Bia.Az

Avropa qaz istəyir: Azərbaycan əhalisinə yeni problem? - GƏLİŞMƏ

İqtisadiyyat
 31-08-2022, 14:20     324

Serbiya 2023-cü ildə Azərbaycandan təbii qaz almağı planlaşdırır.

Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib. Vuçiç vurğulayıb ki, ölkənin maliyyəsi gələcək aylarda gözlənilən tədarük çatışmazlığı ilə mübarizə aparmaq üçün Rusiyanın enerji mənbələrinə alternativ təmin edəcək qədər güclüdür.

Balkan ölkəsi Ukraynadakı müharibədən və Serbiyanın qoşulmağa çalışdığı Aİ-nin Moskvaya qarşı sanksiyalar tətbiq etməsindən sonra zəifləmiş Rusiya neft və qazından asılıdır.Vuçiç bildirib ki, Serbiya yanacaq mənbələri axtarıb:

“Avropa torpağında müharibənin əvəzini ödəməliyik”.

Dövlət başçısı əlavə edib ki, milli maliyyə sistemi öhdəsindən gələnə qədər insanlar zərər görməyəcək:

“İraq nefti alacağıq. Venesuela ilə də danışmağa çalışacağam. İstənilən yerdən neft alacağıq”.

Serbiya həmçinin 2023-cü ildə Azərbaycandan qaz almağı planlaşdırır və anbarda saxladığı qazın həcmini ən yüksək səviyyəyə çatdırıb.

Qeyd edək ki, Azərbaycan qazı daxili bazarı təmin etməklə yanaşı bu gün ixrac bazarında da öz sözünü deyir. Qarşıdakı dövrdə Azərbaycan qazı ilə bağlı beynəlxalq bazarların sayının artması, o cümlədən Serbiyanın bu bazara daxil olması gözlənilir.

Belə olduğu təqdirdə mövcud qaz həcmləri buna imkan verəcəkmi və daxili tələbatın ödənilməsində problem yarana bilərmi? Dia.az-ın məlumatın agörə, neft və qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev Cebhe.info-ya bildirdi ki, Serbiya Avropa İttifaqı üzvü olmadığına görə, bir çox hallarda Rusiya ilə birbaşa karbohidrogen yanacaqlarının tədarükü ilə bağlı müqavilə bağlamaq imkanları genişdir:

“İndiki şəraitdə “Cənub Qaz Dəhlizi”nin Avropa ayağı olan Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə digər ölkələrə, Bolqarıstan, İtaliya, Yunanıstan, Albaniyaya hər hansı təbii qaz ixracı mümkün deyil. Çünki kəmərin genişləndirilməsi məsələsi var. Bundan başqa bizim İtaliya, Yunanıstan, Bolqarıstanla qaz tədarükü ilə bağlı uzunmüddətli müqaviləmiz var.

Hazırda enerji bazarlarında qeyri-müəyyən bir vəziyyətin hökm sürdüyü bir vaxtda təchizatçı şirkətlər, Azərbaycan, Türkmənistan, Rusiya, Norveç olsun, uzunmüddətli müqavilələrin bağlanmasında maraqlıdırlar. Ona görə Serbiyaya 2023-cü ildə hər hansı tədarük həcmlərinin verilməsi gündəmdə deyil. Çünki “Cənub Qaz Dəhlizi”nin Avropa ayağı olan Trans Adriatik Boru Kəmərinin genişləndirilməsi həllini tapmasa, bununla bağlı investisiya həcmləri müəyyən edilməsə, digər bir dövlətə Azərbaycan təbii qazının ixracı mümkün deyil.

Baxmayaraq ki, “Şahdəniz” qazı və kondensat yatağı ilə bağlı digər qaz layihələrimiz var. Burada söhbət qaz həcmi deyil, kəmərin ötürücülük qabiliyyətindən gedir. Trans Adriatik Boru Kəmərinin ötürücülük gücü 10 milyard kubmertdir. Təbii qazın axın sürətini artırmaq mümkün olarsa, gündəlik 31-32 milyon kubmetrlik qaz ixrac etmək olar. Lakin bu qaz həcmləri İtaliya, Yunanıstan, Bolqarıstan üçün nəzərdə tutulub.

Qarşıdakı illərdə qazpaylayıcı şəbəkə sistemi formalaşdıqdan sonra biz Albaniyaya da müəyyən həcmlərdə qaz verə bilərik. Çünki Trans Adriatik Boru Kəmərinin bir hissəsi Albaniya ərazisindən keçir. Ona görə də digər ölkələrə qaz ixracı üçün ilk növbədə qaz kəmərində genişləndirmə aparılmalıdır. Bu gün “Cənub Qaz Dəhlizi”nin Balkanlar istiqamətində genişləndirilməsi məsələsi də Aİ prioritetlərindən biridir”.

Eksper deyir ki, Azərbaycanın da beynəlxalq ixrac qabiliyyətini daha genişlədirməklə bağlı hədəfləri var:

“Qarşıdakı illərdə Avropaya daha böyük qaz həcmlərinin ixracında maraqlı bir tərəfik. Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir.

Bu həm daxili tələbatın, həm də beynəlxaq ixrac qabiliyyətinin genişləndirilməsinə bəs edir. Ancaq bu, siyasi qərarlar qəbul ediləcəyi təqdirdədir. Çünki kəmərin genişləndirilməsi bir Azərbaycanın problemi deyil. Genişləndirilmə işləri aparılarsa, mərhələli şəkildə Azərbaycan adıçəkilən bazarlara əlavə qaz həcmləri çıxara bilər. Hər il neft hasilatında enmələr müşahidə edilir, ancaq qaz hasilatında sıçrayışlar mövcuddur. Təbii ki, belə olan halda bizim beynəlxalq ixrac qabiliyyətimiz genişlənəcək”.
скачать dle 12.1