“Son 50 ilin ən yüksək qiymət artımı baş verəcək” - Dünya Bankı xəbərdarlıq edir

Dünya Bankının son hesabatında qeyd olunur ki, Rusiya-Ukrayna müharibəsi 1970-ci ildən bəri ən yüksək qiymət artımlarına səbəb olacaq.
Dünya Bankının proqnozlarına görə, münaqişə səbəbindən istehsal və tədarük zəncirinin pozulması, enerji qiymətləri başda olmaqla, bir çox ərzaq məhsullarının qiymətini bahalaşdıracaq.
Hesabatın müəllifi Piter Naql hesab edir ki, böhran ən çox təsərrüfat sahələrinə təsir edəcək: “Təsərrüfatlar qiymət artımına qarşı ən həssas sahə hesab olunurlar. Hazırda bu sahədə artım tempi 50 faizdən yuxarıdır. Bu da təsərrüfat xərclərinin artmasına səbəb olur. Eyni zamanda bu il gübrə qiymətlərinin 69% artacağının proqnozlaşdırılması, fermerlərin daha az gübrə istifadə etməyə başlaması və kənd təsərrüfatı məhsuldarlığının aşağı düşməsi ilə bağlı gözləntilər böyükdür. Ən yüksək artım Avropada qeydə alınıb. Burada xərclər təxminən iki dəfədən çox artıb. Təsərrüfat xərclərinin 2024-cü ildə azalacağı proqnozlaşdırılsa da, əvvəlki illərlə müqayisədə 15 faiz yüksək olması gözlənilir”.
Hesabatda qeyd olunur ki, enerji qiymətləri 2020-ci ildən bu yana ilk dəfə bu qədər bahalaşıb. Bu sahədə sonuncu dəfə 1973-cü ildə Yaxın Şərqdəki gərginlik səbəbindən kəskin qiymət artımlarının baş verdiyi xatırladılır. Neft qiymətlərinin 2024-cü ilə qədər yüksək səviyyədə qalacağı, bu il neftin bir barrelinin orta hesabla 100 dollar civarında olacağı təxmin edilir.
Dünya Bankının hesabatında deyilir ki, əksər xarici şirkətlər sanksiyaya məruz qaldığından, qiymət artımlarının mənfi təsirləri uzun müddət davam edəcək.
Buğda başda olmaqla, digər məhsulların kəskin bahalaşacağıyla bağlı proqnozlar da var. BMT-nin ərzaq qiymətləri indeksinə görə, 2022-ci ildə ərzaq qiymətləri 60 il əvvəllə müqayisədə ən yüksək səviyyəyə çatıb. Buğdanın dollar ifadəsində yeni rekord səviyyəyə çataraq, 42,7 faizə yüksələcəyi, arpanın 33,3 faiz, soyanın 20 faiz, yağın 29,8 faiz, toyuq ətinin isə 41,8 faiz bahalaşması gözlənilir. Gübrələr, metallar və minerallar da daxil olmaqla, digər xammalların qiymətlərinin də yüksəlməsi gözlənilir.
Hesabata əlavə edilir ki, Ukraynadakı müharibə səbəbindən yazda əkin mövsümünə fasilə verildiyindən, bu, növbəti illərdə də problemlərə səbəb olacaq. Müharibə səbəbindən Ukraynadan taxıl və yağlı bitkilərin daşınmasında 80 faiz azalma olduğu, bu itkinin təxminən 10 günlük dünya qida ehtiyatına bərabər olduğu bildirilir.
Qiymətinin ucuzlaşacağı proqnozlaşdırılan azsaylı məhsullar sırasında isə düyü və çayın adı qeyd olunur.