Bia.Az

Xudafərin həsrəti – yarımçıq ədalət

KÖŞƏ YAZARLARI
 29-10-2020, 14:27     984

Məhəmməd Talıblı
Xudafərin sadəcə bir körpü deyil. Sirli bir tarixdir. Daha çox simvoldur. Tarixi ədalətsizliyin simvolu. İkiyə bölünmüş millətin ayrılığını simvolizə edən tarixi abidədir. Bir bədəni ikiyə bölən əlamətdir. Cənubi və Şimali Azərbaycanı qondarma bir körpü ilə bölən iti bıçaqdır. O pıçaqla pendiri kəsirmiş kimi bir milləti ortadan böldülər. Xudafərin eyni zamanda iki ayrı-ayrı bədəni birləşdirən də körpüdür. Nə qəribə birləşdirici və ayrıcı mahiyyəti var bunun?!

Tarixçi Həmdullah Qəzvini “XUDA-AFƏRİN” sözünü “Allah tərəfindən yaradılmış”, “Allah, Mərhaba” kimi izah edir. Allah birlik, həmrəylik və uzlaşma tərəfdarı olub. Allah bölücülüyü, təfriqətçiliyi təqdir etmir. Allahın adı ilə bölücülüyə bəraət donu biçmələr də, alınmaz. Çünki Allah təkdir, bütövdür və bütün dünyanı bir görmək istəyib.

Araz çayı vasitəsilə Şimali və Cənubi Azərbaycanı Xudafərin adlı 2 körpü vasitəsilə ayrılıb. Birinin uzunluğu 130 metr, digərininki 200 metrdir. Xudafərin körpüsü üzərində erməni əsgərlərinin 27 il dayanması işğal altında olan müddətdə körpünün uzunluğunu 130, 200 km zaman məsafəsi kimi görsəndi bizlərə. Həm zaman məsafəsin, həm də fiziki məsafəsin çox uzatdı bu ayrılıq...



Bir insan əsir düşəndə dili ilə sonradan yaşadığı acıları danışa bilir. Yaddaşını qurdalayıb ömründə iz qoymuş əzablı şırımları şüuraltından çıxarıb sətibəsətir yaza bilir. Xudafərin amma bu onilliklər ərzində dilsiz varlıq kimi nələr çəkdi, bilmədik. Nəyi hiss etdisə, dilinə gətirə bilmədi. Əsirliyini lal-dinməz yola verdi, özü bundan sarsıldı, amma bizləri incitmək istəmədi. Əsirlikdə olduğu müddəti heç bir varlıq belə sükutla yola verə bilməzdi. Xudafərin bunu bacardı.

Xudafərin körpüsü Şimali və Cənubi Azərbaycanı biri-birindən ayırmaq üçün İranla SSRİ-nin birgə qərarı ilə dağıdılıb. Bu tarixi ədalətsizlikdən sonra yerli əhali bu körpüyə “sınıq körpü” adın verib. Əslində qəlbləri sındıran, ürəkləri pərişan edən və milləti parçalan körpünün adıdır bu... “Sınıq körpü” kimi ad qoymuş bir uçurulmuş divar sərhəddi içimizdə sınmış insan əzabı yaşantısının dərin şırımlarını qoyub...
Türk mütəffəkiri, şairi Nəcib Fazil Qısakürək yaxşı yazmış:
Bana yakan gözlerle bir kerecik baktınız
Ruhuma büyük temel çivisini çaktınız
Yay tətillərində Naxçıvana gedən zaman tranzit ölkə kimi İran İslam Respublikasından keçərdik. Arazın o tayına boylananda vətəndaş kimi çox yaralanmışıq...
Xudafərin körpüsü Cəbrayıl rayonunun Qumlaq kənd ərazisində yerləşdiyi üçün işğal altında olan torpağa avtomobillərimizdən baxan zaman yalnız erməni əsgərlərin görərdik. Sənə aid olan torpaqlara düşmən qüvvələri nəzarət edirsə, vəziyyəti təsəvvür edin. Hər dəfə sərhəd bölgələrindən keçərkən öz torpağında gəzə bilməməyin əzabların yaşamışıq. Öz evinin sahibi kimi yox, kirayənişini kimi yaşamaq bilirsiz, necə dərddi?!
“Xudafərin”in o tərəfində kənd təsərrüfatı işləri ilə məşğul olan erməniləri görəndə bu kədəri yolboyu içimdən çıxara bilmirdim. Naxçıvanadək çiyinlərimdən ağır yük kimi daşıdığım o ovqatın aurasından çıxa bilmirdim. “Xudafərin”də erməni əsgərlərinin (farslar “sərbaz” deyərdilər) keşik çəkdiyini gördükcə içimiz göynəyirdi. Qürurumuzu tapdanmış bilirdik. Həmin əzablı keçmişi indi reallıq yox, tarix etdik. Bu qüruru bizə yaşadan müzəffər ordumuz qarşısında baş əyirəm. Başqalarının qarşısında bu səhnələri görəndə başıaşağı olmaq əzabından bizləri qurtardıqları üçün...

Bir əsrin 1\4 qədər (27 illik) ayrılıqdan sonra 04.10.2020 tarixində üzümüzü qara rəngə boyamış ləkəni silə bildik. Bu tarixdə Cəbrayılı geri qaytardıq. Müstəqilliyimizin özündə də görünür ki, bir sirr var. 
Müstəqillik günündə - 18 oktyabrda isə Xudafərin körpüsündə Azərbaycan bayrağı sancıldı. İndi artıq şanlı və döyüşkən Azərbaycan əsgəri bu körpünün keşiyində duranda bizlərin başımızın uca tutmasını təmin etdi. Bizi özümüzə qaytardi. Sosial şəbəkələrdə qəlbi sızladan Cənublu qardaşımızın hönkür-hönkü ağlayıb sızladığı sözlər iç dünyamızı yerlə-yeksan etdi: “İlahi, sənə şükür, arzumuza çatdır, bu günü gördük.” Nə qəribə duyğu, nə əzablı yaşantı...

Nəhayət 27 illik işğal altında qalmış Xudafərin körpüsün xilas etdik. Kiçik bir tarixi ədalətsizliyi aradan qaldırdıq. Böyük bir tarixi ədalətsizliyi edənləri isə “hörmətlə” anırıq...
18. 10. 2020скачать dle 12.1