Bia.Az

Saxtakarlıq və ya mövcud olmayan “dövlət proqramı” barədə bir neçə söz - İş adamının yazısı

İqtisadiyyat
 11-03-2021, 11:35     538

Mürvət Həsənli, iş adamı

Doğrusu, özünü “böyük kənd təsərrüfatı mütəxəssisi”, “aqro-analitik” kimi göstərməyə çalışan Vahid Məhərrəmovun “Turan” İnformasiya Agentliyi üçün qələmə aldığı “Qeyri-peşəkar, səthi və primitiv hazırlanan proqramlar” adlı “elmi məqalə”sini oxuyanda atalarımızın yalançılığın iş prinsipləri barədə söylədikləri bir sözü yadıma düşdü: “Sevmədiyin birisinin üzərinə çamur at, yapışmasa da, iz buraxacaq”. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vahid Məhərrəmov da sevmədiyi hakimiyyətə qarşı məhz bu metodlardan istifadə edib. 
O, klassik yalançıları da bir addım arxada buraxaraq, nəinki rəqəmləri saxtalaşdırmaqla qalmayıb, hətta özündən mövcud olmayan “dövlət proqramı” da icad edib və bütün mülahizələrini bu “saxta sənəd” üzərində qurub.
Dediyinə görə, əsaslandığı sənədin adı "Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”dır. Halbuki, mən bu zamanadək belə bir dövlət proqramının qəbul edildiyi barədə heç nə eşitmişdim və “kənd təsərrüfatı mütəxəssisi”nin analizini oxuyandan sonra həmin sənədi axtarışlarım da heç bir nəticə vermədi. Kənd Təsərrüfatı Nazirliyindəki yaxından tanıdığım insanlara müraciətimdə aydın oldu ki, o adda sənəd ümumiyyətlə mövcud deyil. Görünür, haqqında danışdığımız mütəxəssis “Turan” İA-dən qonarar almaq xətrinə “qanunvericilik” missiyasını üzərinə götürüb, özündən yeni “dövlət proqramı” uydurub. Bunun adının nə olub-olmadığını müəyyənləşdirməyi İnformasiya Agentliyinin və Milli Şuranın öhdəsinə buraxırıq.
Müzakirəyə çıxarılan hər hansı sənədin mövcud olmaması bu polemikaları sürdürməyi mənasızlaşdırsa da, biz sözügedən qondorma “analitik məqalə”də irəli sürülən rəqəmlərə ötəri də olsa, nəzər salmağa qərar verdik.
Əvvəla, ondan başlayaq ki, Vahid Məhərrəmovun özündən uydurub, sonra qabırğasına döşədiyi sənəd mövcud olmasa da, dövlət bəhs edilən tarix ərzində heyvandarıq sahəsinin inkişafına laqeyd qalmayıb, müxtəlif dəstək tədbirləri ilə onu stimullaşdırıb və stimullaşdırmaqdadır. Belə ki, dövlət büdcəsi hesabına verilən güzəştli kreditlər, idxal olunan cins malların satış qiymətinin 60% subsidiyalaşdırılması və digər təşviq mexanizmləri vasitəsilə sahibkarlar tərəfindən intensiv fermaların yaradılması yolu ilə heyvandarlıq sahəsi dəstəklənir. Bunun nəticəsidir ki, Vahid Məhərrəmovun üzərinə şübhə kölgəsi salmağa çalışdığı inkişaf rəqəmləri ortaya çıxıb.
Vahid Məhərrəmov “analitik yazısı”nda Azərbaycanın ərzaq təhlükəsizliyi sahəsində qarşıya qoyulan hədəflərin reallaşmadığını irəli sürərək, yaxın gələcəkdə ixrac potensialımızı da şübhə altına alır: “Bu proqramı hazırlayanlar hesab edirlər ki 2,48 milyon ton süd istehsal etməklə, özünütəminat səviyyəsi 98,6%-ə yüksələcək. Hətta proqramda qeyd edilir ki, 2024-cü ildən etibarən ölkə süd və süd məhsulları ilə özünü tam təmin edərək ixrac imkanları əldə edəcək. Sual olunur, ölkə özünün süd və süd məhsullarına olan təlabatının yalnız yarısını ödəyə biləcəyi halda, ixrac imkanlarını necə əldə edəcək?”
Vahid Məhərrəmovun bu sualına cavab olaraq bildirmək istərdim ki, Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə səsləndirdiyi əsas qida məhsullarında özü-özünü təchizat səviyyəsini maksimum şəkildə təmin edilməsi hədəfinə böyük ölçüdə nail olunmuşdur. Hazırda Azərbaycanın ərzaq təhlükəsizliyi göstəriciləri ümumilikdə məqbul səviyyədədir. Bunu bir neçə faktorla izah edə bilərik. İlk növbədə, əsas ərzaq və kənd təsərrüfatı məhsulları üzrə yerli istehsal potensialı gücləndirilib, bunun hesabına özünütəminetmə səviyyəsi yaxşılaşıb.
Belə ki, meyvə-tərəvəz məhsulları və yumurta ilə özünütəminetmə 100% təşkil edir. Ət və süd ilə özünütəminetmə ümumən 85% ətrafında dəyişir. O cümlədən ötən il ətlə özünütəminat səviyyəsi 84.5% olub. Bu sahədə idxaldan asılılıq əsasən quş əti üzrədir ki, bu da 2020-ci ildə 2019-cu ilə nəzərən 21% azalıb. Kartof üzrə özünütəminetmə göstəricisi 91% civarındadır.
Üstəlik, Azərbaycan fermerləri bu hədəfləri ölkəmizin təbii resurslarında qarşılaşdığımız bir sıra çatışmazlıqlara rəğmən gerçəkləşdiriblər. Sirr deyil ki, ölkəmiz ciddi su qıtlığından əziyyət çəkir. Kənd təsərrüfatının olmazsa olmazı, ən vacib komponenti sayılan su ehtiyatı məsələsində Cənubi Qafqazın ən kasıb regionudur. Cənubi Qafqazın ümumi su ehtiyatının yalnız 10%-nə malikik. Kənd təsərrüfatı sektorumuzun qidalandığı su qaynaqlarının 70%-i isə xarici mənbələrdir. Yəni istər Kür, istər Araz, istərsə də bir sıra çaylar xarici dövlətlərin ərazisindən keçərək ölkəmizə gəlir. Dolayısıyla quraqlıq illərində həmin çaylar qonşularımız tərəfindən daha çox istismar edilir və bizə çatan su ehtiyatı azalır. 
Buna baxmayaraq, Azərbaycan hakimiyyəti fermerlərimizin suya çatımlılıq imkanlarını artırmaq üçün su anbarları tikir, müxtəlif meliorasiya tədbirləri görür. Vahid bəy dərindən araşdırsa görər ki, prezident İlham Əliyevin hakimiyyəti dövründə quraq iqlim bölgələrində suvarma əkinçiliyi sahələrini genişləndirmək, üzüm və meyvə bağlarını su ilə təmin etmək məqsədilə bir çox kiçik və böyük su hovuzları (su anbarları, su qovşağı, sututarlar) yaradılmışdır. Yayda yağıntıların miqdarı kənd təsərrüfatı bitkilərinin suya olan təlbatını təmin etməyən Lənkəran-Astara zonası kimi il ərzində bol yağıntı alan sahələrdə belə suvarmanı təmin etmək məqsədilə bir sıra rayon və kənd su anbarları tikilmişdir. Respublika ərazisində 140-dan çox su anbarı var və bu su anbarlarından yalnız 61-nin həcmi 1 mln. m3-dən çoxdur. Su anbarlarının ümümi tam həcmi 21,5 km3 təşkil edir.

Digər tərəfdən ölkəmizin əsas daxili su ehtiyatlarının olduğu ərazilər Dağlıq Qarabağda yerləşir. Ötən ilin sonlarına qədər bu ərazilərin işğal altında olması suya çatımlılıq problemini daha da dərinləşdirirdi. İndi isə həmin ərazilər işğaldan azad olunub və bundan ən çox qazanan da elə fermerlərimiz olacaq. Dağlıq Qarabağın su ehtiyatları daha bol şəkildə fermerlərimizin istifadəsinə veriləcək, bölgədə kənd təsərrüfatının inkişafı ərzaq təhlükəsizliyi sahəsində 100% özünütəminat inkanlarını da artıracaqdır.
Qeyd etmək lazımdır ki, SSRİ-nin tərkibində olanda da Azərbaycan məhz su çatışmazlığı nəticəsində strateji ərzaq məhsullarının təminatında ciddi ölçüdə xaricdən asılı idi. Kartof, ət, süd və s. kimi strateji ərzaq məhsullarına olan tələbatının ancaq 30-35%-i respublikanın öz istehsalı hesabına təmin edilirdi. 70-65%-lik asılılığımız Prezident İlham Əiyevin dərin strateji layihələri sayəsində hazırda 15-20%-ə endirilmişdir. Yalnız taxıl istehsalında hələ də qarşıya qoyulan hədəfləri reallaşdıra bilməmişik və hazırda özümüzü buğda ilə təxminən 60% təmin edirik. Dağlıq Qarabağın taxılçılıq zonası olduğunu və Ermənistanın 70% buğdasının məhz bu regionda yetişdirildiyini nəzərə alsaq, yaxın illərdə bu sahədə də ciddi irəliləyişlərə bel bağlaya bilərik.

Vahid Məhərrəmli məqaləsində rəsmi rəqəmləri şübhə altına alaraq kənd təsərrüfatı məhsulları istehsalının azalması ilə bağlı iddiaları da əsassızdır. Belə ki, o, məqaləsində bildirir: “DSK-nın təqdim etdiyi məlumatda göründüyü kimi (Cədvəl 1), əgər 2018-ci ildə 2017-ci il nisbətən süd və süd məhsulları idxalı 14 min ton azalmışdırsa, Dövlət proqramı (?) qəbul edildikdən sonra 2019-cu ildə 2018-ci ilə nisbətən süd və süd məhsulları idxalı 61 min ton artmışdır. 2020-ci ildə isə süd idxalı fiziki çəkidə 7%, kərə yağı isə fiziki çəkidə 19,7% artıb. Süd məhsullarının idxalının bu qədər artması kənd təsərrüfatı nazirinin süd istehsalı ilə bağlı səsləndirdiyi rəqəmləri şübhə altına alır”.
Əvvəla, iqtisadçı, kənd təsərrüfatı mütəxəssisi adına iddia edən bir şəxs unutmamalıdır ki, idxalın artması istehsalın azalması anlamına gəlmir; ilk baxışdan belə təəssürat yaransa belə. Çünki dövlətlərin ərzaq təhlükəsizliyi proqramları yalnız gündəlik təchizat qayəsi ilə məhdudlaşmır. Nəinki insanlar, hətta heyvanlar belə, bəzən tapdığı qidaları bəzən torpaq altında basdıraraq, bəzən yuvalarına daşıyaraq özünə “qara günlük” toplayır.
İnsanlar eyni yığıcılığı daha mükəmməl və qorunaqlı şəkildə həyata keçirərək, qidalarını anbarlara toplayırlar. Xüsusilə ilin birinci yarısında Tovuz rayonuna edilmiş erməni hücumları ilə ağır döyüşlərə hazırlaşan ölkəmizin qida stoklarını artırması adi haldır. Ən azı ona görə ki, II Qarabağ döyüşlərinin nə qədər çəkəcəyi bəlli deyildi. Deməli, təkcə idxal göstəricilərinə əsaslanıb, istehsalın artıb-azalması haqqında fikirlər səsləndirmək o qədər də səhih mülahizə olmaya bilər.
Digər tərəfdən, Azərbaycan ötən il ciddi quraqlıq keçirmiş, dövlətin hər ehtimala qarşı ərzaq stoklarını artırmaq yoluna getməsi də mümkündür. Ən əsası isə DGK-nin öz fəaliyyətini şəffaflaşdırması, əvvəlki illərdən fərqli olaraq ötən il idxal göstəricilərini obyektiv qiymətləndirməsi də ilk baxışdan artım kimi görünə bilər.
Odur ki, biz istehsalın artıb-azalması barədə mülahizələrimizi DGK-nin hesabatlarına yox, KTN-nin statistikasına əsaslanaraq irəli sürməliyik. Nə qədər bu nazirliklə problemimiz olsa belə, onun statistikasına güvənməkdən başqa çarəmiz yoxdur. Üstəlik, KTN bütün bu hesabatları özbaşına tutmur, yəqin ki, onun üzərində dövlətin təştif orqanlarının da gözü var və nazirlik bütün bunlara rəğmən rəqəmlərdə saxtakarlığa getmək imkanına sahib deyil. Onu da vurğulayaq ki, KTN bütün bu göstəriciləri rəqəmsal texnologiyaların sayəsində qeydə alınan nadir dövlət qurumlarındadır. Rəqəmsallaşmış hesablama texnologiyasında isə “insan əməyi”nə yer olmur. Elədirsə, gəlin, KTN-nin rəsmi məlumatlarında əks olunmuş rəqəmlərə nəzər salaraq, Vahid Məhərrəmlinin şübhə altına aldığı inkişaf statistikasını incələyək.


KTN-nin məlumatına əsasən, “2020-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8428.9 mln. manat təşkil etmişdir ki, bunun da 4400.5 mln. manatı heyvandarlıq, 4028.4 mln. manatı isə bitkiçilik məhsullarının payına düşmuşdür. Əvvəlki ilə nisbətən kənd təsərrüfatının istehsalı 2.0%, o cümlədən bitkiçilik məhsulları üzrə 0.8%, heyvandarlıq məhsulları üzrə isə 3.1% artmışdır. Nəticədə, qeyd edilən dövrdə kənd təsərrüfatı məhsulunun strukturunda bitkiçilik sahəsinin payı 47.9%-dən 47.8%-ə qədər azalmış, heyvandarlıq sahəsinin payı isə 52.1%-dən 52.2%-ə yüksəlmişdir.2020-ci ildə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda yaradılan əlavə dəyərin həcminin əvvəlki ilə nisbətən artımı 1.9%-ə bərabər olmuş və bu sahənin ölkənin ÜDM-də payı 2019-cu ildə 5.7%-dən 2020-ci ildə 6.9%-ə qədər artmışdır”.
KTN-nin hesabatlarının obyektivliyi ondadır ki, statistik rəqəmlərdə bir çox sahələrdə geriləmə inkar olunmur və bunun səbəbləri barədə məlumatlar da verilir. Bildirilir ki, 2020-ci ildə əkin sahələrində əvvəlki ilə nisbətən azalmaya təsir göstərən amillərdən biri ilin quraqlıq keçməsi ilə əlaqədar olmuşdur: “İl ərzində yağıntının az olması bəzi dəmyə ərazilərdə əkinlərin aparılmasını məhdudlaşdırmışdır. Son illərdə təbii iqlim şərtləri bitkiçilik sahəsinin inkişafına məhdudlaşdırıcı təsir göstərmişdir. Belə ki, 2020-ci ildə buğda sahələri əvvəlki illə müqayisədə 82.0 min ha azalmışdır. 2020-ci ildə taxıl istehsalı 3.26 milyon ton olmuşdur ki, bu da qeyd edilən amillər hesabına ötən ilin eyni dövrü ilə müqayisədə 8.0% azdır. Bu dövr ərzində taxıl və günəbaxan istisna olmaqla, digər bitkiçilik məhsullarının istehsalında artım müşahidə olunmuşdur”.скачать dle 12.1