Bia.Az

Blinkenin Bakıya zənginin ŞİFRƏLƏRİ... - “Vaşinqton anlayır ki...”

Siyasət
 5-04-2024, 11:47     298

Aprelin 3-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

Telefon danışığı zamanı Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.

Onu da qeyd edək ki, Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.

Söhbət zamanı həm də Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarına dair müzakirə aparılıb. Azərbaycan lideri xarici işlər nazirlərinin sülh müqaviləsinin mətni üzrə Berlində apardıqları danışıqların prosesin irəlilədilməsi baxımdan faydalı olduğunu və danışıqların sürətləndirilməsinə ehtiyac olduğunu deyib.

Bununla yanaşı, dövlət başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb. Əliyev aprelin 2-də Parisdə Antoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan danışaraq, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdiyini bildirib. Bildirib ki, Azərbaycan 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata Bəyanatına sadiqdir.

Prezidentin qənaətincə, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq.

ABŞ rəsmisinin Azərbaycan liderinə zənginin məqsədi və aparılan müzakirə barədə AYNA-nın suallarını cavablandıran Milli Məclisin deputatı Rasim Musabəyov deyib ki, dövlət katibinin zəngi əslində onu göstərir ki, Fransadan fərqli olaraq, ABŞ-da Azərbaycanın əhəmiyyətini anlayırlar:

- Görünən odur ki, rəsmi Vaşinqton Bakı ilə münasibətlərin yaxşı olmasında maraqlıdır. Ona görə də ABŞ tərəfindən Azərbaycanla münasibətlərin saxlanmasına doğru addımlar atılır. Eyni zamanda, Azərbaycanın narahatlığı ABŞ-da anlaşılıb ki, Blinken Prezident İlham Əliyevə zəng etməyə ehtiyac hiss edib. Azərbaycan tərəfi də narahatlığını və narazılığını açıq şəkildə bildirmiş oldu. Onsuz da Bakının mövqeyinin nədən ibarət olduğu Vaşinqtonda bilinirdi. Prezident mövqeyimizi bir daha diqqətə çatdırmış oldu.

- Brüsseldə bu gün keçirilən görüşün nəticələri nə olacaq?

- Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı açıq şəkildə bildirdi ki, orada hərbi məsələlər yox, regional məsələlər yox, Ermənistana iqtisadi yardım məsələləri müzakirə olunacaq. Halbuki Fransanın xarici işlər naziri Brüssel görüşü ilə bağlı tamamilə fərqli sözlər dedi. Həm də fransız nazir bunu Blinkenlə görüşündə bildirdi. Bilinken isə bu ifadələrə hansısa reaksiya vermədi. Biz bunu görürük, amma fərz edirəm ki, Blinken bunu anlayır, Fransa XİN başçısının bəyanatının doğru olmadığı qənaətindədir. Fransa onsuz da hoqqabazlıqla məşğuldur. Bir müddət əvvəl Fransa Prezidenti Emmanuel Makrona sual vermişdilər ki, “Paris Ermənistana kömək vədi vermişdi, niyə etmədi?”. Makron cavabında bildirmişdi ki, “ABŞ-ın razılığını almamışam”. Maraqlıdır, indi razılığı alıb ki, Fransanın XİN başçısı Brüsseldə “Ermənistanın təhlükəsizliyi”, “Azərbaycanın Ermənistana hücum ehtimalı” kimi axmaq mövzuların müzakirə olunacağını deyir?! Blinken görüşlə bağlı fərqli ifadələr işlətdi, Ermənistana iqtisadi yardımdan danışdı axı.

- İqtisadi yardım demişkən, Ermənistana indiki dövrdə iqtisadi yardımın müzakirə olunması hansı zərurətdən qaynaqlandı?

- Bunun da arxasında Fransanın siyasəti dayanır. Nə oldu bəs, Ermənistan lovğalanır ki, dünyada ən böyük iqtisadi yardım nümayiş etdirirdi? İrəvan bəyan edirdi ki, az qala iki dəfə iqtisadiyyatı , üç dəfə ticarət dövriyyəsi artıb. İndi birdən-birə nə oldu ki, ABŞ, Avropa İttifaqı Ermənistan Baş naziri Nikol Paşinyanla bu ölkənin iqtisadiyyatını, iqtisadi yardımı müzakirə edir? Qərb kasıb ölkələrə kömək etmək istəyirsə, Moldovaya baxsın. Moldovanın vəziyyəti Ermənistanla müqayisədə daha pisdir. Niyə Kişinyova yardım etmirlər? NATO-nun keçmiş baş katibi, ermənipərəst Rasmussen “Ermənistanın dostları” adından müraciət edib ki, Ermənistanın iqtisadiyyatına kömək etmək vacibdir. Hətta bildirir ki, Ermənistanı Avropa İttifaqının energetika təhlükəsizliyinə qoşmaq lazımdır. Bu yanda Moldova pulsuz qalıb, qazsız qalıb, çətin vəziyyətdədir, amma onu yada salan yoxdur. Ermənistan Rusiyadan ucuz qiymətə qaz da alır, neft məhsulları da alır, amma Qərb yenə də Ermənistana iqtisadi yardımı müzakirə edir. Bütün bunlar Parisin məkrli siyasətinin nəticəsidir. Hesab edirəm ki, Vaşinqton ağılla bu siyasətə qarşı olmalıdır. Anlamalıdırlar ki, Ermənistanı tərəflərinə çəkməklə, ermənipərəst siyasətlə Azərbaycanı itirmək problemi yaşayacaqlar.

- Belə fikirlər var ki, Qərb Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq və Cənubi Qafqazda möhkəmlənmək üçün bu addımları atır...

- Birincisi, Qərbin Ermənistanı Rusiyanın əlindən alacağı sual altındadır. Ermənistanın Rusiyadan qopması üçün bir sıra məsələlər həllini tapmalıdır ki, bu, çətindir. Mən Rusiya ilə Ermənistan arasında imzalanmış sənədləri, Rusiyanın Ermənistandakı təsir rıçaqlarını sadalamaq istəmirəm. Bu rıçaqlar hər kəsə bəllidir, Ermənistana da, Qərbə də.

İkincisi, başa düşməlidirlər ki, Azərbaycanla düzgün münasibət qurmadan Qərb Cənubi Qafqazda möhkəmlənə, maraqlarını bilməz. Qərb Azərbaycana qarşı olmaqla, Ermənistan və Gürcüstan vasitəsilə bölgədə strateji maraqlarını qoruya bilməz.
скачать dle 12.1