Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür
İllərdir “regiona kənar qüvvələrin gətirilməsi” ittihamı ilə Azərbaycanı hədəfə alan İranın deyəsən, “bəsirət gözü” açılmağa başlayıb. İranın ali rəhbərinin hərbi müşaviri, general Yəhya Rəhim Səfəvinin Zəngəzur dəhlizi ilə bağlı son açıqlamaları, eləcə də vitse-prezident Məhəmməd Rza Müsavinin TRİPP layihəsindən narahatlığını ifadə etməsi diqqəti bu istiqamətə çəkir və suallar yaradır: İran regiondankənar qüvvələri Cənubi Qafqaza gətirənin Ermənistan olduğunu indi anlayır, yoxsa “gözləri açılıb?”
Bu sualın cavabı qeyri-müəyyən olaraq qalır, lakin artıq İran siyasi dairələrində Ermənistanın regiona ABŞ-ı gətirməyə çalışdığı barədə səslənən fikirlər Tehranın reallıqla üz-üzə qaldığının sübutudur. Çünki vaxtilə “qırmızı xətt” elan etdikləri Ermənistan İrana qarşı əsas platformaya çevrilib.
Yaxşı xatırlayırıq ki, İran rəsmiləri regiondakı proseslərə münasibətdə açıq şəkildə Ermənistanı müdafiə edən mövqe nümayiş etdiriblər. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyi əksər hallarda ya görməzlikdən gəlinib, ya da müxtəlif ittihamlarla hədəfə alınıb. Bu fonda Zəngəzur dəhlizi məsələsi ətrafında ən sərt reaksiyalar da məhz Tehrandan gəlib. Zəngəzur dəhlizini gah “NATO yolu”, gah “Ermənistan sərhədinin pozulması” kimi uydurma formada təqdim edən İran Azərbaycana qarşı reallıqdan uzaq iddialarla ittihamlar yağdırıb. Bunun fonunda Bakıya qarşı “regiona kənar qüvvələrin gətirilməsi”, “İrana qarşı platforma olması” kimi əsassız kampaniyalar aparılıb. Halbuki Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanın İrana qarşı hər hansı ərazi, siyasi və ya hərbi iddiası yoxdur. Azərbaycan heç vaxt İran üçün təhlükə mənbəyi olmayıb. Əksinə, son onilliklər ərzində iki ölkə arasında yaranan gərginliklərin mühüm hissəsi məhz İranın seçdiyi siyasətin nəticəsi kimi ortaya çıxıb. Tehrandakı səfirliyimizə silahlı hücum, 44 günlük müharibə zamanı İran ərazisindən Ermənistana müxtəlif yüklərin daşınması ilə bağlı yayılan məlumatlar, hətta Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın bu məsələyə dair etirafları, Araz çayı boyunca keçirilən hərbi təlimlər uzun müddət Bakıda ciddi narahatlıq yaradıb.
Müharibədən sonra da vəziyyət dəyişmədi. Azərbaycanın suveren ərazilərində fəaliyyət göstərən separatçı rejimə Zəngəzur istiqamətindən qanunsuz yanacaq daşınması faktları ortaya çıxdı. Qarabağda qeyri-qanuni fəaliyyət göstərən qrupların təchizatında İran marşrutunun adı hallandı. Prezident İlham Əliyev də dəfələrlə bu məsələyə münasibət bildirib. Dövlət başçısı yerli telekanallara müsahibəsində qeyd edib ki, Laçın yoluna vizual müşahidə əldə ediləndən sonra hər şey ortaya çıxdı.
“İkinci Qarabağ müharibəsi başa çatandan, artıq biz Laçın yoluna vizual müşahidə əldə edəndən sonra görməyə başladıq ki, İrandan gələn yanacaqdaşıyan yük maşınları müntəzəm olaraq Qarabağa Ermənistandan səfərlər edirlər. Saxta erməni maşın nömrələrini İran yanacaqdaşıyan yük maşınlarının üzərinə yapışdırmaqla sanki bu, Ermənistan maşınlarıdır. Amma onların üzərində farsca yazılar da var idi. Bu bizi çox təəccübləndirdi. Özü də biz araşdırmağa başladıq. Gördük ki, eyni nömrə bir neçə maşına yapışdırılır, yəni, nömrə eyni, maşınlar fərqli idi. Yəni, bu saxtakarlığı da o qədər səliqəsiz etmişdilər ki, adam, vallah, söz tapa bilmir. Ondan sonra biz artıq bir maşını saxladıq, sürücülər saxlanıldı və biz gördük ki, onların yol sənədlərində yazılıb ki, Stepanakert, Ermənistan. Yəni, bu, açıq bizim ərazi bütövlüyümüzə, suverenliyimizə hörmətsizlik idi”, - dövlət başçısı qeyd edib.
Bundan əlavə, 44 günlük müharibədən sonra İrandan Qarabağa göndərilən şəxslərlə bağlı müxtəlif məlumatlar yayıldı. Həmin dövrdə Azərbaycan mediasında və ekspert dairələrində bu məsələ ciddi müzakirə olunurdu. Bütün bunlar Bakının narahatlığının əsassız olmadığını göstərirdi. Lakin Tehran uzun müddət bu reallıqları görmək istəmədi. Əvəzində Zəngəzur dəhlizi ətrafında süni təhlükə obrazı yaradıldı, Azərbaycanın nəqliyyat layihələri regionun sabitliyinə təhdid kimi təqdim edildi.
İndi isə vəziyyət dəyişir. Ermənistanın son illərdə ABŞ və Avropa strukturları ilə hərbi-siyasi əməkdaşlığı genişləndirməsi, Vaşinqtonun Cənubi Qafqazdakı fəallığının artması, müxtəlif beynəlxalq layihələr vasitəsilə regionda möhkəmlənmək cəhdləri artıq Tehranın özündə də narahatlıq yaratmağa başlayıb. Başqa sözlə, İran rəsmiləri indi Ermənistanın illərdir həyata keçirdiyi siyasətin mahiyyətini anlamağa başlayırlar. Anlayırlar ki, Ermənistan heç vaxt İranın strateji tərəfdaşı olmayıb. İrəvanın əsas məqsədi də hər zaman daha böyük geosiyasi oyunçuları bölgəyə cəlb etmək, onların dəstəyindən istifadə etməklə öz mövqelərini gücləndirmək olub.
Maraqlıdır ki, bu həqiqətlər səsləndirilərkən, vaxtilə Azərbaycana qarşı ən sərt ittihamlar irəli sürən şəxslərin səsi eşidilmir. Xüsusilə İranın Ermənistandakı keçmiş səfiri Mehdi Sübhaninin illərlə Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi bəyanatlar yada düşür. Sübhani demək olar ki, hər çıxışında Azərbaycanı ittiham edir, regionda təhlükənin məhz Bakının siyasətindən qaynaqlandığını iddia edirdi. Bu gün isə İranın öz siyasi elitasında Ermənistanın regiona ABŞ-ı gətirmək cəhdləri barədə açıq danışılır. Deməli, problem Azərbaycanın həyata keçirmək istədiyi nəqliyyat layihələrində yox, İrəvanın arxasında dayanan və regiona daxil olmağa çalışan xarici güclərin planlarındadır.
Tehranın bu həqiqəti anlaması müsbət haldır. Ancaq sual dəyişmir: İran bunu niyə bu qədər gec başa düşdü?
Ermənistanın tutduğu yol, seçdiyi geosiyasi kurs və xarici qüvvələri regiona cəlb etmək cəhdləri əslində çoxdan hər kəsə məlum idi. Sadəcə, bəzi dairələr bunu görmək istəmirdi. İndi isə görünən odur ki, Tehranda ünvanlar dəyişməyə başlayır. Əgər əvvəllər bütün iradlar Bakıya yönəlirdisə, artıq həmin sualların bir hissəsi İrəvana ünvanlanır. Bu isə regiondakı yeni geosiyasi reallıqların ən maraqlı nəticələrindən biridir. İran “qardaş” elan etdiyi Ermənistanın “xəyanəti” ilə üz-üzə qalıb







