Olaylar gözlənilməz hal aldı – Rusiya Gürcüstan ərazilərini qaytarır, Ermənistanda isə...
Rusiya Gürcüstanda istəyinə nail olacaq, Ermənistanda isə proses bir qədər uzanacaq.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Səxavət Məmməd deyib.
Ekspert iki qonşu ölkədə baş verən son siyasi gəlişmələri şərh edib:
“Gürcüstan və Ermənistanda baş ver prosesləri bir-birindən ayırmaq olmaz. Rusiya ilə Qərb Cənubi Qafqaz uğrunda mübarizə aparır. Rusiya Ukrayna müharibəsinə görə Cənubi Qafqazda sahəyə enmirdi. Ukrayna müharibəsində Rusiya istəyinə nail olmağa başladıqca, xüsusilə Gürcüstanla bağlı mövqeyini müəyyən etməyə başladı. Açığı, təkcə Gürcüstan yox, bir çox ölkələr Ukrayna müharibəsinin necə nəticələnəcəyini gözləyir. Rusiyanı dayandırmaq elə də asan məsələ deyil. Demək olar, bunu Qərbin bütün dairələri etiraf etməyə başlayıb. Rusiya da Ukraynada istəyinə nail olmağa başladıqca, digər istiqamətlərdə də hərəkətə keçir.
Ermənistan son zamanlarda Qərbə üz tutmaq, NATO-ya inteqrasiya baxımından çox işlər görüb. Rusiya Ermənistanın bu addımlarına sadəcə bəyanatlarla cavab verirdi, amma meydana girəcəyi gözlənilən idi. Demək olar, Ermənistanda müxalif düşərgə Kremldən idarə olunur. Paşinyanla Putinin görüşündən sonra gözlənilirdi ki, mitinqlər səngiyəcək. Görünən odur ki, Paşinyan Putinin təkliflərini qəbul etməyib. Ona görə də, mitinqlər yenidən alovlanıb.
Rusiyanın Ermənistanda ən böyük problemi lider tapa bilməməsidir. Çünki erməni xalqı “Qarabağ klanı”nını sevmir. Ona görə də, ən unikal variant keşişi ön plana çıxarmaq idi. Ermənistan əhalisinin dinə bağlılığını nəzərə alsaq, Rusiyanın bu addımını anlamaq olar. Bundan əlavə, dünyada Katolik kilsəsi ilə Pravaslav kilsəsi arasında da bir savaşın getdiyi iddia olunur. Rusiya bu rəqabətin davam etdiyinin də mesajını vermiş olur”.
Səxavət Məmmədin fikrincə, Rusiya Ermənistandan daha çox Gürcüstanda istəyinə nail olmaq istəyir:
“Çünki Gürcüstanda Qərdən gələn pulların idarə olunması yönündə ciddi şəbəkə qurulub. Bu isə nəinki Rusiya, elə region ölkələri üçün də təhlükə yaradır. Bundan başqa, Rusiyanın Gürcüstana təklifləri daha cəlbedicidir. Bu kontekstdə Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılması daha real görünür. Azərbaycanla Rusiya arasında münasibətlərin müsbət irəliləyişi, rəsmi Bakının Moskva ilə yaxınlıq edərək istədiklərinə nail olması bir çox ölkələri hərəkətə keçirib. Artıq Rusiya ilə problemi olan ölkələr açıq dilə gətirirlər ki, Azərbaycan edə bilibsə, demək, Rusiya ilə bu cür də dil tapmaq olarmış.
Hesab edirəm ki, Rusiya Gürcüstanda istəyinə nail olacaq. Ermənistanda isə proses bir qədər uzanacaq. Çünki erməni cəmiyyətində Rusiyaya qarşı bir aqressiya var, Azərbaycanla müharibədə məğlubiyyətlərinə görə Rusiyanı günahkar bilirlər”.