Bia.Az

Kreml düyməni basdı - İNCƏLƏMƏ

Region
 7-05-2024, 21:54     359

Rusiya Erməniləri İttifaqı Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə Nikol Paşinyan hakimiyyətinə qarşı davam edən aksiyaları dəstəkləyən bəyanat yayıb.

Qurum erməniləri Ermənistanda hakimiyyəti devirmək üçün birləşməyə çağırıb.

“Rusiya Erməniləri İttifaqı Ermənistanın davam edən təmizlənmə prosesinə qeyd-şərtsiz dəstəyini ifadə edir və sosial statusundan, partiya mənsubiyyətindən və yaşayış yerindən asılı olmayaraq hər bir ermənini Baqrat Srbazanın başçılıq etdiyi vətənpərvərlik hərəkatına qoşulmağa çağırır.

Heç bir şəxsi ambisiya, rəğbət və ya antipatiya bu gün Ermənistanın azad edilməsi prosesində kiminsə biganəliyinə və iştirak etməməsinə haqq qazandırmır. Bu, hamıya aiddir. İnşaatçıya da, əkinçiyə də, tələbəyə və ya ofisianta da, xüsusilə ziyalılara və biznes elitasının nümayəndələrinə də.

Sizin susmağınız Paşinyan hökumətinə ictimai şüuru manipulyasiya etməyə, məğlubiyyət hissləri aşılamağa, insanları alçaldıcı sazişə itaət etdirmək üçün qorxutmağa imkan verib. Amma bu gün elə bir məqam gəlib çatıb ki, sizin susmağınız milli və dövlət maraqlarına xəyanətə şərik olmağa bərabərdir. Dünən eşidilməyən səsiniz bu gün aydın eşidilməlidir. Sabah gec olacaq.

Mənəvi-psixoloji soyqırıma məruz qalan, dərin dram yaşayan xalqımız buna baxmayaraq, nə cür kinli oyunlara, manipulyasiyalara, aldatmalara məruz qaldığını anlamağa başlayır. Lakin vəziyyəti dəyişmək və heç kim Paşinyana xalqa və konstitusiyaya zidd hərəkətlərə görə torpaqlarımızı təslim etmək, onu zəngin tariximizdən, ənənələrimizdən əl çəkməyə məcbur etmək üçün mandat vermədiyini sübut etmək üçün bütün gücümüz və resurslarımız var” - müraciətdə belə deyilir.

Qeyd edək ki, Rusiya ermənilərinin adından yaılan bu bəyanat Ermənistan hakimiyyətinə qarşı etirazların Moskvadan idarə olunduğunu bir daha təsdiq edir.

Xüsusilə də proseslərin mərkəzində Eçmiədzin kilsəsinin əsas yer tutması əslində, aksiyaların xaricdəki erməni diasporu ilə bağlılığını da göstərir. Artıq sözügedən bəyanat kilsənin siyasi təlimatı Rusiyadakı erməni diasporundan aldığını deməyə əsas verir.

Lakin bütün hallarda hadisələrin siyasi ssenarisinin ilkin mənbəyinin Kreml olduğu şübhə doğurmur. Erməni diasponunun və kilsənin Paşinyan hakimiyyətinə qarşı aksiyalara cəlb edilməsi də eyni planın tərkib hissəsidir. Baş nazir Nikol Paşinyanın Prezident Vladimir Putinlə görüşmək üçün Rusiyaya nəzərdə tutulan səfərindən bir gün əvvəl diasporun adından yayılan bəyanat təsadüfi sayıla bilməz.

Çox güman ki, Kremlin erməniləri siyasi cəhətdən səfərbər etməsi Paşinyana təzyiq məqsədi daşıyır. Çünki Ermənistan-Rusiya münasibətlərinin gələcək inkişafı bu görüşün nəticələrindən asılıdır. Vladimir Putin Nikol Paşinyanı Qərbyönümlü xarici siyasət kursundan, Ermənistanın Kollektiv Təhlükəslik Müqaviləsi Təşkilatından çıxmaq niyyətindən daşınmağa və ikitərəfli münasibətlərdə əvvəlki siyasi iyerarxiyanı saxlamağın vacibliyinə inandırmağa çalışacaq.

Əks təqdirdə, Putin Rusiyanın Cənubi Qafqazdakı maraqlarından imtina etməyəcəyi və Ermənistanın təhlükəsizliyinin təhdid altına düşəcəyi barədə Paşinyana xəbərdarlıq edəcək. Lakin Paşinyanın Putinlə ümumi mövqeyə gələcəyi ehtimalı azdır. Paşinyan xarici siyasətdə Rusiya və Ermənistanın bir -birinin daxili işlərinə qarışmamaq prinsipinə üstünlük verməli olduğunu düşünür.

İlk dəfə 2018-ci ildə hakimiyyətə gəldikdən sonra bu fikri Paşinyanla ilk görüşündə onun diqqətinə çatdırıb. Buna baxmayaraq, həmin dövrdə Ermənistanın Rusiya ilə münasibətləri paritet əsaslarla qurması mümkün deyildi. 2022-ci ildə Ukraynada müharibə başladıqdan sonra Rusiyanın Cənubi Qafqazda geosiyasi təsirinin azalması və Qərbin regiona diqqətinin artmasından istifadə edən Paşinyan indi Ermənistanın başqa dövlətin forpostu olmamasının vacibliyindən danışır.

Ona görə də böyük ehtimalla, Paşinyan Putinlə görüşündə Ermənistanın daxili işlərinə qarışmamağın ikitərəfli münasibətlər üçün faydalı olacağını söyləyə bilər. Yəni Baş nazir rəsmi İrəvanın Qərblə artan əlaqələrinin və təhlükəsizliyin diversifikasiyası istiqaməsində atdığı addımların Rusiyanın əleyhinə yönəlmədiyini, Ermənistanın daxili məsələsi olduğunu deyəcək.

Əks təqdirdə, Putinlə müəyyən razılaşmalara getmək Paşinyanın Qərbdən artan siyasi və iqtisadi dəstəyinin dayanmasına səbəb ola bilər. Bu isə təkbətək danışıqların nəticəsiz başa çatacağını proqnozlaşdırmağa əsas verir. Nəticədə, Rusiya-Ermənistan münasibətləri daha gərgin mərhələyə daxil olacaq.

Yaxın perspektivdə Ermənistanda aksiyaların davam etməsi fonunda hakimiyyət-kilsə qarşıdurması gözləniləndir. Paşinyanın bütün proseslərə erməni qriqoryan kilsəninin rəhbəri II Qareginin başçılıq etməsi və onun benifisiarının eks-prezident Robery Köçəryan olması barədə dedikləri Ermənistanda Rusiyayönümlü müxalifət Qərb tərəfdarı olan hakimiyyət arasında siyasi qarşıdurmanın güclənəcəyinə işarədir. Ancaq hakimiyyətdən fərqli olaraq, kilsənin dəstəyinə arxalanan müxalifətin reytinqi siyasi vəziyyəti öz xeyrinə dəyişəcək səviyyədə deyil və çox zəifdir.

Hətta sabiq prezident Serj Sarkisyan da Robert Köçəryanın hakimiyyətə qayıtmaq niyyəti qəbul etmir və bu xüsusda aralarında ciddi narazılıq var. Daxili resursları xeyli zəif və pərakəndə olan Ermənistan müxalifəti daha çox Rusiyaya arxalanır. Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə aksiyaların təşkilində Rusiya Provaslav Kilsəsinin də məxfi iştirakı məlum məsələdir.

Yəni kilsə Paşinyan hakimiyyəti üçün potenmsial təhlükə mənbəyi olaraq qalır. Ona görə də Paşinyanın ölkənin qəbul olunacaq konstitusiyası ilə kilsənin siyasətə müdaxiləsini məhdudlaşdıracağı ehtimal edilir.

Müşfiq Abdulla
“Cebhe.info”
скачать dle 12.1