Bia.Az

Əvvəl sülh sazişi, sonra delimitasiya: sərhəddə görüşdən gözləntilər - GƏLİŞMƏ

Siyasət
 10-01-2024, 20:59     180

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı komissiyaların fəaliyyəti çərçivəsində növbəti görüş yanvarın sonuna gözlənilir. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Xatırladaq ki, iki ölkənin Baş nazir müavinlərinin iştirakı ilə komissiyaların son görüşü ötən il noyabrın 30-da keçirilib. Yanvarın sonunda keçirilməsi gözlənilən görüş vasitəçisiz keçiriləcək 4-cü görüş olacaq. Ekspertlər bildirirlər ki, bir neçə görüş nəticəsində delimitasiya məsələsində ciddi irəliləyişin əldə ediləcəyi gözlənilməsə də, ümumilikdə vasitəçisiz, ikitərəfli danışıqların özü müsbət amildir.

Gözlənilən görüş, Azərbaycan-Ermənistan sülh danışıqlarının proqnozlaşdırılan nəticələri ilə bağlı AYNA-nın suallarını Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri, politoloq Fərid Şəfiyev cavablandırıb. Analitik deyib ki, öncə sülh sazişi imzalanmalıdır:

- İki ölkə bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Bu, birinci mərhələdir. Əgər bir ölkə digərinin ərazi bütövlüyünü tanımırsa, o zaman delimitasiya mümkünsüz prosesdir.Gözlənti var ki, sülh sazişi imzalanacaq. Ona görə də delimitasiya ilə bağlı komissiyalar görüşləri davamlı edirlər. Mən bildiyim qədərilə növbəti görüşdə sərhədlərlə bağlı daha çox texniki məsələlər müzakirə olunacaq. Ötən ilin noybrın 30-da keçirilən görüşdə artıq texniki məsələlərin müzakirəsi razılaşdırılmışdı. Hesab edirəm ki, bu ayın sonunda keçirilməsi gözlənilən görüş də əvvəlki prosesin davamı olacaq. Delimitasiya məsələsinin bütövlükdə həllini tapacağını söyləmək üçün hələ tezdir. Bunun üçün yenə deyirəm, sülh sazişinin imzalanması lazımdır.

- Belə görüşlər, yəni ki, vasitəçisiz danışıqlar ümumi sülh prosesinə nə qazandırır?

- Bu barədə Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev yaxşı şərh verdi. O dedi ki, hərdənbir vasitəçilər arasında da vasitəçi oluruq. Müşahidə edirik ki, Rusiya ilə Qərb platforması arasında rəqabət, qısqanclıq, geosiyasi mübarizə var. Ona görə də Bakıdan İrəvana vasitəçisiz danışıqlar təklifi verildi. Delimitasiya komissiyalarının işi ilə bağlı vasitəçisiz görüşü Ermənistan tərəfi qəbul etdi və artıq bir neçə belə görüş olub. Amma maraqlıdır ki, Bakının sülh sazişi ilə bağlı da vasitəçisiz danışıqlar təklifini İrəvan qəbul etmir. Azərbaycanın sülh sazişi ilə bağlı sərhəddə vasitəçisiz danışıqlar təklifinə birinci dəfə İrəvan “yox” dedi, ikinci təklifə isə hələlik müsbət cavab yoxdur. Güman ki, müsbət cavab olmayacaq.

- Ermənistan tərəfinin vasitəçisiz sülh danışıqlarından yayınmasının səbəbləri nələrdir?

- Ermənistan son 6 aydır düşünür ki, Qərb vasitəsilə Azərbaycana hansısa təzyiq göstəriləcək. İstəyirlər ki, arxalarında qlobal güc, böyük dövlət dayansın. Əvvəl Ermənistanın arxasında Rusiya dayanmışdı. Qeyd edim ki, hələ də müəyyən qədər Ermənistan-Rusiya əlaqələri var. İrəvan indi daha çox üstünlüyü Fransaya, Avropa İttifaqına, ABŞ-a, bir sözlə, Qərbə verir. Ona görə də vasitəçisiz görüşdən imtina edir, hansısa gücün yanında olması arzusundadır. Bu, Ermənistanın müstəqil dövlət olmadığının, 30 ildir müstəqilliyinin formal xarakter daşıdığının göstəricisidir. Məncə, İrəvanın Bakının vasitəçisiz danışıqlar təklifinə “yox” cavabının səbəbi budur.

- Vasitəçilərlə müzakirələr mümkündürmü?

- Əslində hər iki tərəfə təkbətək, vasitəçisiz danışıqlar daha sərfəlidir. Çünki vasitəçi olan zaman həmin güc öz şərtlərini də məsələ kimi qoyur. Amma ümumilikdə, vasitəçilik də pis bir şey deyil. Etiraf etmək lazımdır ki, Qərb platformasında aparılan danışıqlardan biz bir sıra nailiyyətlər əldə etmişik. Lakin indi başqa situasiya yaranıb. Ötən ilin sentyabrında keçirilən antiterror əməliyyatlarından sonra vəziyyət dəyişib. Ermənistanın vasitəçiliyini istədiyi Qərbin Azərbaycana əsassız təzyiqləri var və Qərb platformasında irəli sürülən şərtlər Bakı üçün məqbul deyil. Biz tərəfsiz vasitəçiliyi görmürük. Ona görə də Bakı İrəvana təklif edir ki, danışıqları öz aramızda aparaq. Ermənistan isə bunu qəbul etmir, müstəqil qərar verə bilmir. İrəvanın bu mövqeyi isə vasitəçisiz danışıqların baş tutmasında çətinliklər yaradır.
скачать dle 12.1