Bia.Az

"Transmilli repressiya" ittihamı

Siyasət
 1-02-2024, 16:19     145

Azərbaycanı kim, nədə və nə məqsədlə günahlandırır?!


ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Azərbaycan hakimiyyətini sərt tənqid edib. Rəsmi Bakını tənqidçiləri və müxalifətçiləri təqib etməkdən əl çəkməyə çağırıb.

Senator X platformasında belə yazıb: “Azərbaycanda jurnalistlərə hücumlar, müxalifət xadimlərinin qanunsuz həbsi və transmilli repressiyalardan istifadə etmə - antidemokratik taktikadır. Bakı COP29 ərəfəsində beynəlxalq ictimaiyyətin bir hissəsi olmaq üçün siyasi məhbusları azad etməli və bu təqibləri dayandırmalıdır.”

Bu bəyanatdakı ifadələr əvvəllər də işlənib. Amma "transmilli repressiyalardan istifadə etmə" nəsə, deyəsən, yeni bir ittiham oldu. Azərbaycanın hansı transmilli repressiya keçirdiyi haqda senator hər hansı bir fakt göstərməyib. Söhbət nədən gedir?  Bu haqda senatorun şərhi maraqlı olardı. "Transmilli repressiya" deyəndə o, nəyi başa düşür və nəyi nəzərdə tutur, buna aydınlıq gətirməyib.

Təxmin etmək olar ki, senator Kardin Qarabağdan erməni əhalinin öz xoşu ilə çıxıb getməsini "transmilli repressiya" kimi təqdim edir. Çünki "transmilli repressiya" anlayışına etnik təmizləmə, soyqırım və sair kimi insanlıq əleyhinə cinayətlər daxildir. Bunlar baş verib, doğrudur; Azərbaycan ərazisində transmilli repressiya, həqiqətən, olub. Eləcə də, Ermənistanın ərazisində olub. Ancaq bunlar Azərbaycanlılara qarşı edilib. Əgər senator Ben Kardin Azərbaycanlıların Ermənistan ərazisində, eləcə də, elə Azərbaycanın ermənilər yaşayan Qarabağ bölgəsində, Şərqi Zəngəzurda soyqırıma, etnik təmizləməyə, hər cür qətl və qarətə məruz qaldığını nəzərdə tutaraq bu ifadəni işlətsəydi, Yerdən Göyə qədər haqlı olardı. Ancaq o, Qarabağdan toy karvanı kimi düzülmüş şəxsi avtomobillərində şad-xürrəm Ermənistana keçməsini etnik təmizləmə kimi qələmə vermək istəyir deyə, yerin dibinə qədər haqsızdır. Transmilli repressiya olubsa, niyə bir nəfər də olsun, etnik erməninin burnu da qanamayıb. Etnik təmizləmə edən dövlət onun ərazisini tərk etmiş etnik azlıq üçün portal açıb, onları geriyə - vətəndaş hüquqları almağa, ölkəsində yaşamağa çağırar?! Hardadır məntiq?! Həmin portalın birini də Ermənistan açsın, görək,açırmı?! Yox!

Jurnalistlərin, müxalifətçilərin həbsindən bir vətəndaş olaraq mən də narahatam. Həm də Ben Kardindən çox. Təkcə ona görə narahat deyiləm ki, o şəxslər həbs olunur. Qanunsuz həbslərə, qurama ittihamlara qarşıyam, işgəncələrin əleyhinəyəm. Bunlar harda və kimə qarşı edilir-edilsin, qəbul etmirəm və narahat oluram. Heç bir normal insan belə hallara tolerant yanaşmır, yaxud qeydsiz qalmır. O səbəbdən, bəli, senatordan qabaq elə mən narahatam. Həm də ondan narahatam ki, Azərbaycanın bilikli, hazırlıqlı, talantlı və perspektivli insanları, onların da arasında gənclər xarici dövlətlərə, kəşfiyyatlara bağlı dairələrin təsiri, diktatı altına düşür, özü də istəmədən nəhəng bir kriminal maliyyə torunun (torbasının) içində çabalayır, çabaladıqca, dolaşır. Hətta bəlkə özü də bilmədən, istəmədən öz ölkəsinin qanunları ilə münaqişəyə cəlb olunur. Nəticədə, bəli, həbs olunur. Bu cür hallardan, şübhəsiz ki, narahat oluram. Ancaq bütün bunların yanında məni ən çox narahat edən başqa bir nüans var: Ben Kardin kimi senatorlar, başqa əcnəbi siyasətçilər və sair və ilaxır Azərbaycanda demokratiya prinsiplərinin pozulmasını, insan haqlarının boğulmasını, sadəcə olaraq, bəhanə olaraq istifadə edir, əslində isə məqsədi Ermənistanın və erməniliyin maraqlarını qorumaqdır. Bu səbəbdən Azərbaycanda insan hüquqları, demokratiya, söz azadlığı ilə bağlı iddiaların yanına "transmilli repressiya" ittihamını da yerləşdirir. Əsl məqsəd məhz sonuncudur. Ancaq bu zaman senator Kardin kimi adamların diqqətsizlik edib özünü ələ verdiyi bir nöqtə var: "transmilli repressiya" ittihamı başdan sona uydurma, qurama, qırmızı yalan olduğuna görə, onların insan haqları, demokratiya ilə bağlı iddiaları da səmimiyyətsiz və təbii ki, təsirsiz qalır. Ermənistanın 30 illik işğalçılığı, törətdiyi soyqırım, etnik təmizləmə, qətl, qarət, vandalizm kimi cinayətlərdən hər bir Azərbaycanlı əziyyət çəkir. Bu məsələdə Azərbaycan cəmiyyətində yekdil fikir var və bu nöqtədə prezidentindən tələbəyə qədər, Ali Baş Komandandan əsgərə qədər, pensiyaçıdan yeniyetməyə qədər hər kəs birləşir. Və belə bir halda sən bir yandan, Ermənistanın etdiyi cinayətləri Azərbaycanın ayaöına yazacaqsan və eyni cümlədə, misal üçün, həmin işğalçıya qarşı döyüşmüş Tofiq Yaqublunun hüququnu axtaracaqsan?! Buna kim inanar?! Hətta sənin insan haqları ilə bağlı iddialarını haqlı sayanları belə öz səmimiyyətinə inandıra bilməyəcəksən.

Bu, bilirsiniz, nəyə bənzəyir?! ABŞ-ın özünün qədim olmayan tarixindən də bəllidir ki, bu ölkənin qurucularından biri Corc Vaşinqtondur. O, bir yandan ABŞ-ın insan azadlıqlarına dəyər verən Konstitusiyasını yazır, quldarlığı konstitusiy ilə qadağan edir, o biri tərəfdən isə, köçüb quldarlığı qadağan etməmiş Pensilvaniyada yaşayır ki, özü öz evində... qul saxlaya bilsin. Bir yandan ayıq başla dövlət idarə etmək istəyir, o biri yandan isə öz evinin həyətində... marixuana yetişdirir.

Ben Kardin də, görünür, bu cür narrativlərlə böyümüş Amerikalı siyasi kimlik profili və zədələnmiş - sosial-psixoloji (hətta bəlkə psixi) travmalı zehniyyət modelidir. ABŞ-da senator kimi yüksək məqama (hansı yollasa) gəlib çıxmış adam elementar bir siyasi-hüquqi postulatı unudur ki, transmilli repressiyanı transmilli hökmranlıq imkanları və iddiaları olanlar törədə bilər. Azərbaycan kimi nisbətən kiçik ölkələrin buna iddiası da yoxdur, heç imkanı da yoxdur.

Azərbaycan başqa ölkələrin daxili işlərinə qarışır?! Yox! Başqa ölkələrin sərhədlərini dəyişdirir?! Xeyr! Başqa ölkələrdə hakimiyyətləro yıxmaq, özünə loyal hakimiyyətlər qurmaq, oyuncaq rejimlər formalaşdırıb bütöv ölkələri qənimət, xalqları girov, orduları "mədəni" əsir götürmək iddiasında və imkanındadır?! Qətiyyən! Azərbaycan öz ərazi bütövlüyünün bərpasına çalışan suveren dövlətlərə qarşı "907-ci düzəliş" tipli sanksiyalar tətbiq edib, əksinə işğalçıya siyasi-hüquqi, eləcə də, maliyyə, hərbi-texniki dəstəyini göstərir?! Əsla! Azərbaycan İraq, Əfqanıstan, Liviya, Suriya... ölçüsündəki siyasi coğrafiyalarda nəinki dövlətləri, bütövlükdə ölkələri, cəmiyyətləri dağıdan birbaşa və ya proksi hərbi əməliyyatlar keçirir?! Yüzminlərlə insanın öldürülməsinə və şikəst olmasına, ev-eşiyindın didərgin düşməsinə bais olurmu?! Haşa! Bəlkə həmin o İraqdan, Əfqanıstandan insanları kütləvi əsir alıb aparıb, "Quantanamo" tipli qəddar həbsxanalarda orta çağ metodları ilə alçaldan, işgəncə verən Azərbaycan dövləti olub?! Təbii ki, olmayıb belə bir şey - cavab sualın özündədir.

Bəs onda nədə ifadə olunur guya Azərbaycanın törətmiş olduğu bu transmilli repressiya?! Bəli, hərbi güc tətbiq edərək öz ərazisindən işğalçını, terrorçunu qovub Azərbaycan dövləti, mülki əhalini deyil. Bu üç ildə bir dənə belə fakt olmayıb və yoxdur. Olsaydı, indi çoxdan əldə bayraq etmişdi Kardinkimilər. Özünü işğalçıdan, terrorçudan qorumaq transmilli repressiyadırsa, onda Pentaqon niyə var?! NATO niyə var?! Ukraynanı iki ildir silahlandırır ABŞ, Avropa?! Özünü işğalçıdan qorumaq üçün, elə deyilmi?! Necə olur, Avropa coğrafiyasının bir tərəfində işğala məruz qalan Ukraynanı dəstəkləyirsən, o biri tərəfdə işğalçı Ermənistanı?! Ukrayna ərazisini işğal edən Rusiyaya da sanksiya qoyursan, ərazisini işğaldan azad edən Azərbaycana da. Bir yandan, Türkiyə ilə eyni hərbi blokda terrorizmə qarşı mübarizə aparırsan, o biri yandan, Türkiyəyə qarşı terror təşkilatını silahlandırırsan. Bunlar ikili oyun, qurşaqdan aşağı zərbə, elə həmin o transmilli repressiya olmursa, bəs nədən danışırıq?!

İnsan haqlarına gəldikdə, bəli, Azərbaycanda da seçkilərə qatılmayan müxalifət liderləri var. Ancaq onları heç kim zorla seçkidən kənarda buraxmayıb; hər siyasi qüvvə doğru bildiyi qərarı öz müstəqil iradəsi ilə verib. Kimisi seçkidə iştirak qərarı verib, kimisi boykota çağırır. Hansı qərarın daha düzgün olduğuna qiyməti xalq və tarix verir və verəcək. Ancaq senator Kardinin Vətənindıki kimi bir hal Azərbaycanda baş vermədi. Prezidentin (Cozef Baydenin) yolunu "təmizləmək" üçün əsas namizədə (Donald Trampa) qarşı bir neçə maddə üzrə cinayət işi qaldırılıb, ittiham irəli sürülüb. Bu, demokratiya prinsiplərinə zidd deyilmi?! Seçki sisteminin qüsurları, hakimiyyətdə olanların istər əvvəl, istərsə indi seçkilərə müdaxiləsi... bunları hara yazaq?! ABŞ cəmiyyəti, faktik iki düşərgəyə bölünüb və builki seçkidən sonra ikinci Kapitoli insidenti olmayacağı nə məlum?! Bunlar ki Azərbaycanda baş vermir.

Güclü olmaq hər zaman və hər şeydə haqlı olmaq demək deyil. Başqalarının işinə qarışmaqdansa, hər kəs öz işlərini sahmana salmalıdır, elə deyilmi?! Hərçənd istənilən halda ən doğrusu: qarışmayacaqsan, qarışdırmayacaqsan. Başqası sən deyilsən, bir başqasıdır. İşi də öz işidir. Bu qədər aydın və dəqiq!

Bahəddin Həzi, Bizimyol.info

скачать dle 12.1