Bia.Az

Azərbaycanın bu platformada yer alması Rusiyanın marağındadır - NƏ BAŞ VERİR?

İqtisadiyyat
 26-08-2022, 10:56     307

Məlum olduğu kimi, avqustun 23-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. “Yeni Müsavat” xatırladır ki, telefon söhbəti əsnasında iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub. Telefon söhbəti zamanı regional gündəliyə dair fikir mübadiləsi də aparılıb. Qarşıdakı çoxtərəfli görüşlərin, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatının və Türk Dövlətləri Təşkilatının Səmərqənddə baş tutacaq zirvə görüşlərinin qrafiki və gündəliyi nəzərdən keçirilib.

Bəllidir ki, hazırda Şanxay Əməkdaşlıq Təşkilatına Özbəkistan sədrlik edir. Amma bu ölkənin sədrlik dönəmi pandemiyaya təsadüf etdiyindən zirvə toplantısını keçirmək mümkün olmayıb. Gələn ay isə artıq liderlər səviyyəsində sammit keçiriləcək. Böyük ehtimalla da, telefon danışığı zaman Azərbaycan Prezidenti zirvə görüşündə iştirak üçün dəvət edilib. Bu gün ŞƏT dünyanın ən böyük regional təşkilatıdır. ŞƏT-in yaradılması haqda bəyannamə 2001-ci ilin iyununda Şanxayda altı dövlət - Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan tərəfindən imzalanıb. 2017-ci ildə Hindistan və Pakistan ŞƏT-in tamhüquqlu üzvü olub. Təşkilatın işində dörd müşahidəçi ölkə - Əfqanıstan, Belarus, İran və Monqolustan, altı dialoq tərəfdaşı Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lanka iştirak edir. Sentyabr sammitində Belarus və İranın ŞƏT-ə tamhüquqlu üzv olacağı gözlənilir. ŞƏT-ə üzv ölkələrin iqtisadiyyatlarının ümumi həcmi 20 trilyon dollara yaxındır ki, bu da 21 il əvvəllə müqayisədə 13 dəfə artım deməkdir. Təşkilatın ərazisi dünyanın ən böyük istehlak bazarıdır.

Onu da xatırladaq ki, Azərbaycan 2016-cı ildə dialoq üzrə tərəfdaş kimi təşkilata qoşulma prosesini başa çatdırıb. İndi isə Bakı ŞƏT-dəki statusunun daha da yüksəlməsini istəyir. Siyasi analitiklər hesab edir ki, Azərbaycanın ŞƏT-də yer alması Moskvanın maraq dairəsindədir. Daha əvvəl Moskva rəsmən bəyan edib ki, Bakı ilə bu məsələdə koordinasiyanın gücləndirilməsini istəyir və Azərbaycanın bu təşkilatda statusunun müşahidəçi səviyyəsinə qaldırılmasına dəstək verəcək. Bu arada əsasən, Şərq ölkələrini birləşdirən təşkilatla münasibətlərin daha da genişləndirilməsi Azərbaycan təhlilçiləri arasında fərqli baxış ortaya qoyub. Bəzi təhlilçilər Azərbaycanın iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün bu təşkilatla əməkdaşlığına ehtiyac görmür, bunun iqtisadi deyil, “siyasi motivli” olduğunu düşünür. Buna etiraz edənlər isə addımın “uğurlu əməkdaşlıq” olduğunu hesab edir. Bia.az-ın məlumatına görə, Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycan qardaş türk ölkələri ilə əməkdaşlığı ciddi şəkildə genişləndirməkdədir. Onun sözlərinə görə, Qazaxıstan, Qırğızıstan, Özbəkistanla təmaslar artıb: “Təbii ki, dialoq tərəfdaşı kimi həmin təşkilatda fəaliyyəti davam etdirməyi daha düzgün hesab edirəm. Azərbaycanın nəqliyyat dəhlizləri böyük əhəmiyyət kəsb edir, Avropa ilə Asiya arasında yol alması, Türkiyə ilə birgə addımlar atılması çox mühümdür. Amma hansısa təşkilata üzvlük hələlik gündəmdə deyil, əməkdaşlıq, dialoq formatında əlaqələr davam etdirilir. Biz tərəfdaşlığın üzərində siyasət qururuq, Türkiyə də bu platformaya üzv olmayıb. Azərbaycan türkdilli ölkələrlə yaradılan birliyin inkişaf etdirilməsini dəstəkləyir”.

Azərbaycan Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyevin sözlərinə görə, ŞƏT-də bizə dost olan ölkələr var: “Azərbaycan Şanxayda təşkilatın təsis edilməsini imzalayan altı dövlətin hər biri ilə yaxşı əlaqələrə malikdir. Qazaxıstan, Qırğızıstan prezidentləri Bakıya səfərlər ediblər, əlaqələr inkişaf edir, Çinlə yaxşı iqtisadi münasibətlər mövcuddur, Rusiya aydındır, strateji müttəfiqlik sənədi imzalamışıq, Tacikistanla da əlaqələr normaldır, Özbəkistanla isə son dövrlər əməkdaşlıq daha fəal şəkildə gedir. Tamhüquqlu üzv ölkələrdən Pakistanla dost və qardaş ölkəyik, Türkiyə bizim kimi dialoq tərəfdarıdır. Yəni bu əlaqələrin inkişafı marağımızdadır. Amma üzvlüyün hansı perspektivlər vəd etdiyini söyləmək indidən çətindir. Sözsüz ki, iqtisadi cəhətdən müsbət tərəfləri ola bilər, amma siyasi aspektdən bunun düzgün addım olacağını deyə bilmərik. Çünki Azərbaycan Avrasiya İqtisadi Birliyinə də üzv olmağa tələsmir. Əgər Ankara üzvlük niyyətini ortaya qoyarsa, Bakı da bu haqda düşünə bilər”. ALDP sədri hesab edir ki, ŞƏT böyük təşkilatdır, İran və Belarusun da üzvlük arzusu ortadadır, amma Azərbaycan məsələdə rəsmi niyyətini açıqlamayıb: “Bu təşkilatla münasibət Azərbaycanın Qərblə əməkdaşlığına heç bir xələl gətirmir. Çin və Rusiya da bizdən tələb etmirlər ki, üzv olun. Buna məcbur da edə bilməzlər. Sadəcə, Azərbaycan üçün dialoq tərəfdarı statusunda təmsilçilik daha uyğun bilinir, daha balanslı görünür”.
скачать dle 12.1