Koronavirusa sığınanlar - erməni dilənçiliyinin yeni mərhələsi - ŞƏRH
Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında bütün beynəlxalq normaları pozur, istədiyi qanunsuzluğu edir. Ermənilər və havadarları burada narkotik bitkilər becərməkdən tutmuş, Ermənistan ordusu generalının hərbçi konservləri gizlətməsinədək bütün cinayətləri törədirlər. Hətta terrorçu PKK-nın xarici ölkələrdəki silahlılarının Qarabağa sızmasına da şərait yaradılır.
Son bir neçə ayda dünyanın bürümüş koronavirus epidemiyası işğal altında olan Azərbaycan torpaqlarında yaşayan ermənilər arasında da yayılıb. Açıqlanan məlumatlara əsasən, Dağlıq Qarabağda 21 erməni virusa yoluxub. Onların çoxunun Ermənistanda yoluxduqları bildirilir.
Ən təəccüblüsü odur ki, Ermənistanda yoluxanların sayı 1000-ə yaxınlaşanda Qarabağda erməni icmasının nümayəndələri arasında pandemiyanın baş verdiyi barədə xəbər yayıldı. Onlardan birinin separatçı rejimin keçirdiyi qondarma “seçkidə” iştirak etdiyi belə açıqlandı.
Ən pisi isə bütün bunların qanunsuz “siyasi kampaniyadan” sonra elan olunması idi.
Qarabağda nə baş verir? Ermənistan və havadarları Azərbaycanın işğal altındakı torpaqlarında yaşayan ermənilərə niyə hörmət etmir? Rəsmi Yerevan Qarabağdakı ermənilərdən hansı məqsəd üçün istifadə etməyə çalışır? Erməni lobbisi, kilsə, havadarları və Ermənistan Qarabağı bu etnik qrupu üçün niyə məzarlığa çevirir?
Bu kimi suallara aydınlıq gətirək.
İki ilə yaxındır Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda separatçı rejimin başçısını dəyişməyə çalışır. Yerevanda hadisələr baş verəndə Xankəndində Serj Sarqsyandan qalma separatçıların başçısını dəyişməyə cəhd edildi. Ancaq Moskva gözünü Paşinyan və onun təmsil etdiyi siyasi qüvvəyə necə ağartdısa, hamı geri çəkildi.
Bundan sonra “erməni – rus münasibətləri əbədidir”, “ermənilərlə ruslar qardaşdır” və başqa bu sayaq ifadələrlə ənənəvi erməni ikiüzlüyü başladı. Qərbə meyillənib, Rusiyaya arxa çevirməyə səy göstərən Paşinyan az qala hər gün bu ifadələri söyləyir. Ancaq Moskva onun bu “göz yaşlarına inanır”mı? Əslində, Kreml üçün Ermənistanda buyurduqlarına əməl edəcək adam lazımdır. Onun soyadı Paşinyan, yaxud Kirokosyan da ola bilər.
Bu, Qarabağdakı separatçı rejimə də aiddir. ABŞ-da Rusiya əleyhinə çıxışlar etmiş və qondarma “seçkilərin” “ikinci turunda” da “uduzmuş” Masis Mailyanın Moskva tərəfindən cəzalandırılmasını buna misal göstərmək olar.
Ona Rusiya ərazisinə 5 il müddətinə səfər etmək qadağan edilib. Bunun səbəbi açıqlanmayıb. Ehtimal etmək olar ki, Mailyan amerikapərəstdir və buna görə Moskvanın ondan xoşu gəlmir. Yaxud Rusiya Azərbaycanı özünə cəlb etmək və inandırmaq üçün belə bir piyadanı qurban verir.
Separatçı rejimin başçısı Bako Saakyan aprelin 14-də ənənəvi “erməni-rus dostluğu əbədidir” deməklə “seçkidə” Moskvanı razı salacaq adamın “qalib olacağı” mesajını verib. Nəticədə elə oldu. Hazırda Ermənistanda həbsdə olan, Xocalı soyqırımının törədilməsinə başçılıq etmiş Robert Koçaryandan başlayan bu zəncir qırılmadı və Saakyanın “baş naziri” Araik Arutyuyan “seçildi”.
Dünyanın bir çox dövlətləri, o cümlədən ABŞ, Almaniya, Böyük Britaniya, Türkiyə, Pakistan, İran, Rusiya, Ukrayna, Gürcüstan, ATƏT PA, ATƏT-in Minsk qrupu Avropa İttifaqına daxil ölkələr və bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və bu qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər.
Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə də bu məsələyə toxunub. O qeyd edib ki, Azərbaycanın məqsədyönlü fəaliyyəti, beynəlxalq təşkilatlarla yaranmış əlaqələr bu zərbəni daha da gücləndirdi: “Söhbət qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri”ndən gedir. Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası açıqlama verdi. Avropa İttifaqı, hətta bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar dünyanın, demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir”.
Prezident bildirib ki, Qoşulmama Hərəkatında 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, Avropa İttifaqında 30-a yaxın ölkə, ATƏT-də 50-yə yaxın ölkə bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir: “Bu, bir daha göstərdi və mən bunu demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”.
Ancaq Ermənistan havadarları və beynəlxalq vasitəçi rolunda çıxış edən Minsk qrupuna həmsədr dövlətlərdən (ABŞ, Fransa və Rusiya) koronavirus epidemiyası ilə əlaqədar daha çox yardım qoparmaq istəyir. Ona görə də bu sayaq “tədbirlərlə” diqqəti özlərinə cəlb etmək istəyilər.
Bir müddət əvvəl ABŞ hökuməti Dağlıq Qarabağın inzibati ərazisində və işğal edilmiş ətraf rayonlarda neçə illərdir minaların təmizlənməsini həyata keçirən “Halo Trust” təşkilatının maliyyələşdirilməsini dayandırıb. Bundan dünya erməniləri, o cümlədən diaspor çox narahat olub. Ona görə ehtimal etmək olar ki, ermənilər bu istiqamətdə fəaliyyətlərini gücləndirmək üçün bundan sonra koronavirusdan isitifadə edəcəklər.
1988-ci ildə Ermənistanın Spitak şəhərində zəlzələdən sonra ermənilərə ianə toplanmasını yada salmaq kifayətdir. İndiyədək bununla bağlı vəsait toplanılır. Son zamanlar Rusiya kimi patronunun Yerevandakı hökumətə ciddi yanaşmaması və Ermənistana yardımları azaltması da diasporu narahat edir. Bundan sonra onlar pandemiyaya sığınaraq maliyyə yardımı istəyəcəklər.
ABŞ-ın Yerevandakı səfiri Linn Treysi bu günlərdə keçirdiyi videokonfransda Qarabağa maliyyə yardımını kəsəcəkləri ilə bağlı məsələyə münasibət bildirərkən Ermənistan istisna olmaqla, son 20 ildə işğal altındakı Dağlıq Qarabağa maliyyə yardımı ayıran yeganə ölkə olduqlarını xatırladıb: “Son 20 ildə HALO proqramı çərçivəsində Qarabağda minalanmış ərazilərin təmizlənməsinə etdiyimiz yardımlardan məmnunuq. Ötən bu müddətdə ABŞ Dağlıq Qarabağa 17 milyon dollar məbləğində maliyyə yardımı göstərib”.
Linn Treysi Qarabağa yeni yardım proqramları ilə bağlı Dövlət Departamentinin müxtəlif variatları gözdən keçirdiyini xatırladıb.
Artıq Ermənistana pandemiyaya qarşı mübarizə aparmaq məqsədilə yardımlar edilir. Şübhəsiz ki, ondan Qarabağdakı separatçı rejim üçün də ayırmalar yox deyil.
ABŞ Ermənistanın səhiyyə sisteminə 1,1 mln. ABŞ dolları ayırıb. Ancaq “Ay dat” saytı ABŞ Dövlət Departamentindən Ermənistana koronavirusa görə 25 mln. ABŞ dolları ayrılmasını istəyib.
Çex Respublikası, Macarıstan, Polşa və Slovakiya hər biri Ermənistana 250 min avro yardım edəcəklərini bildiriblər. Argentinada yaşayan erməni milyarder Eduardo Ernekyan Ermənistan hökumətinə virusa qarşı mübarizə məqsədilə 250 min ABŞ dolları göndərib. Fransadakı Şarl Aznavur fondu da Ermənistana yardım edib. Ermənistan Səhiyyə Nazirliyinin istəyi ilə Dünya bankı 3 milyon ABŞ dolları verəcək. Bu siyahının yaxın günlərdə və illərdə uzanacağı da istisna edilmir. Növbəti illərdə Ermənistan və dünya ermənilər koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində pul toplamağa başlayacaqları da gözlənilən hadisələrdəndir.
Deməli, Ermənistan, kilsə, lobbi, havadarlar və diaspor Dağlıq Qarabağdakı ermənilərdən bir vasitə kimi istifadə edərək pul toplayırlar. Belə əlaçmalarla onlar Qarabağdakı ermənilərə hörmətsizliklərini bir daha nümayiş etdirirlər.
Ermənistan, erməni lobbisi, kilsə və onların havadarları Qarabağı erməni hərbçiləri üçün məzarlıq olmasının baiskarlarıdır. Bu ölkənin ordusunun hərbçiləri və əsgərləri müxtəlif səbəblərdən Azərbaycanın işğal edilmiş torpaqlarında ölürlər. Onları bu torpaqlara kim gətirib? Onların Azərbaycan torpaqları ilə nə əlaqəsi var? Bu sualın bir cavabı var: İşğal etmək. İşğalçının isə aqibəti belə olur.
Bu ilin fevralında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinin şərq istiqamətində yerləşən erməni hərbi hissələrinin birində 23 yaşlı müddətdən artıq xidmət edən hərbçisi Ayk Asryan ölüb. Onun hansı şəraitdə ölməsi isə məlum deyil.
Bu günlərdə Qarabağda bölgəsində Ermənistan silahlı qüvvələrinin əsgərinin naməlum şəraitdə ölməsi ilə bağlı müddətli hərbi qulluqçuya qarşı ittiham irəli sürülüb. Bildirilib ki, müddətli hərbi qulluqçu A.P.-yə qarşı döyüş növbətçiliyi zamanı qayadaları pozmaq, başqa bir cinayəti ört-basdır etmək məqsədilə qətl törətmək maddələri üzrə ittiham irəli sürülüb. Hərbi qulluqçu barəsində həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, aprelin 3-də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbçisi, 2000-ci ildə anadan olan Qaregin Babakexyan naməlum şəraitdə odlu silahdan açılan atəş nəticəsində ölüb.
Deməli, Ermənistandan gətirilən əsgərlər Qarabağda bir-birini öldürməklə öz qəbirlərini qazırlar.
Beləliklə, saxta “erməni soyqırımı”ndan əziyyət çəkmişlərin nəticələri, Spitak zəlzələsindən əziyyət çəkənlərə yardım siyahısına daha biri də əlavə olunacaq - “koronavirusa yoluxanlar”, yaxud bu pandemiya qurbanlarına köməklik. Bu sırada Qarabağdakı ermənilərin də adı tez-tez hallanacaq. Etnik qrup koronavirusun əlində əsir qalan iddialı dövlətlər üçün bölgəyə nəzarət alətidir. Ona görə də bölgədəki, o cümlədən işğal altında olan Azərbaycan torpaqlarındakı ermənilərə yardım edilməsi üçün onlar yazıq, dilənçi kimi göstərilirlər. Bununla da nə Ermənistandakı, nə Qarabağdakı ermənilərə hörmət edilmir. Nəticədə havadarları, diaspor və lobbinin yardımı ilə Azərbaycan torpaqları işğalçı ölkənin gənclərinə məzarlıq olur.