Bia.Az

Paşinyan Putinin “qırmızı xətti”nə çatdı: 102-ci baza çıxsın, NATO gəlsin...

Siyasət
 26-10-2022, 09:47     182

Konqresmenlər Ermənistana şirin vədlər verir ki, ABŞ bu ölkənin təhlükəsizliyini bir şərtlə təmin edə bilər - Gümrüdəki rus hərbi bazası evakuasiya edilsin, İrəvan KTMT-dən qopsun; Rusiyanın cavabı nə olacaq

ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosidən sonra Nümayəndələr Palatasının Demokratik Tərəfdaşlıq Komitəsinin sədri Devid Praysın rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvan səfərində maraqlı bəyanatlar səslənib. Amerikalı konqresmenlər və diplomatlar Azərbaycanla qarşıdurmada Ermənistana bir şərtlə dəstək vədi verirlər ki, İrəvan Rusiyadan uzaqlaşsın.
Bu arada qatı ermənipərəst konqresmen Frenk Pallone də erməni mediasına növbəti açıqlama verib. Pallone bildirib ki, ABŞ Ermənistanın təhlükəsizliyinə, o cümlədən NATO ilə yaxınlaşmasına təminat verməyə hazırdır. Ancaq bunun üçün İrəvan Moskva ilə təhlükəsizlik anlaşmalarına yenidən baxmalı və Rusiyanın Gümrüdəki hərbi bazasından imtina etməlidir.
“Yeni Müsavat” yazır ki, Birləşmiş Ştatları təmsil edən ermənipərəst emissarlar Paşinyan hökumətini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa təhrik edirlər. Qəribədir, Ermənistan KTMT-nin sentyabrın 26-da Qazaxıstanda keçirilən təlimlərində iştirakdan imtina etmişdi. Bunu sərhəddəki gərginliklə izah etməyə çalışsalar da, İrəvandan verilən sonrakı açıqlamalar bunun daha ciddi səbəbləri olduğunu üzə çıxardı. Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində dedi ki, Rusiya və təşkilatın digər üzvləri müttəfiqlik öhdəliklərini yerinə yetirməsələr, 2023-cü ilin fevralının sonuna kimi KTMT-dən çıxmaq prosesinə başlayacaqlar. Baş nazir qeyd edib ki, KTMT Ermənistanı itirə biləcəyindən narahatdır: “KTMT-də qorxu var ki, təşkilat Ermənistanı itirə bilər. Eynilə bizdə də bu qorxu var ki, Ermənistan KTMT-ni itirəcək. Bu, söz oyunu deyil”.
Ermənistan hökumətinə rəhbərlik edənlər son vaxtlar Qərbin “qazı”na gəliblər və açıq anti-Rusiya mövqeyinə keçməkdədirlər. Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsinin Ermənistan sərhədinə mülki missiyanın göndərilməsini Moskvada “Rusiyaya qarşı yeni hücum” kimi dəyərləndirirlər. Aydındır ki, bu müşahidəçilərin demək olar hamısı NATO hərbçiləri və xüsusi xidmət üzvləridir. Məqsəd Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq, o cümlədən əski münaqişə bölgəsindən rusiyalı sülhməramlıları və Rusiya hərbi bazasını Gümrüdən qovmaqdır. Rusiya istərdi ki, orada KTMT müşahidəçiləri də yerləşdirilsin, amma Ermənistan bu qərarı bloklayıb. Bütün bunlara baxmayaraq, reallıq heç də Paşinyan hökumətinin istədiyi kimi deyil. Belə ki, Gümrüdə 102-ci baza və Erebunidəki aviasiya bazasından başqa, Ermənistan Tovuzun Əlibəyli kəndi ilə, eləcə də Naxçıvanla sərhəddə bazalar tikmək üçün Rusiyaya torpaq sahəsi ayırıb. Amma Ermənistan və Qərb müttəfiqləri Rusiyanın “qırmızı xəttini” - 102-ci bazanı da hədəf göstərməyə başlayıblar. Bəs Qərb erməniləri bu qədər çox istəyirsə, niyə aşkar şəkildə Rusiyanın əsəbləri ilə oynamağa yönəldirlər? Bu cür oyun Ermənistanı hansı risklərə soxa bilər? Ukraynada başı müharibəyə qarışmış Putin Rusiyaya qarşı Ermənistandan “ikinci cəbhənin” açılmasını gözləyəcək, yoxsa İrəvanı hərəkətə keçməmiş cəzalandıracaq?
Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI - en son xeberler 2022, xeberler bu gun 2022
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, Paşinyan üçün təhlükəli gedişatdır: “Paşinyan anlayır ki, Rusiya ilə ittifaqdan imtina onun özünə və Ermənistana baha başa gələcək. Bundan başqa, Rusiyanın yerinə ABŞ-ın Ermənistanın təhlükəsizliyinə təminat verəcəyinə əmin deyil. Kreml isə bir tərəfdən Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbə yaxınlaşmasından narazıdır, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dili ilə ABŞ, Avropa İttifaqı və Fransa nümayəndə heyətlərinin İrəvana artan səfərlərini tənqid edir, o biri tərəfdən də nəzarətindəki televiziyalar vasitəsilə Azərbaycanı hədəf seçib, Qarabağ separatçılarına informativ dəstək verirlər. Belə çıxır ki, Kreml Azərbaycan və Ermənistanın yerinə Qarabağ separatçılarına üstünlük verib. Bütün bunlar varkən, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri ilə üçlü görüşü nəticə verməyəcək, nəsə ortaq bəyanat qəbul ediləcək, ancaq ardı gəlməyəcək. Putinin bu görüşdə yeganə dərdi ABŞ və Avropaya mesaj göndərməkdir ki, “Cənubi Qafqaz bizlikdir, buralarda görünməyin”. Ancaq Putinə də deyərlər ki, “Sən get, Ukraynada düşdüyün bataqlığın dərdini çək, biz özümüz bilərik nə edərik”.
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev hesab edir ki, ABŞ Rusiyanı özünə düşmən elan edib və onun ətrafında qaynar ocaqlar yaratmaqdadır. “Onlardan biri Ukrayna idi. Bu ölkədə "narıncı inqilab" edib öz adamlarını hakimiyyətə gətirməklə dövləti klouna çevirdilər, sonra Rusiyaya qarşı qoydular. İndi eyni cəhənnəmi Ermənistan yaşamaq istəyirsə, Paşinyan kimi avantüristlər bu yolu davam eləsinlər. Əgər Paşinyan Zelenski kimi addımlar atacaqsa, bundan Ermənistan zərər görəcək. Bu gün onun iqtisadiyyatı Rusiyaya bağlıdır, belə olan halda İrəvan nə etməyi düşünür? Eyni zamanda Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır,  Avropaya çıxışı buradandır. Ümumiyyətlə, ABŞ Rusiya ətrafında bu prosesləri aparır və hədəf Kremldir. Ona görə təsadüfi deyil ki, İrəvandakı Amerika səfirliyinin 2 min işçisi var. Kiçik bir ölkə üçün böyük rəqəmdir".
Ramil Məmmədli: 'Serj Sarkisyan yenə aprel döyüşlərindən danışaraq özünü  rüsvay etdi'
Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Ermənistan və onun siyasi rəhbərliyi son 4 ildə NATO ilə Avropaya inteqrasiya istiqamətində ciddi addımlar atıblar: “Bu proses Sərkisyan dövründə başlamışdı. Ermənistan İran, Qərb və Amerika ilə işləyir, Çinlə də müəyyən razılaşmalar əldə edib. Pekinin İrəvanda səfirliyinin böyük sahəsi var. Konqresmenlərin fikirləri Moskvanın mövqeyini öyrənməyə hesablanıb. Ancaq Ermənistan Azərbaycanla münasibətlərdə hələ bir sıra problemlər həll olunmadığı üçün hələlik bu addımları atmaz, KTMT-dən kənarlaşmaz. Ermənistan bilir ki, Azərbaycanla Rusiya real müttəfiqlik səviyyəsinə çatıb, etibarlı tərəfdaşlar kimi missiyanı davam etdirirlər, İrəvanın isə Qərbə inteqrasiyası Rusiyada izlənilir. Əgər hər hansı praktik addım atılarsa, Ukraynanın etdiyini təkrarlayarsa, Qərbi Zəngəzurda müəyyən əraziləri itirməsi ilə nəticələnə bilər. Ona görə yaxın vaxtda belə addımı gözlənilən deyil, ehtimal ola bilər, ancaq real görünmür”.

Ramiyə Məmmədova 
Siyasi ekspert Ramiyə Məmmədova Paşinyan hökumətinin Avroatlantik məkana inteqrasiya yoluna çıxdığını düşünür: “Ermənistan üçün bu strateji seçim ağır irəliləyəcək, Rusiyanın daimi basqısı altında olacaq, Moskva İrəvanı öz orbitindən uzaqlaşdırmamaq üçün bütün səyləri davam etdirəcək. Ona görə Paşinyanın tamamilə Qərbin yanında dayanması olduqca çətin görünür. Bu halda Ermənistan qurbanlar verməli, imtinalar etməlidir. Misal üçün, Qarabağ məsələsindən tam əl çəkməli, "artsax" iddialarından vaz keçməli, Bakı ilə böyük sülh sazişi bağlamalıdır ki, Rusiyanın bu məsələdə ona təzyiq göstərəcək bir rıçağı qalmasın. İkincisi, Türkiyə ilə münasibətləri səmimi şəkildə qurmalıdır. Bu addımları sürətlə atarsa, radikal-revanşist müxalifəti və cəmiyyəti susdura bilərsə, o zaman Gümrüdəki bazanın çıxarılması üçün addımlar atması mümkündür. İndi real görünmür, Ermənistanın sərhədlərini 5 min rus hərbçisi qoruyur, bütün dəmiryol xətləri rus şirkətlərinin mülkiyyətidir, iqtisadi və hərbi asılılığı var. Ancaq ABŞ yardımları artırmaqla, mərhələli şəkildə Ermənistanda rus təsirini azalda bilər. Ukrayna, Moldova və Gürcüstanın ardınca Ermənistan bu yolla getməkdədir". Ekspertin fikrincə, Azərbaycanla sərhədə Qərbin mülki missiyasının gəlməsinə nail olan Ermənistan bununla KTMT-yə etimadsızlıq göstərdiyinə işarə edir: “Paşinyan fevralda bu blokdan çıxdıqlarını bəyan etsə, o zaman sözün əsl mənasında Rusiya-Ermənistan müharibəsi başlayacaq. İrəvan Kremlin təzyiqlərinə nə dərəcədə tab gətirəcək, bunu demək çətindir, hər halda, Vaşinqton Paşinyanı dəstəkləyəcəyi ilə arxayın etməkdədir. Amma bütün hallarda Rusiyanın Ermənistanı yerində oturtmaq imkanları var. Əgər ABŞ-Rusiya toqquşması Ermənistanda yaşanarsa, yeni konflikt ocağının yarandığını söyləmək olar”.скачать dle 12.1