Ağsu Xəstəxanasının yeni direktoru HÖKUMƏT QƏRARLARINI TANIMIR...

Gülnarə Muxtarovanın idarəçilik prinsipləri ağsuluların qəzəbinə od ələyir
Bu ilin oktyabr ayında Ağsu Rayon Xəstəxanası PHŞ-nin direktoru Əli Hüseynov yaş həddi ilə əlaqədar vəzifədən azad edildi. Dekabrın 1-nədək direktor səlahiyyətlərini Poliklinika şöbəsinin müdiri Nazir Əzizov icra etdi. (O Nazir Əzizov ki, Ağsu Xəstəxanasının "əsas kassa"larından biri sayılır... Bu barədə bir qədər sonra.) Dekabr ayının 1-dən isə sözügedən xəstəxanaya TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə Gülnarə Muxtarova təyin olundu. G.Muxtarova Ağsu Xəstəxanasına hansı yolla, necə, niyə gəlib?.. - bunlarla işimiz yoxdur. Bizi maraqlandıran iş fəaliyyətinin nəticələridir.
Əvvəla, qeyd edək ki, Əli Hüseynovun xəstəxanaya rəhbərlik dövrü bir çox keyfiyyətləri ilə yadda qalıb. "Əli doxtur": xəstəxananın birinci mərtəbəsində, pasiyentlərin - tibbi yardıma ehtiyacı olan insanların əsas gəliş-gediş yerində özünə bir guşə ayırıb, bir masa qoyub, arxasında əyləşirdi və hər kəsin ona müraciət etməsinə rahat şərait yaradırdı; digər rayonlarda xəstələr dövlət qayğısından süni şəkildə kənar saxlanılanda Ağsu xəstəxanasında qeydiyyatda olan xəstələr vaxtlı-vaxtında şəkər ölçən cihazla, müxtəlif dərman vasitələri ilə pulsuz təmin edilirdi; tibbi personal daxili nizamlama təlimatına uyğun olaraq, xəstələrin rahat və operativ qəbulunu, müayinəsini, müalicəsini həyata keçirirdilər... Və sairə.
Gülnarə Muxtarova isə xəstəxananın 2-ci mərtəbəsində labirint timsallı dəhlizin dolanbac küncündəki bir otaqda qərar tutub. Aparıb göstərən olmasa, onun iqamət yerini kimsə tapa bilməz. Xanım direktorun qəbuluna düşməksə ayrı bir illətdir; Kişi rəhbərlər özünə əks cinsin nümayəndəsindən katibə - köməkçi seçdikləri kimi, Gülnarə xanım da cavan bir oğlanı özünə köməkçi götürüb. Həmin köməkçi oğlanın "tilsimini" qırdıqdan və direktorun xüsusi icazəsindən sonra qəbula düşmək mümkünləşir.
Rayon əhalisinin söz-söhbətlərinə görə, yeni direktorun yeniliklərindən biri xəstəxana şəraitində xəstələrə sistem qoşulmasının ləğv olunmasıdır. Digər bir "yeniliksə" tibb bacılarının uzun müddətdir çalışdıqları şöbədən dərbədər salınaraq başqa sahələrdə işləməyə məcbur edilməsidir. Xəstəxananın öz dəhlizlərində dolaşan narazılıqlardansa belə nəticə hasil olur ki, həkimlər aylığa bağlanıb, - "al gətir, ver, işlə"!..
Dünən canlı şahidi olduğumuz bir özbaşınalığı da diqqətə çatdırmaq istəyirik. Belə ki, qrip infeksiyasından pozulmuş bir xəstəmiz Ağsu xəstəxanasında qan analizi verdikdən , rentgen aparatından keçdikdən, lor həkimin rəyindən sonra terapevtin qəbulunda oldu. Müayinə nəticələrinə əsasən, "can həkimi" xəstənin bir neçə gün xəstəxana, yaxud ev şəraitində ciddi müalicə olunmasını məsləhət bildi. Çünki xəstənin bronxlarında ciddi infeksiya əlamətləri vardı, boğazında yara əmələ gəlmişdi, boğulma əlamətləri müşahidə olunurdu və s. Xəstə əmək müqaviləsi ilə dövlət imtiyazlı şirkətdə çalışdığından, ona 2 günlük bülleten açılması vacibatı ortaya çıxdı(ona görə 2 günlük ki, dekabrın 30-dan yanvarın 6-na qədər onsuz da qeyri-iş günü elan olunub). Bülleten açılması üçün müayinə nəticələrini əks etdirən tibbi sənədləri xəstəxana direktoruna təqdim etdikdə, Gülnarə xanım xəstənin bədən temperaturunu soruşdu. Bildirildi ki, "qızdırma" xəstəliyin ilk günlərində müşahidə olunub, hazırda ciddi temperatur olmasa da, xəstənin səs telləri sıradan çıxıb, üşüdür, baş gicəllənməsi var, iştahdan kəsilib, iş qabiliyyəti tükənib... Direktor bildirdi ki, 39 dərəcə temperatur yoxdursa, bülleten aça bilmərik. Heç xəstənin özünə də nəzər yetirmədi, həkim rəylərinə baxmadı. "Bu gün ayın 28-dir. Baş nazirin qərarına əsasən, dekabrın 30-u - 1-ci günün iş rejimi dekabrın 28-nə, yanvarın 3-ü - 5-ci günün iş rejimi dekabrın 29-na köçürülüb. Niyə dekabrın 28-i günü sizin işçiləriniz günorta saat 3-ə qalmış, kütləvi şəkildə, iş yerini tərk edib getdilər, saat 3-ə qalmış qan alazinin cavabını "printerimiz işləmir", "iş vaxtımız qurtarıb" bəhanəsiylə məsuliyyətdən yayındılar və sizin qəbubulunuza getdiyimi görüb, analiz cavabını, tələsik halda, pilləkənlərdə bizə çatdırdılar" suallarının cavabında dedi ki, bu gün qısa iş günüdür. Direktor olan adam, Baş nazirin bayramla əlaqədar kalendarda dəyişiklik etdiyindən xəbərsiz kimi, "bu gün 6-cı gündür" deyə cavab verdi.
"Siz həkimlərinizin rəylərinə etibar etmirsiniz?" iradımızın qarşılığında, direktor xanım yanında müntəzir dayanmış Nazir həkimə "onların kağızlarına baxın" göstərişini verdi. Nazir Əzizovsa vəzifə iradəsinə yenilərək, "Ciddi bir şey yoxdu" dedi. Nazir həkim, əvvəldə yazdığımız kimi, "kassa"dı axı, ona görə rəhbərinin fikrini təsdiqlədi. 5 dəqiqə sonra isə dəhlizdə Nazir həkim xəstəni görüb dedi ki, doğrudan bu xəstəyə müalicə lazımdır...
Vəssalam! Bülleten açılmalı olmadı. Açılmalı olan Ağsu xəstəxanasının divarları içərisində baş tutan gizlinlərdir.
Gülnarə Muxtarova Bakıdan gəlib Ağsuya. Həkim-metodist, həkim-məsləhətçi və uşaq klinikasında müavin vəzifələrində təcrübə yığıb. Ola bilsin, Gülnarə xanım, son vəzifəsinə uyğun olaraq, indi də qarşısındakıları uşaq sayaraq idarəçilik siyasəti aparır, amma, o, nəzərə almalıdır ki, uşaqlıq dövrü 13-15 yaşa qədərdir.
Həkim Nazir Əzizova gəlincə, 1986-cı ildən xəstəxanada müxtəlif vəzifələrdə işləyib. Əvvəli necə olub, özü bilər, son illərinin iş prinsiplərini, əməllərinin "qəlbirdən tökülən hissələrini", xəstələrə necə diaqnoz qoyub, tarixçə açmalarının alt qatlarını oxucularımızla da bölüşəcəyik!
Bir sözlə, Ağsu Xəstəxanası başdan-başa mövzudur! Odur ki, "Hələlik" deyirik!
Sözardı: Mövzuda adları çəkilən şəxslərin mövqelərini dinləməyə və bölüşməyə hazırıq.
S.Əhməd