Kazanda anons verildi: İrəvan hazırlaşır, Bakıya o gələcək

Ötən gün Kazanda baş tutan BRİKS+ sammitində bir araya gələn Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın səmimi görüntüləri geniş müzakirələrə səbəb olub. Artıq bir çox ekspertlər bunu iki ölkə arasında sülhün anonsu kimi şərh edirlər.
Sammit çərçivəsində ikitərəfli görüş keçirən dövlət başçılarının diqqətlə müzakirə apardığı görüntülər maraqla qarşılanıb. Hətta liderlərin Ermənistanın COP29-a qatılması ilə bağlı razılığa gəldiyi də iddia olunur.
Kazan görüşündən sonra Ermənistan COP29-da təmsil olunması gözlənilirmi? Belə olan halda, İrəvan Bakıya kimi göndərəcək?
Globalinfo.az-a danışan politoloq Füzuli Qurbanov deyib ki, BRİKS sammitində Azərbaycan və Ermənistan liderlərinin həm yanaşı oturması, həm də öz aralarında söhbət etməsi adi hadisə deyil:
“Bunu bir ünsiyyət cəhdi kimi qiymətləndirmək olar. Görüşün məhz BRİKS çərçivəsində keçirilməsi xüsusi diqqət çəkir. Müzakirənin Kazanda baş tutması Rusiyanın da Bakı və İrəvan arasında təmaslarda maraqlı olduğunu göstərir. Liderlərin səmimi görüntüləri, dialoqu bütün hallarda müsbət olsa da, digər tərəfdən tələsmək üçün əsas deyil. Bir çox ekspert artıq sülh anonsu verir, bu müəyyən mənada belədir. Amma sülhün uzun proses olduğunu, Ermənistanın mövqeyinin isə tez-tez dəyişdiyini unutmamalıyıq. İrəvan xüsusilə bu kimi görüntülər və ifadələrdən manipulyasiya vasitəsi kimi istifadə edir, prosesin istiqamətini dəyişməyə çalışır.
Füzuli Qurbanov
Ermənistanın BRİKS platformasında Rusiyanın təşəbbüsü ilə sülh müqaviləsini imzalaması real deyil. Hətta Qərb Türkiyəni bu təşkilatla məsafə saxlaması üçün xəbərdar etmişdi. Yəni Ermənistanın təkbaşına Qərbi nəzərə almadan BRİKS-ə üzv olması inandırıcı deyil”.
Politoloqun sözlərinə görə, COP29-da Ermənistanı Nikol Paşinyan olmasa belə, daha aşağı səviyyəli bir rəsmi, ya da onun köməkçilərindən biri təmsil edə bilər:
“Həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın, habelə Təhlükəsizlik Şurasının katibinin də göndərilməsi mümkündür. Əslində İrəvanın COP29-da iştirakının real proseslərə ciddi təsiri olacağını düşünmürəm. Çünki əsas məsələlər Cənubi Qafqazdan kənarda müzakirə edilir. Buna baxmayaraq COP29-un ölkəmizdə keçirilməsi, hətta Ermənistan nümayəndəsinin bu tədbirə qatılması müsbət hadisə olacaq”.