Bia.Az

Mərdimazar olmasa, Ermənistana çəpər nə gərək?

Siyasət
 12-12-2023, 17:42     402

Artıq şəkk-şübhə yox ki, xaricdəki məkrli çevrələr müdaxilə eləməsə, Azərbaycanla Ermənistan vasitəçisiz-zadsız öz aralarında daha tez dil tapar. Hətta beynəlxalq platformalarda bir-birinin namizədliklərinə dəstəkçi ola bilərlər. Necə ki, ötən həftə bütün dünya buna əyani şahidlik elədi.

Barışığa, əməkdaşlığa aparan ən qısa, ən etibarlı yol əlbəttə ki, birbaşa danışıqlardır. Sülh müqaviləsi də kənardan “barmaq edilməsə”, lap tez reallaşar. Necə deyərlər, mərdimazar olmasa, bağ çəpəri (oxu: sərhədi) neyləyər? Belə mərdimazarlardan, sönməkdə olan ocağın başında əlində benzin kanistri ilə duranlardan biri də Avropa İttifaqı (Aİ) xarici siyasət xidmətinin rəhbəri Cosep Boreldir.
Dünən o, Brüsseldə qurumun xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında sanki şad xəbər verirmiş kimi, bəyan edib ki, xarici işlər nazirləri Aİ-nin Ermənistandakı mülki (əslində yarım-hərbi kəşfiyyat) missiyasının sayını 50% artırmaq qərarına gəliblər. Yəni bundan sonra onların sayı 138 nəfərdən 209 nəfərə çatacaq.
Bu minvalla Avropa İttifaqı “mülki missiya” adı ilə Ermənistanda hərbi baza yaratsa, heç kim təəccüblənməsin, əgər təbii ki, İrəvan rəsmiləri bunun nə ilə bitəcəyini hesablaya bilməsələr. Qarşı tərəf isə nə qədər gec deyil, gərək unutmasın ki, Ermənistanı silah-sursatla, əcnəbi hərbçilərlə doldurmaqla o, daha təhlükəsiz olmayacaq. Tam əksinə, TƏHLÜKƏ mənbəyinə çevriləcək...
“Bu - Ermənistanın Azərbaycanla beynəlxalq sərhədinin sabitliyini gücləndirmək üçün bir üsuldur. Ermənistandakı vəziyyət bizim qətiyyətli dəstəyimizi tələb edir”, - Borel təxribatçı çıxışına davan edərkən bildirib.
Düşünmək ki, belə bir qərar sülhə xidmət edəcək, sözsüz ki, böyük xəta olar. Çünki Borel bununla yenə Azərbaycan haqda “aqressiv qonşu”, potensial “savaş tərəfdarı” obrazını yaratmağa çalışıb. Ölkəmizə münasibətdə növbəti haqsızlığa və riyakarlığa imza atıb.
Axı sülh müqaviləsi ərəfəsi, Bakı ilə İrəvan arasında etimad quruculuğu yönündə kövrək addımların atıldığı dönəmdə buna nə lüzum? Sönmək üzrə olan “ocağa yağ tökmək” yetməzmi? Görəsən bölgədə Azərbaycan qədər sülh, barışıq istəyən, on illərdir buna çalışan, əməldə də bunu isbatlayan ikinci dövlət varmı? Borel bundan da xəbərsizmi?
Çox qəribədir, beynəlxalq sərhədlər Borelin təmsil elədiyi Avropanın, Qərbin yadına məhz işğalçı Ermənistanın başı əziləndən sonramı düşüb? Bəs Azərbaycanı sərhədləri sərhəd deyil? Məsələ də elə ondadır. Bakının tək istədiyi onun da beynəlxalq sərhədlərinə hamılıqla sayğı göstərilməsidir...
Yada salaq ki, C. Borel ötən həftə Azərbaycanla bağlı əməllicə sarsaqlamışdı. Abır-həya bilmədən söyləmişdi ki, Qarabağı guya 150 min erməni tərk edib. Təbii ki, onun sayıqlamasın Bakının reaksiyası gecikmədi. Borel öncə XİN-in, sonra isə Prezident İlham Əliyevin haqlı və sərt qınaqlarına tuş gəldi.
“Hətta ermənilərin özləri etiraf edir ki, bu cür təcrübəli Avropa diplomatı (Borel – red.) yalan danışır. Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni cənab Borel bu tərzdə davam etsə, bir aydan sonra 200 min adam deyəcək. Ola bilər ki, cənab Borel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır. Çox təəccüblüdür ki, onun öz ölkəsi separatçılıqdan əziyyət çəkir. Belə bir şəxs separatçıları necə müdafiə edər? Bu, çox təəccüblüdür””.
ADA SON.jpg (42 KB)
Sitat İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumdakı çıxışındandır.
Doğru, Borelin separatizmi müdafiə eləməsi təəccüblü. Təəccüblü olmayan isə on illərdir xristian Qərbin Azərbaycana qarşı bitməyən “ikili standart” siyasəti, bunun parlaq təzahürü kimi də erməniyə aşırı sevgi, hələ də davam edən Türkofobiya və islamofobiyadır. Amma atalar məsəlimizdə deyildiyi kimi, sirkə nə qədər tünd olsa, öz qabını sındırar. Artıq qab çatlayıb.../musavat.comскачать dle 12.1