Bia.Az

Qərb Qarabağ məsələsinin bitməsi ilə barışır? - Açıqlama

Siyasət
 9-04-2024, 11:52     477

Politoloq Anar Əliyev: "Ermənistanı Rusiyanın nəzarətindən xilas etməyin bir yolu da bölgəyə, eləcə də təsir imkanına çevrilən Qarabağ və Qarabağ erməniləri kartından xilas olmaqdır"

ABŞ dövlət katibi, Avropa Komissiyasının Prezidenti və Ermənistan baş nazirinin 5 aprel Brüssel görüşü ətrafında siyasi intriqa davam edir. İndi ən çox maraq doğuran məqam “üçlü format”da danışıqlardan sonra rəsmi İrəvanın, baş nazir Nikol Paşinyanın özünü Azərbaycana, sülh gündəliyinə münasibətdə necə aparacağı ilə bağlıdır. 
Brüsseldə Ermənistana maliyyə və informasiya dəstəyinin veriləcəyi açıqlandı. ABŞ dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyeyen və Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel mətbuat qarşısında çıxışlarında Ermənistana təhlükəsizlik təminatı və ya hərbi yardımla barədə heç nə demədilər. Bir sıra siyasi təhlilçilərin fikrincə, mümkündür ki, bu mövzu qapalı dairədə müzakirə olunub, hərbi yardımın indiki mərhələdə açıqlanması lazım bilinməyib. 
ABŞ və Avropa Birliyi rəsmiləri Brüsseldə Qarabağ ermənilərinə maliyyə ayıracaqlarını bəyan etdilər. Bu maliyyənin Qarabağ ermənilərinin Ermənistan cəmiyyətinə inteqrasiya və yerləşməsi üçün ayrılacağı vurğulandı. 
Bu addım Qərbin Qarabağ məsələsini artıq qapanmış sayması hesab oluna bilərmi? Yəni Azərbaycana daha etnik təmizləmədə suçlamayacaqlar? Bundan əlavə, Qərbin ayırdığı maliyyə həqiqətənmi Qarabağdan getmiş erməniləri Ermənistana geridönməz şəkildə bağlaya bilər? 
Anar Əliyev: “Rusiya həm region xalqlarına və dövlətlərə, həm də beynəlxalq  ictimaiyyətə göstərdi ki...” Pravda.az
Anar Əliyev
Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, 5 aprel görüşündə ictimaiyyətə açıqlanan məlumatlara əsasən Ermənistana Avropa İttifaqı çərçivəsində 280 milyon avro, ABŞ tərəfindən isə 65 milyon dollar məbləğində vəsaitin ayrılacağı razılaşdırılıb. Bu məbləğin bir qisminin Azərbaycanın Qarabağ bölgəsindən köçmüş ermənilərin Ermənistanda yerləşməsi və inteqrasiyası prosesi üçün ayrılacaq. Bu, əslində üzdə müsbət istiqamət kimi qəbul edilə bilən yanaşmadır. Alt qatda isə heç də bu cür deyil: “İlk baxışda sanki Qərb Qarabağa dinc erməni sakinlərin geri qayıdışı üzərindən bölgəyə təsir rıçaqından imtina etdiyi kimi görünə bilər. Əslində isə burada kifayət qədər ciddi bir riyakarlıq, ciddi bir hiyləgərlik gizlənir. Çünki Avropa İttifaqı da, ABŞ rəsmiləri də, bir çox Avropa siyasi liderləri də əvvəla, çox gözəl anlayırlar ki, Azərbaycanın Qarabağ bölgəsindən erməni əhali məcburi şəkildə çıxarılmayıb. İkincisi, onlar gözəl bilir ki, bölgəni tərk edən dinc sakinlərin böyük bir qismi Azərbaycana, Qarabağ bölgəsinə, Şərqi Zəngəzura qətiyyən aidiyyəti olmayan, işğal faktı dövründə müharibə cinayəti kimi qiymətləndirilən digər dövlətlərdən köçürülmüş ermənilərdir. Onların heç bir halda Azərbaycanın Qarabağ bölgəsində qalıb yaşaması reinteqrasiya prosesinin iştirakçısına çevrilməsi mümkün deyil. Üçüncü vacib məqam ondan ibarətdir həmin siyasi dairələr gözəl anlayır ki, Ermənistanı Rusiyanın nəzarətindən xilas etməyin bir yolu da bölgəyə, eləcə də təsir imkanına çevrilən Qarabağ və Qarabağ erməniləri kartından xilas olmaqdır. Qərbdə yaxşı bilirlər ki, bu amil Rusiyanın bölgəyə təsir imkanlarını artıra bilən amildir. Ona görə də Qərb bu gedişin edilməsi məcburiyyətindədir. Bu mənada hesab edirəm ki, burada həm də bir Qərb hiyləgərliyi dayanır. Bu, Azərbaycana qarşı ərazi iddiaları və Azərbaycan daxilində separatizmin kökünün kəsilməsi ilə razılaşmaqdan daha çox Rusiyanın bölgəyə təsir imkanlarının zəiflədilməsi istiqamətində atılan məcburi addımlardır və davamlı, köklü xarakter daşımayacaq”.
Politoloqun qənaətincə, bu planlarda gizlənən qorxulu məqamlardan biri ondan ibarətdir ki, Qərb Rusiyanın bölgəyə təsir imkanlarını yaxın dövrdə taktiki gedişlər baxımından əlindən aldıqdan, Rusiyanı bölgədən sıxışdırıb çıxardıqdan sonra bölgə dövlətlərinə, xüsusilə də müstəqil iradə nümayiş etdirən Azərbaycana təzyiq aləti formalaşdırmaq üçün separatizmin heç də birdəfəlik sıradan çıxmasına imkan vermək istəmir: “Məhz bunun nəticəsidir ki, biz separatçıların liderlərinin Avropada ard-arda görüşlərinin keçirildiyini, onların Qarabağ ermənilərinin təmsilçisi kimi qəbul edildiyini, hətta bir sıra görüşlərdə rəsmi statuslu şəxslər kimi qəbul edildiyini müşahidə edirik. Bu isə onu göstərir ki, indiki halda Qərb separatizm alətinin zəiflədilməsinə razılıq verib, amma birdəfəlik sıradan çıxarılmasını qəbul etmək istəmir. Ona görə də separatizmi hələ ki Azərbaycan daxilində deyil, bir qara yara olaraq Azərbaycandan kənarda qoruyub saxlamaq, lazım gəldikdə Azərbaycan daxilinə transfer etməyi planlaşdırır. Odur ki, Ermənistanın havadarlarının Azərbaycanı etnik təmizləmədə bir daha ittiham etməyəcəyi kimi iddialara inanmamalıyıq”.скачать dle 12.1