İstanbulda kritik masa: 5 ölkə razılaşdı – Bakının gözlədiyi olmadı

Ötən gün İstanbul Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistanın xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatı çərçivəsində keçirilən iclasın yekununda birgə bəyanat qəbul edilib. Bu bəyanatda regional iqtisadi əməkdaşlığın ölkələr arasında etimadın yaradılmasına, rifah və sabitliyə verdiyi töhfə xüsusi olaraq vurğulanıb. Nəqliyyat, rabitə, ticarət, enerji, investisiya və kommunikasiya sahələrində əməkdaşlıq imkanlarının qiymətləndirilməsi razılaşdırılıb.
Bəyannamədə həmçinin dialoq yolu ilə regionda sülh və sabitliyin təmin edilməsinin vacibliyi qeyd olunub. Görüşə ev sahibliyi edən Türkiyənib Cənubi Qafqazda davamlı sülhün təmin olunması və əməkdaşlığın gücləndirilməsi üçün region ölkələri ilə işləməyə davam edəcəyi bildirilib. Region ölkəsi kimi görüşə dəvət olunan Gürcüstanın bu dəfə də prosesdən kənar qalması diqqət çəkib. Həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında ikitərəfli görüşün keçirilməsi güman edilsə də, bu, baş tutmadı.
Regionda və dünyada hazırkı gərgin vəziyyətdə İstanbulda qəbul edilən bəyannamə platforma ölkələri üçün necə əhəmiyyət kəsb edir?
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Türkiyədə baş tutan bu görüşdə ciddi nəticə əldə olunmadı:
“Tərəflər bundan öncəki görüşlərdə də olduğu kimi bir araya gələrək fikir mübadiləsi aparıblar. Görüş sonrası qəbul edilən birgə bəyanata nəzər saldıqda ümumi ifadələrin yer aldığını görmək olar. “3+3” formatı çərçivəsində görüşlər bundan sonra da davam edəcək. Lakin hələ də tərəflər arasında fikir ayrılıqları var. Doğrudur, bu fikir ayrılıqları əvvəlki kimi dərin və sərt olmasa da, müəyyən qədər hiss edilir.
Görüşlə bağlı əsas gözlənti Ermənistan ilə Azərbaycan arasında sülh sazişinə dair fikir mübadiləsinin aparılması idi. Lakin biz bunun baş tutmadığını gördük. Xüsusilə də İrəvan bu istiqamətdə heç bir addım atmayıb. Azərbaycanın şərti və gözləntisi isə açıq-aydındır. Rəsmi Bakı ən qısa zamanda Ermənistanın konstitusiyasının dəyişdirilməsini tələb edir”.