Bia.Az

Müsavatda qurultay ili – İsa Qəmbər qayıdır?

Siyasət
 13-01-2023, 15:52     191

2023-cü ildə Müsavat Partiyasının 10-cu qurultayı keçirilməlidir. Nizamnaməyə görə, qurultay 4 ildən bir çağırılır. 9-cu qurultay 2019-cu il oktyabrın 13-də olub. Qurultayın əsas səlahiyyətlərindən biri partiya başqanını seçməkdir. 2014 və 2019-cu illərin qurultaylarında Arif Hacılı başqan seçilib.

Nizamnamə ardıcıl iki müddətdən artıq başqan seçilməyə yasaq qoyur. Müsavat Partiyasının nizamnaməsinə görə, tək başqan deyil, nəzarət-təftiş qurumlarının, rayon (şəhər) təşkilatlarının, Naxçıvan Muxtar Respublikası təşkilatının və xüsusi statuslu təşkilatların sədrləri də ardıcıl iki müddətdən artıq eyni vəzifəyə seçilə bilməz. Partiya rəhbərliyinə 1992-2014-cü illərdə başqanlıq etmiş İsa Qəmbərin namizəd olması haqda da bəzi gözləntilər var. İddialardan biri də partiyanın keçmiş Məclis sədri Arzu Səmədbəyli ilə bağlıdır. Onun da dəstəkçiləri var və məlumatlara görə, özü də Müsavat başqanı olmağa həvəslidir.
Partiyanın Mətbuat və İnformasiya Departamentinin rəhbəri, Divan üzvü Mustafa Hacıbəyli Novator.az-a açıqlamasında deyib ki, qurultay bu ilin sonuna nəzərdə tutulur: “Hazırlıq işlərini və hakimiyyətin törədəcəyi mümkün əngəlləri nəzərə almaqla, bir neçə ay o tərəf-bu tərəf ola bilər, amma qurultayımızı mütləq keçirəcəyik. Qurultay barədə cəmiyyətə qabaqcadan məlumat veriləcək və partiyanın müxtəlif seçkili orqanlarına namizədlərin təbliğat kampaniyası yenə təkcə Müsavat daxilində deyil, bütövlükdə ölkə ictimaiyyətinin diqqət mərkəzində olacaq”.
Başqanlığa namizədlərin kim olacağına gəlincə, M.Hacıbəyli deyib ki, hələlik rəsmən heç kəs namizədliyini irəli sürməyib: “Amma dəhlizlərdə müəyyən müzakirələr gedir. Yenə də rəqabətli, maraqlı bir seçki olacaq”.
Bəs digər müxalif siyasi partiyalar və sabiq Müsavat üzvləri olan müxalif partiya sədrləri bu məsələyə, xüsusən İsa Qəmbərin başqanlığa qayıtmasına necə baxırlar?
DİA.AZ-ın məlumatına görə, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, qurultay, seçkili orqanlara seçki keçirmək, başqan seçmək kimi məsələlər tamamilə Müsavat Partiyasının üzvlərinin, qurultay nümayəndələrinin səlahiyyətində olan məsələdir. Bu məsələyə kənardan xüsusən digər partiya rəhbərləri tərəfindən müdaxilə etmək etik olmaz: “O ki qaldı İsa Qəmbərlə bağlı məsələyə, şübhəsiz ki, İsa Qəmbər milli demokratik düşərgə kimi adlandıra biləcəyimiz siyasi qüvvələrin tanınmış lideridir və bu statusda qalır. Hesab edirəm ki, İsa bəyin siyasi statusu yalnız Müsavat və ya hər hansı başqa bir partiyanın başqanı statusu ilə ölçülmür”.
AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, digər partiyaların seçkili qurumlarında kimlərin təmsil olunması ilə bağlı məsələyə münasibət bildirmək əslində etik qarşılanmaya bilər. Amma geniş, ümumi anlamda məsələyə mövqe bildirmək olar: “Öncə qeyd edim ki, Milli İstiqlal Partiyasında da sədr seçkiləri ilə bağlı eyni şəxsin iki dəfədən artıq partiya sədri seçilməsinə yasaq qoyan müddəa var. 2005-ci ildə partiyanın nizamnaməsinə belə bir dəyişiklik edilib. Bu cür qadağanın bir partiya üçün nə dərəcədə düzgün olub-olmadığı başqa mövzunun söhbətidir. Ölkədə fəaliyyət göstərən barmaqla sayıla biləcək partiyalar var ki, nizamnaməsində bu cür qadağa var. Onlardan biri Müsavat Partiyasıdır. Hətta bir sıra partiyalarda 30 ilə yaxın müddətdir eyni şəxs sədrlik edir. Ölkə hakimiyyəti qarşısında demokratik tələblər irəli sürən müxalif partiyalar üçün bu hal məqbul deyil. Çünki gərək öncə özün nümunə göstərəsən. İsa Qəmbərin Müsavat Partiyasında başqanlığa qayıdacağını düşünmürəm. O zaman İsa Qəmbər başqanlıqdan gedəndən sonra ard-arda iki dönəm Arif Hacılı başqan seçilib. Hesab edirəm ki, qurultayda nizamnamə dəyişikliyi və məlum qadağa aradan qaldırıla bilər. Bu, ehtimal olunan variantlardan biridir. Bu varianta gedilsə, yəqin ki, Arif Hacılının başqanlığa namizədliyinin irəli sürülməsi mümkün olacaq. Əgər nizamnamə dəyişikliyinə gedilməyəcəksə, yeni şəxs Müsavat Partiyasına başqan seçiləcək. Açığı, İsa Qəmbərin yenidən başqanlığa qayıtması variantını bir o qədər real hesab eləmirəm. Çünki İsa Qəmbər o dövrdə ölkə siyasətində aparıcı siyasətçilərdən biri olaraq Müsavat başqanlığından gedib, onun indi başqanlığa qayıtması bir o qədər real görünmür”.
Müsavat Partiyasının keçmiş üzvü, AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, qurultay keçirmək, başqan seçmək Müsavat Partiyasının daxili işidir: “Kimi başqan seçib-seçməmələri Müsavatın məsələsidir. Bu məsələlər AĞ Partiya olaraq bizi qətiyyən maraqlandırmır. Ona görə də detallardan məlumatsızam və inanmıram ki, bu məsələlər cəmiyyət üçün də maraqlı olsun. Çünki təəssüflə qeyd eləməliyik ki, son illər ərzində Müsavat Partiyasının fəaliyyəti demək olar onu bütün siyasi proseslərdən kənarda qoyub və Müsavat zamanındakı mövqelərinin hamısını itirib. Mənim də həm AĞ Partiya başqanı olaraq, həm də bir siyasətçi olaraq nə oradakı şəxslər, nə oradakı qurultay, nə başqanlığa namizədin kim olub-olmayacağı, İsa Qəmbər qayıtsa nə olacağı, Arif Hacılı qalsa, nə olacağını düşünməyə vaxtım və həvəsim yoxdur. Bu məsələlərin artıq Azərbaycan siyasi səhnəsi üçün önəmli olduğunu da düşünmürəm. Ona görə ki, artıq siyasi reallıqlar, siyasi səhnənin aktorları dəyişib. İnanmıram ki, Müsavatda kimin qalması və ya kimin gəlməsi cəmiyyətdə bir zamanlar olduğu kimi böyük ajiotaja səbəb olacaq”.скачать dle 12.1