitlikdən sonra ilk dəfədir ki, belə təxribatlar silsilə xarakter almağa başlayıb. Nə baş verir, niyə bunun üçün Naxçıvan və Zəngəzur istiqamətləri seçilib?

- Əslində, təkcə Naxçıvan yox, Gədəbəy, Balakən və Tovuzu da atəşə tuturlar. Məsələ budur ki, artıq Qarabağ olmadığına görə, şərti sərhəddə Azərbaycanı təxribata çəksinlər, Azərbaycan da bu xətti keçib onların cavabını versin. Bu, təkcə Qərbin yox, İran və Rusiyanın da maraqlarına uyğundur. İran Zəngəzur dəhlizinin açılmasını istəmir.

Başqa variantlar təklif edirlər: gah Pəmbək, gah da Biçənəkdən dəhlizin açılması məsələsini gündəmə gətirirlər. Görünən budur ki, Azərbaycanı yeni təxribata çəkməyə çalışırlar, buna görə də intensiv atırlar. Fikirləşirlər ki, Azərbaycan ordusu eyforiyadadır, istənilən addımı ata bilər. Amma Azərbaycan bu təxribata getməyəcək.

- Keçmiş müdafiə naziri Seyran Ohanyan və onun kimi digər hərbi cinayətkarlar Ermənistan ordusunu ölkə rəhbərliyinə tabe olmamağa, 4 kəndin Azərbaycana qaytarılmasına mane olmağa çağırırlar. Ermənistan ordusunun intensiv xarakter alan bu çağırışlara cavabı necə olacaq?

- Ermənistan ordusu birmənalı şəkildə Rusiyanın nəzarətindədir. Rusiyaya bağlı generalitet ordunun başındadır, belə şeylər onlara lazımdır. Yəni ordu Paşinyanın əleyhinədir. “Daşnaksütyun”, erməni kilsəsi və “Qarabağ klanı”nın məqsədi budur ki, hansı yolla olur-olsun Azərbaycanl təxribata çəksinlər.

Ermənistan istəsə də, istəməsə də 4 kənd məsələsi həll olacaq, bu mübahisələndirilmir. Amma bir də 4 eksklav məsələsi var. Azərbaycan ordusu bu eksklavlarda yerləşdirilməlidir. Bu o deməkdir ki, Ermənistanın Gürcüstana yeganə və əsas çıxış yolu Azərbaycanın nəzarətinə keçir. Paşinyan da ikiüzlü siyasət yürüdür.

Ermənistanı qızışdırıb Azərbaycanın üstünə salmaq hamının – Rusiya, ABŞ, Avropa Birliyi, Fransa və İranın maraqlarına uyğun gəlir. Məqsəd Türkiyənin bölgədəki mövqelərini zəiflətmək, Ermənistan-Azərbaycan müharibəsini başlatmaqdır. Rusiya bundan sonra çalışacaq ki, KTMT Nizamnaməsinin 4-cü bəndinə (“Kollektiv müdafiə”) uyğun olaraq, Azərbaycanda ordu yerləşdirsin. Yəni Rusiyanın imperiya siyasəti yenidən əvvəlki səviyyəyə qaytarılsın. Hazırda bunları etməyə çalışırlar.

- Müharibə ehtimalı nə qədərdir və belə bir gəlişmə Ermənistana nə vəd edir?

- Azərbaycan heç vaxt müharibəyə getməyəcək. Azərbaycan Prezidenti uzaqgörən, ağıllı siyasətçidir. Dediyim kimi, məqsəd bizi belə bir müharibəyə çəkməkdir. Çalışırlar ki, uğurlarımızı əlimizdən alsınlar. Belə bir təxribatı törədərək Azərbaycanı “işğalçı statusu”nda vermək, bütün dünyanı əleyhimizə ayağa qaldırmaq istəyirlər. Hələ 30 illik işğal dövründə təcavüzkarı – erməniləri necə müdafiə etdiklərini görmüşük. İndi də onların arxasında duran qüvvələri görürük.

Böyük güclərin Cənubi Qafqaz siyasəti var, ermənilər də burada alət rolundadır. Azərbaycan tərəfindən müharibə ehtimalı sıfıra bərabərdir, bəli, Ermənistan tərəfindən 100 faizdir. Amma müharibə olsa, Ermənistanda hakimiyyət dəyişəcək. Məqsədlərdən biri də elə hakimiyyəti dəyişməkdən ibarətdir. Həmçinin fürsətdən istifadə edərək Azərbaycan ərazilərinin yenidən işğal edilməsinə cəhdlər də ola bilər. Çoxsaylı gizli layihələrin olması mümkündür. Bunlar bizə əl vermir, ona görə də bizim tərəfimizdən müharibə ehtimalı yoxdur.

- Brüsseldə ABŞ və Avropa Birliyi ilə keçirilən görüş Ermənistanın gözləntilərini doğrultdumu?

- Konfidensial söhbətlə bağlı heç kim heç nə bilmir. Arif Yunus da Amerikada otura-otura özündən bir şey “kəşf” edib. Yəqin ermənilər qohum-əqrəbası olduğuna görə ona nəsə deyiblər. Guya Azərbaycan masada uduzub. Məqsədləri Azərbaycanda insanları ruhdan salmaq, qorxu yaratmaqdır. Bu, Arif Yunusdan gözlənilən bir şeydir, qanı qarışıq adamdır.

Bütün hallarda Brüsseldə olan söhbətlərin məğzini bilmirik, ancaq ehtimal vermək olar. ABŞ “iqtisadi dəstək” məqsədilə ilə Ermənistan 65 milyon dollar, Avropa Birliyi də 75 milyon avro verəcək. Bunlar nəinki Ermənistan iqtisadiyyatını qaldırmaq, heç “Metsamor”u təmir etmək mümkün deyil. Əslində, bu, iqtisadi yox, siyasi layihədir. Bu layihənin arxasında da hərbi məqsədlər durur. SEPAH-ın xətti ilə İrandan Ermənistana silahların verilməsi, Hindistanın silah göndərməsi, Yunanıstanın bu işin içində olması təsadüfi deyil.

Görünən budur ki, Azərbaycana qarşı təxribat hazırlanır. Bu təxribatların arxasında da maraqlar var. Bu mənada İran, Fransa, ABŞ və Avropa Birliyinin maraqları üst-üstə düşür, Rusiyanın da öz hesabları mövcuddur. Bilirsiniz, maraqlar üst-üstə düşəndə düşmənlər də bir araya gələ bilirlər.

Brüssel görüşünə gəlincə, hələlik toplantıdan keçən bir neçə gün ərzində bir hərəkətlilik yoxdur. Gözləmək lazımdır. Çünki Paşinyan peşəkar siyasətçi deyil, həm də adamın ağzı yırtıqdır. Mütləq adamlarını başına yığıb hər şeyi açıb tökəcək, Ermənistanda da bunu gözləyirlər. Yəni ən dəqiq məlumatı Paşinyanın özündən alacağıq, mən belə görürəm.

- Yaxınlarda Özbəkistanda Orta dəhlizlə bağlı Mərkəzi Asiya ölkələri və Avropa Birliyi arasında sammit keçiriləcək. Azərbaycanın bu dəhlizdəki önəm və rolunu nəzərə alsaq, Avropa Birliyi ölkəmizlə bağlı mövqeyinə əl gəzdirə bilərmi?

- Onların maraqları daha çox İranla bağlıdır, Ermənistanı həm də buna görə qızışdırırlar. Paşinyan “Sülh qovşağı” adlı bir layihə irəli sürüb. Məqsədləri Kəlbəcər istiqamətində Pəmbəkdən dəhliz açıb Türkiyəyə çıxmaq, Naxçıvanı kənarda qoymaqdır. İndi başqa bir layihə gündəmə gətiriblər: “Biçənək projesi”. Əlbəttə, bu, İranın layihəsidir. Hər iki layihə həddindən artıq bahadır, dağların üzəri və altında yollar çəkmək, tunellər açmaq asan məsələ deyil, çox vaxt və maliyyə tələb edir. Bu yolların çəkilməsi üçün milyardlar xərclənməlidir. Bu, bitməz işdir. Bununla “biz təklif etdik, Azərbaycan qəbul etmədi” kimi bir saxta görüntü yaratmağa çalışırlar.

İranın da məqsədi budur ki, bu yollar çəkilənə qədər Azərbaycan onun ərazisindən istifadə eləsin, gəlirləri də özü götürsün. Bu kimi layihələrlə Naçıvana yolun qarşısını almaq, ümumiyyətlə, Azərbaycanı oyundan kənarda saxlamağa çalışırlar.

Bilirsiniz, Türk Dövlətləri Təşkilatında vahid konsensus yoxdur. Burada Qazaxıstan bir qədər başqa mövqedə çıxış edir, Türkiyənin daxili problemləri var. Bütün bunlara baxmayaraq, Türkiyə Azərbaycanın yanında olacaq, yanındadır. Özbəkistan da var. Qırğızıstan da bu işin içindədir, amma o, balaca dövlətdir. Orta Asiyada həlledici dövlət Qazaxıstan və Özbəkistan olmalıdır, Cənubi Qafqazda da Azərbaycanla Türkiyə.

Avropa Birliyi Türkiyənin Cənubi Qafqazdakı mövqeyini qəbul eləmir, qəbul etmək də istəmir. Əlbəttə, istəyərlər ki, Türkiyə burada zəifləsin. Görünən budur ki, Azərbaycanın da, Türk Dövlətləri Təşkilatının da başqa şansı yoxdur, biz bir arada olmalıyıq, biz bir yerdə güclüyük. Bu baxımdan ağıllı bir strategiya qurulacaq. Bu layihə - Türk Dövlətləri Təşkilatı Azərbaycanda göz açıb. Müasir dünyada Türk Dövlətləri Təşkilatı qədər sürətlə təşkilatlanan, güclənən və dünyada mövqe tutan başqa bir beynəlxalq qurum yoxdur. Qoşulmama Hərəkatını da bütün dünyaya Azərbaycan tanıtdı.

İnanıram ki, Azərbaycan Avropa Birliyini bu işə (dəhliz) cəlb edəcək. Bu, Avropa Birliyinin də marağına uyğundur. Avropa Birliyinin özü də Azərbaycanla işləməkdə maraqlıdır. Belə bir gəlişmə gözləyirəm.
скачать dle 12.1