Bia.Az

Yolomanın xələfləri, Zaxarovanın tənbehi - Rusdilli Behbudov qaragül papağı niyə qoyurdu?

Siyasət
 3-06-2023, 00:55     357

31,5 illik müstəqill dövlətçilik həyatından sonra qırğızlar, nəhayət, qərara gəliblər ki, dövlət dili haqqında qanun qəbul etsinlər və ediblər.

Həmin qanuna görə, qırğızcaya Qırğız Respublikasının dövlət dili, ruscaya isə rəsmi dil statusu verilib.
Müqayisə üçün deyək ki, Baktikyanı ölkələr və Qafqazdakı dövlətlər öz milli dillərinə bu statusu hələ 30+ il bundan qabaq veriblər.
350px-Manqurt_(film,_2003).jpg (13 KB)
Qırğızlar bu xüsusda niyə bu qədər keçikiblər, araşdırsaq, uzun çəkər və başqa istiqamətə gedər. İstər-istəməz məşhur rusdilli qırğız yazıçısı Çingiz Aytmatovun özündən də populyar olan romanındakı əfsanəni xatırlayar, bəzi qırğız liderləri milli kimliyini unutmuş manqurt Yolomanla müqayisə etmək zorunda qalarıq.
QİRĞİZPARL.jpg (436 KB)
Ancaq çox gec də olsa, hər halda müasir qırğız liderlər sələflərinin səhvini düzəldib və xalqın dilinə dövlət dili statusu qazandırıblar. Bu zaman onlar Kremli qıcılandırmamaq üçün rus dilinə də rəsmi dil statusu veriblər.
“Dövlət dili” nədir, “rəsmi dil” nədir, bunların hansı fərqləri var, hansı harada keçərlidir – uzun söhbətdir. Lakonik desək, bir çox qırğız siyasilər, məmurlar və rusdilli elita yenə də istədikləri yerdə məhz rusca danışacaq, yazışacaqlar. Qırğız dili sadəcə, parlamentdə və patriotizm nümayişinin vacib olduğu arenalarda, məclislərdə işlənəcək. Ən azı hələ bir 10 il belə olacaq.
ZAXAROVA.jpg (30 KB)
Ancaq Moskva rus dilinin Qırğızıstanda rəsmən ikinci plana keçməsinə razı olurmu? Olmur. Elə bu günlərdə RF-nin xarici siyasət idarəsinin dünyaca məşhur sözçüsü Mariya Zaxarova bu məsələyə görə narahatlığını bildirib və deyib ki, dil haqqında qəbul olunan qanunun yeni variantı olduğu kimi qalsa, qırğız dilini bilməyən rusdillilər çətinlik çəkəcəklər.
Başqa sözlə, Zaxarova açıq mətnlə deyir ki, qırğızların qəbul etdiyi dil qanunu indiki redaksiyada qala bilməz, dəyişdirilməlidir.
İndi belə çıxır ki, Rusiyada hamı, hətta 5-7 milyonluq əhaliyə və milli muxtariyyata malik xalqlar məcburən rus dilini bilməlidirlər, amma başqa müstəqil dövlətlərdə yaşayan azsaylı slavyan icmasının üzvləri yaşadıqları ölkənin dövlət dilini bilməyə bilərlər və onların işi rahat olsun deyə, yenə də hamı azlığın dilində, rusca yazmalı, danışmalıdır.
ruskit.JPG (47 KB)
O da maraqlıdır ki, Qırğızıstanda rusdilli slavyanların sayı yarım milyon olsa da, rusdilli qırğızların, qazaxların və özbəklərin sayı 2 milyondur. Ona görə də Kreml Qırğızıstana təzyiq göstərmək üçün bu amildən yararlanır. Burada əsas məsələ təkcə dil məsələsi deyil, bu, həm də o deməkdir ki, Kremlin əlində bu ölkənin daxilini qarışdırmaq üçün rıçaq var.
Gələk öz ölkəmizə. Sovet dövründə Bakı rusdillilik məsələsində Tiflis və İrəvandan fərqli şəhər idi, əvəzində Almatı, Daşkənd və Bişkeklə daha asan müqayisə oluna bilərdi. Başqa sözlə, Bakı da ikincilər kimi rusdilli şəhər idi. İş-güc, təhsil, xeyir-şər məclisləri, müalicə və s. vacib səbəblərə görə rayonlardan paytaxta axışan camaat kütləvilik təşkil etməsə, Bakı Rusiyanın iri şəhərlərindən seçilməzdi.
O zaman bütün nazirlik və komitələrdə, idarə və müəssiələrdə, hətta rayonların partiya və icraiyyə komitələrində hamı rusca danışırdı, bütün yazışmalar da məhz rus dilində aparılırdı.
Bu ona görə beləydi ki, Bakının adını “beynəlmiləl şəhər” qoymuşdular. Burada yaşayan qeyri-milli icmalar azlıq təşkil etsələr də, hökmran mövqedə idilər, aborigen xalq onların dilində danışmağa, yazmağa, düşünməyə məcbur idi. Bakı bir az da ingilislərin dominantlıq etdiyi və yerli xalqı ingiliscə oxumağa, danışmağa zorladığı Dehliyə, Bombeyə oxşayırdı.
rashid.JPG (42 KB)
Bu xüsusda yalnız bir istisna vardı. O da ölkəmizin rusdilli yaradıcı insanlarının tam manqurtlaşmamasıydı. Məsələn, hamımız bilirik ki, SSRİ xalq artisti, dünya şöhrətli müğınni Rəşid Behbudov rusdilli olub, amma onun ana dilimzdə gözəl və şirin ləhcə ilə danışması, başına qaragül papaq qoyması, xalq mahnılarını ana dilimizdə lentə yazdırması və xalqa sevdirməsi milliyindən, vətənpərvərliyindən irəli gəlirdi. Öz səsi və istedadı ilə dünyanı fəth etmiş sənətkar hansı xalqın bağrından qopduğunu unutmurdu. Eləcə də rus dilində rusların 99 faizindən yaxşı və ifadəli danışan Polad Bülbüloğlu nə qədər Moskvada rus cəmiyyətinin sevimlisi olsa da, ana dilində mahnılar oxumaqdan imtina etmirdi. “Qaya” vokal kvartetinin rusdilli üzvləri də Azərbaycan türkcəsində daha çox oxuyurdular – həm də xalq mahnılarımızı estrada janrında oranjeman edərək.
Digər intellektuallarımız haqqında da eyni sözü demək olar – görkəmli rejissorlarımızın, bəstəkarlarımızın, rəssamlarımızın, yazıçılarımızın bir xeylisi rusdilli olsalar da, ana dilinə heç də xor baxmırdılar, onu yaşadır, inkişaf etdirirdilər. Türkoloqlarımız, dilçilərimiz Azərbaycan türkcəsini daima saflaşdırır, cilalayırdılar.
Məhz ona görə də 30+ il bundan əvvəl, dövlət müstəqilliyimiz bərpa olunan kimi ana dilimizin də dövlət statusu alması çətin olmadı, elə də açıq və güclü müqavimətlə qarşılaşmadı.
maxresdefault-1.jpg (99 KB)
Fəqət sonrakı illərdə “rusdilli kontingent” öz “hüquqlarını” genişləndirə, rus dilini bir çoxları üçün yenidən “sevimli və işlək dil”ə çevirə bildilər. Bu məsələdə cahilcəsinə, rusca desək, tırkaya gedənlərin xüsusi rolu var. Dədəsi-babası, hətta ana-anası rusdilli olmayan minlərlə uşaq hazırda rus bölmələrində hıqqana-hıqqana təhsil alırlar. Onlar nə bu dili sovet dövründəki şagirdlər, tələbələr kimi əla mənimsəyirlər, nə də öz ana dillərini mükəmməl öyrənirlər. Nəticədə ikisindən də yarımçıq qalırlar.
30 il qabaq rus bölməsini bitirənlərin savad, dünyagörüş, bilik dairəsi gerçəkdən də geniş idi, Azərbaycan bölmələrində oxuyanlardan bir pillə üstədydilər. İndiki “rusdillilər”in savadı, biliyi, dünyagörüşü isə iki pillə aşağıdadır. Bunu rusdilli abituriyentlərin tələbə qəbulu zamanı topladıqları orta və daha aşağı ballar əyani şəkildə təsdiq edir.
Rusiya rəhbərliyinin postsovet ölkələrində rus dili məsələsinə həssaslıqla yanaşması isə adi məsələ deyil. Bu, velikorus şovinizminin, imperiya ambisiyasının, Kremlin bu ölkələrin müstəqilliyini müvəqqəti hesab etməsininğn, Karpat həndəvərini, Qafqazı və Orta Asiyanı buraları özünün bostanı, istixanası saymasının nəticəsidir.
Məhz ona görə Kreml müstəqil dövlətlərdə yaşayan rusdillilərə “zəhmət çəkin, yerli dili öyrənin” demir, suveren dövlətlərə “öz milli dilinizə status verib bizimkilərə problem yaratmayın” deyir.
 
Xalid KAZIMLIскачать dle 12.1