Bia.Az

Qəzzada Baydenə ağır zərbə: Əslində nə baş verdi?

Siyasət
 18-10-2023, 16:42     327

Qəzzada Əhli-Ərəb Xəstəxanasına ötən gün endirilən zərbə nəticəsində yüzlərlə şəxsin ölməsi olduqca ciddi hadisədir.

Qəzzada xəstəxananın vurulması o vaxt baş verdi ki:
- ABŞ Prezidenti Bayden bu gün İsrailə, oradan isə İordaniyaya getməli, Misir, Fələstin və İordaniya liderlərinin iştirakı ilə dördtərəfli sammit keçirməli idi;
- Bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsi nazirlər səviyyəsində İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ilə bağlı növbədənkənar iclas keçirəcək.
Xüsusilə Baydenin Mahmud Abbasın iştirakı ilə keçirəcəyi sammitdə ciddi qərar qəbulu gözlənilirdi, ən azı, atəşkəs təklifi və münaqişənin həlli ilə bağlı yol xəritəsi ola bilərdi.
Məhz ABŞ-ın xəbərdarlığı ilə İsrail Qəzza zolağına quru əməliyyatını təxirə salmışdı: doğrudur, quru əməliyyatının təxirə salınmasının səbəblərindən biri ÇAXAL-ın mümkün itkiləri ilə bağlı proqnozlardır, çünki HƏMAS Qəzzada “yeraltı dünya” yaradıb və yerin altındakı yollardan İsrail ordusuna ağır zərbə vura bilər. Bununla bərabər, İsrail Qəzzaya quru əməliyyatının digər siyasi fəsadlarını da hesablamaqdadır. Təsadüfi deyil ki, İsrail ordusu ötən gün verdiyi açıqlamada quru əməliyyatından ümumiyyətlə imtina etdiyinə eyham vurdu.
Xəstəxanaya endirilən zərbə həm Baydenin sammitini məhv etdi, həm də İsrailin imicinə ağır zərbə vurdu: İsrailin dəstəkçiləri sürətlə azaldı, arqumentləri tükəndi və hətta İsraili qeyd-şərtsiz müdafiə edən Fransa, Almaniya, Böyük Britaniya kimi ölkələr bu addımı kəskin şəkildə qınadılar. Fransa lideri Makron isə “Xəstəxanaya endirilən zərbəni heç nə ilə əsaslandırmaq mümkün deyil” deyə dolayısı ilə İsrailə qarşı çıxdığını nümayiş etdirdi.
Belə görünür ki, xəstəxanaya endirilən zərbənin və kütləvi qırğına səbəb olanın hədəfi danışıqları məhv etmək, İsrailə siyasi zərbə vurmaqdır.
Bayden İordaniyada Mahmud Abbasla görüşməli idi – Misir və İordaniyanın vasitəçiliyi ilə. Bu görüşdə HƏMAS və yaxud HƏMAS-ın əsas siyasi-mənəvi-maddi dəstəkçiləri olan Qətər və İran yox idi.
Çox maraqlı bir nüans isə iki gün öncə Mahmud Abbasın “HƏMAS Fələstin xalqını təmsil etmir” açıqlaması idi. Belə görünürdü ki, Mahmud Abbas – yəni FAT HƏMAS olmadan danışıqlarda iştirak etmək və qərar qəbul etməyə meyillidir.
Buna baxmayaraq, xəstəxanaya zərbə endirilən kimi proses aydınlaşmadan Mahmud Abbasın ofisindən sammitdən imtina açıqlaması gəldi. Bunun tələsik addım olduğu ilk baxışdan diqqət çəkir. Niyə Mahmud Abbas görüşdən dərhal imtina etməli və sammit ləğv edilməlidir?
1. ABŞ Prezidenti Bayden hansı təkliflərlə gəlirdi?
Bir neçə il əvvəl Trampın yəhudi kürəkəni Kuşnerin Fələstini ordusuz, müdafiəsiz yarım-dövlətə çevirən planı vardı. Baydenin həmin planla gəlməsi mümkündürmü? Bundan xəbər tutan Mahmud Abbas görüşün ləğvində maraqlı ola bilərmi?
Bu ehtimal olduqca zəifdir. Çünki Mahmud Abbas sammitdə iştirak edib, təklifə qarşı mövqeyini bildirə və razılaşmadan imtina edə bilərdi.
2. HƏMAS və İslami-Cihad Mahmud Abbasın məlum bəyanatından sonra bu sammitin baş tutmasına qarşı ola bilərdilərmi?
Ən mümkün ssenarilərdən biri budur. Mahmud Abbas HƏMAS-ı bütün Fələstin xalqının iradəsinin ifadəçisi saymırsa, sammitdən çıxan qərar Fələstin dövlətinin yaranması istiqamətində olsa belə, HƏMAS və İslami-Cihadın ləğvini legitimləşdirməli idi.
3. HƏMAS və İslami-Cihad Hərəkatının tam ortadan qaldırılması və beləliklə, İsrailin burnunun ucunda güclü təsir imkanından məhrum olması İranın da iddialarına cavab vermir. Yəni sammitin ləğvində İran da maraqlı dövlətlərdən biridir.
4. İsrail-HƏMAS savaşı istəsək də, istəməsək də, Ukrayna müharibəsini ən yaxşı halda ikinci plana atıb: beynəlxalq medianı izləmək kifayətdir ki, Ukrayna ilə bağlı xəbərlərin beynəlxalq ictimaiyyətin marağından necə çıxdığını müşahidə edəsən.
Üstəlik, artıq Qərb liderləri Ukraynaya deyil, Təl-Əvivə səfərlər edirlər və bütün açıqlamaları bu istiqamətdədir. Zelenski ilə ən son danışan Qərb liderini xatırlamaq belə çətindir.
Doğrudur, ABŞ-dan Ukrayna müharibəsinin ən birinci məsələ olduğu barədə açıqlamalar gəlir, ancaq bu, yalnız bəyanatlardır. Ukraynaya maliyyə dəstəyi uğrunda Konqreslə mübarizə aparan ABŞ-ın hazırda İsrailə hərbi dəstəyi gündəmdədir. Pentaqon artıq 5 təyyarə hərbi yardım göndərib, eyni zamanda iki böyük təyyarədaşıyan gəmisini qoruyucuları ilə birgə İsrailə dəstək üçün səfərbər edib və s.
Yəni İsrail-HƏMAS müharibəsi və Yaxın Şərqdə münaqişə ocağının genişlənməsi Rusiyanın maraqları daxilindədir. Deməli, İordaniya sammitinin baş tutmamasında Rusiya da maraqlı ola bilər.
Bütün bu ehtimallardan sonra sualı təkrarlayaq: Qəzzada xəstəxananı kim vurub?
Hazırda bütün gözlər ÇAXAL-ın üzərindədir – baxmayaraq ki, İsrail bunu cidd-cəhdlə təkzib edir.
Xəstəxananın vurulması İsrailin marağında deyil – artıq bu fakt hər kəsə bəllidir. İndi İsrail xəstəxananı vurmadığını sübut etməlidir.
İsrailin “bizim raketlə vurulsa, xəstəxananın yerində dərin çuxur yaranardı” deyə iddia ilə çıxış edib, video paylaşması zəif müdafiədir. Daha ciddi dəlil lazımdır və hazırkı texnologiya buna imkan verir: beynəlxalq monitorinq qrupu dəvət edilir, müxtəlif ölkələrin peyklərinin məlumatları çıxarılır və müqayisə edilir, raketin hardan buraxıldığı, hansı trayektoriya ilə uçduğu dəqiqliyi ilə sübut edilir.
İsrail hələ də beynəlxalq ekspertləri dəvət etməyib, peyk məlumatlarını araşdırdığını və müxtəlif ölkələrə öz data-bazalarını yoxlamaq və üzə çıxarmaq çağırışı da etməyib.
Maraqlıdır, İsrail niyə xəstəxananı vurmadığını sübut etmək üçün daha tutarlı faktları ən qısa zamanda ortaya qoymaq üçün təşəbbüs göstərmir və bunu elan etmir? Axı, xəstəxananı vurmaq İsrailə qəti sərf etmir!скачать dle 12.1