Türk Şurasının Baş Katibliyi “erməni soyqırımı” ilə bağlı bəyanat yayıb
Türk Şurasının Baş Katibliyi “erməni soyqırımı” ilə bağlı bəyanat yayıb. Qurumun saytında dərc olunan sənəddə deyilir:
“Türkiyə Respublikasının əleyhinə olan, erməni ideoloqlarının düşmən doqmasına əsaslanan və bəzi dövlətlər tərəfindən dəstəklənən “erməni soyqırımı” ilə bağlı iddialar tarixi təhrif edərək siyasi məqsədlərə çatmağı hədəfləyir.
Tarixi həqiqətləri araşdırmadan hadisələrə siyasi və hüquqi qiymətin verilməsi, qərarların qəbul edilməsi, xüsusilə də kollektiv şüurda nifrət, tarixi düşmənçilik və intiqam hissləri yaradaraq həyata keçirilməsi insanlığı, vicdanı və mərhəməti yox edərək, xalqların qarşılıqlı anlaşma və sülh şəraitində yaşamalarına təhlükə yaradır. Regiondakı qarşıdurmalar, qaçqın və məcburi köçkünlər kimi problemlər, əsasən, bu hadisələrin məntiqi nəticəsidir.
Müasir beynəlxalq münasibətlər və bu günə qədər baş verən bütün faciələr şəffaf və ədalətli şəkildə öyrənilməlidir. Bu kontekstdə 1915-ci il hadisələrinin tarixçilər tərəfindən araşdırılması üçün ortaq bir Tarix Komissiyası yaratmaq və bu məqsədlə arxivləri açmaq üçün Türkiyənin təşəbbüsü təqdirəlayiqdir.
Əminik ki, alimlər və tədqiqatçılar tərəfindən tarixi faktların qərəzsiz şəkildə araşdırılması və dəyərləndirilməsi 105 il əvvəl baş vermiş hadisələrə aydınlıq gətirəcək”.