Bia.Az

TURİZMDƏ ƏRƏBSAYAĞI QİYMƏTLƏR - İşbazların qurbanları öz vətəndaşlarımızdır...

İqtisadiyyat
 5-07-2021, 17:28     367

Ölkədə pandemiya rejiminin yumşaldılması, başqa sahələrdə olduğu kimi, turizmin də canlanmasına səbəb olub. Əlbəttə, söhbət daxili turizmdən gedir. Məlumdur ki, ölkələrarası əlaqələrın bərpası hələlik ilkin mərhələdədir. Vaksinasiya ləng gedir, PCR testləri o qədər də qarşılıqlı inam yaratmır, turizm məkanları tam gücü ilə işləmir və s. Azərbaycanda xaricə çıxış üçün bir individual problem də var: AZAL. Dövlət Konserni biletlərin qiymətlərini kəskin bahalaşdırıb, ən yaxın xaricə hava yolu ilə getmək 800-1000 manata başa gəlir.

Daxili turizmə gəldikdə, iki il əvvələ qədər bu sahə ölkənin qeyri-neft sektorunda sürətlə böyüyən istiqamətlərdən biri idi. Bakıda və bölgələrdə turizm infrastrukturunun qurulması üçün yüz milyonlarla dollar investisiya yatırılıb, dəbdəbəli otellər, istirahət məkanları tikilərək istifadəyə verilib. Bununla belə, daxili turizmdə ənənələrin zəif olması, xidmət, qonaqlama və qiymətlər yerli turistlər üçün qənaətbəxş olmadığından vətəndaşların bir çoxu xarici ölkələrdə istirahət etməyə üstünlük veriblər. 2017-2019-cu illər həm ölkəyə gələn, həm də ölkədən gedən turistlərin sayı yüksək dinamika ilə artıb. Məsələn, təkcə 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanı ziyarət edənlərin sayı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 10.9% və ya 264 min nəfər artaraq, təqribən 2.7 milyona çatıb. İlin sonunda bu rəqəm 3.2 milyon nəfərə yaxınlaşıb.

Dövr ərzində Azərbaycandan xarici ölkələrə gedənlərin sayında da kəskin artım müşahidə olunub. Rəqəmlərə nəzər saldıqda ölkəyə gələnlərin sayının gedənlərdən təxminən iki dəfəyədək az olduğunu görmək olmur. Məsələn, 2019-cu ildə 5 567 000 vətəndaşımız turist kimi xaricə gedib.
Azərbaycanlılar əsasən Gürcüstan, Türkiyə, Ukrayna və Rusiyanın sanatoriyalarına, müalicəvi kurort məkanlarına üz tutur. Uçuş biletləri də daxil qiymətlərin əlçatan olması, üstəlik, yüksək servis, dincəlmək, müalicə almaq imkanı insanları bu ölkələrə istiqamətləndirib.
Pandemiyaya görə indi bu imkan əksəriyyət üçün əlçatmazdır. Ona görə də daxili turizmdə böyük canlanma yaranıb. Amma təəssüf ki, turistlərin çoxu Bakıda və ölkə daxilindəki məkanlardan yaxşı xatirələrlə yox, qanqaraldıcı hekayələrlə qayıdırlar. Əlbəttə, söhbət aşağı xidmətin qarşılığında vətəndaşlardan tələb edilən yüksək ödənişdir. Hazırda İsmayıllı, Şamaxı, Qəbələ, Göygöl, Gədəbəy, Tovuz, Lerik, Masallı və s. rayonlarda istirahətə yararlı olan bütün yerlər işbazlar tərəfindən tutulub. Hər ağac kölgəsi, hər bulaq başında bir kvadrat yer 30-100 manata satılır. Bu təkcə əyləşməyin qiymətidir. Su, qida normal qiymətlərdən bir neçə dəfə yüksəkdir. Bölgələrdə yerləşən kiçik otellər, kafe və restoranlarda da eyni mənzərə hökm sürür. 4 nəfərlik bir ailənin şam yeməyi 150 manata qədər xərc tutur ki, bu da əhalinin mövcud gəlirləri ilə müqayisədə hədsiz yüksəkdir. Gecələmək üçün bir otağa görə turistədn 80, 100 manat tələb olunur. İşbazlar yaxşı bilirlər ki, əlində dincəlmək üçün müəyyən vəsaiti olan ailələrin ölkədən çıxmaq imkanı məhduddur, yerli turistik məkanlar isə doludur və qiymətlər aşağı-yuxarı hamısında eynidir. Ona görə də, "qiymət oxuyub" daha çox pul qazanmağa çalışırlar. 
Müqayisə bir qədər qüsurlu olsa da, iki il əvvələ qədər Azərbaycanı ayaqdan salmış ərəb turistlərinin başına açılan oyunlar indi yerli turistlərin başına gətirilir. Yay turizminin ən qızğın dövrü hələ qabaqdadır. Həm Bakı çimərlikləri və ətrafında tikilən minlərlə istirahət məkanları, həm də bölgələrdəkı obyektlər dayanmadan işləyəcək, çünki müştəri sarıdan korluq çəkməyəcəklər. Amma orada istirahət edən vətəndaşların işbazlar tərəfindən soyulub-talan olunmaması bu sahəyə nəzarət etməli olan Dövlət Turizm Agentliyinin, İqtisadiyyat Nazirliyinin müvafiq qurumlarının, Qida Təhlükəsizliyi Agentliyinin başlıca vəzifəsidir. Əlbəttə, bütün tədbirlər ictimai maraqlara söykənməli və qanun çərçivəsində aparılmalıdır.скачать dle 12.1