Bia.Az

Yeddinci parlament nə vaxt seçilər?

Siyasət
 12-01-2024, 14:08     154

Dövlət müstəqilliyi 1991-ci ildə bərpa olunan Azərbaycanda parlamentin (Milli Məclis) səlahiyyət müddəti 5 ildir. İlk parlament seçkisindən (12 noyabr 1995) sonra qüvvəyə minən konstitusiya seçkilərin 5 ildən bir noyabr ayının birinci bazar günü keçirilməsini müəyyən edib, 2000, 2005, 2010 və 2015-ci illərdə parlament həmin hökmə uyğun seçilib.

Altıncı parlament 2020-ci il noyabrın 1-də seçilməli idi. Amma 2016-cı ildə yenilənən konstitusiya prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti verib, 2019-cu il dekabrın 5-də beşinci parlament buraxılıb, 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkisi keçirilib.
Novator.az bildirir ki, Milli Məclisin səlahiyyət müddətinin hesablanması onun birinci iclasının keçirildiyi gündən başlanır. İndiki parlamentin ilk iclası 2020-ci il martın 10-da keçirilib. Bu hesabla növbəti parlament seçkisinin 2025-ci il fevralın 9-da keçirilməsi ehtimal olunur.
Ancaq konstitusiyaya əsasən, növbədənkənar seçkidə seçilən parlamentin səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda növbəti parlament seçkisi növbədənkənar seçkidə seçilən parlamentin səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar gününə düşür. Altıncı parlamentin səlahiyyət müddətinin beşinci ili 2024-cü ilə təsadüf edir və noyabrın birinci bazar günü – ayın 3-də yeni parlament seçilə bilər.
Milli Məclisin buraxılması halında parlament seçkisi daha tez, buraxılma qərarı veriləndən 60 gün ərzində keçirilməlidir.
Parlament 125 deputatdan ibarət olmalıdır, ancaq hazırda 116 nəfər mandat daşıyır. 2020-ci il fevralın 9-da keçirilən seçkidən dörd gün sonra 4 dairə üzrə nəticələr ləğv edilib, parlament 121 nəfərlə fəaliyyətə başlayıb.
Səlahiyyəti dövründə Milli Məclisin 3 üzvü vəfat edib, 1 üzvü azadlıqdan məhrum olunaraq kürsüsünü itirib, 1 üzvü dövlət orqanında vəzifəyə keçdiyi üçün mandatı təhvil verib.
Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası parlamentdə 69 deputatla təmsil olunur.
Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Vəhdət Partiyası, Demokratik Maarifçilik Partiyasının 1 mandatı var.
36 deputat partiyasızdır.скачать dle 12.1