Bia.Az

Paşinyan sülhdən yayınır: İrəvandan Bakıya məkrli “pakt” təklifi - NƏ BAŞ VERİR?

Siyasət
 29-01-2024, 20:37     154

“İrəvan sülh müqaviləsinin imzalanmasının gözləniləndən daha çox vaxt aparacağı təqdirdə, Bakıya hücum etməmək haqqında paktı bağlamağa dəvət edib”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Biz Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmini, həmçinin sülh müqaviləsinin bağlanmasının gecikdiriləcəyi təqdirdə, hücum etməmək haqqında paktı imzalamağı təklif etmişik”, - deyə o bildirib.

Bildirək ki, Nikol Paşinyan özünün də qeyd etdiyi kimi, yanvarın 16-da Azərbaycana silahlara qarşılıqlı nəzarət haqqında saziş imzalamağı təklif etmişdi. İndi isə Ermənistanın Baş naziri bu fikrin davamı olaraq, Azərbaycanı hücum etməmək haqqında pakt imzalamağa çağırıb. Paşinyanın bu açıqlaması Ermənistanın sülh sazişi imzalamağa tələsmədiyini göstərir.

Rəsmi İrəvan hazırkı şəraitdə sülh müqaviləsinin əsasən Azərbaycanın təklif edəcəyi prinsiplər əsasında imzalancağını yaxşı bilir. Çünki mövcud geosiyasi şərait Azərbaycanın xeyrinədir. Bu halda sülh sənədi imzalansa, Ermənistan Qarabağı de-yure Azərbaycan ərazisi kimi tanımalı olacaq. Yəni bu məsələ birdəfəlik Azərbaycanın xeyrinə həll olunacaq.

Ona görə də Ermənistan hakimiyyəti hücum etməmək haqqında paktın imzalanmasına nail olmaqla vaxt qazanmağa, sülh sənədini isə gələcəyə saxlamağa çalışır. Yəni Ermənistan geosiyasi vəziyyətin dəyişəcəyinə və öz maraqlarına uyğun şərtləri sülh sazişinə daxil etdirə biləcəyinə ümid edir.

Söhbət ermənilərin kütləvi şəkildə yenidən Qarabağa köçürülməsindən, onların hüquqları və təhlükəsizliyi adı altında Azərbaycanda separatizmi yenidən dirçəltmək planlarından gedir. Bundan başqa, Ermənistan sərhədlərin 1991-ci il xəritələri əsasında delimitasiyasına və demarkasiyasına nail olmaq istəyir.

Qeyd edilən səbəblərdən Ermənistan tərəfi müharibənin yenidən başlamayacağına dair yazılı zəmanət almaqla sülh sazişindən yayınmaq niyyəti güdür.
Çünki sülh danışıqları yenidən dalana dirəndiyi üçün münaqişənin bu dəfə şərti sərhəddə baş verməsi ehtimalı daha çoxdur. Bu halda Azərbaycan daha güclü orduya və silahlara malik olduğundan hərbi əməliyyatlar Ermənistan ərazisinə keçəcək.

Nikol Paşinyan da Hindistandan və Fransadan aldığı silahlarla bu vəziyyətin qarşısını ala bilməyəcəyini anlayır. Hazırda Ermənistan ərazisi Cənubi Qafqazda üstünlüyə malik olmaq istəyən geosiyasi güclərin rəqabət meydanına çevrilib. Ermənistan hakimiyyəti Qərb müşahidəçilərini ölkəyə məhz sərhədlərin təhlükəsizliyinin monitorinqi adı altında dəvət edir.

Bu baxımdan, sərhəddə baş verəcək münaqişə Ermənistandakı geosiyasi maraqlar toqquşmasını açıq müstəviyə keçirə bilər. Ona görə də Paşinyan hücum etməmək haqqında pakt imzalamağı təklif etməklə potensial münaqişədən yayınmaq üçün Azərbaycana hüquqi öhdəlik qəbul etdirməyə çalışır.

Halbuki, sülh müqaviləsində bir-birinə hücum etməmək haqqında ayrıca maddə olacaq. Belə olan halda Paşinyanın ayrıca pakt imzalamaq çağırışı Ermənistan üçün əlverişli sülh şərtləri formalaşana qədər manevr imkanlarını saxlamaq məqsədi daşıyır.
скачать dle 12.1