Bia.Az

Rusiya sənayesinin aparıcı sahələri iflic olub

İqtisadiyyat
 2-05-2023, 11:34     735

Moskva təlaşla Qərb texnologiyalarına əvəz axtarır; sanksiyalar haranı daha çox vurub?

Rusiya hakimiyyətinin Qərbin sanksiyalarının ölkə iqtisadiyyatına ciddi təsirinin olmadığına dair iddiaları sırf təbliğata hesablanmış, reallığı əks etdirməyən fikirlərdir. Ölkə iqtisadiyyatının ayrı-ayrı seqmentlərini araşdırdıqda, Qərb texnologiyaları olmadan inkişaf imkanlarının sıfırlandığını açıq görmək olur. Bir neçə sektorla bağlı vəziyyəti Rusiya mətbuatında gedən materiallar əsasında dəyərləndirməklə, bunu göstərmək çətin deyil. 
Son aylarda Rusiya İranla Şimal-Cənub nəqliyyat dəhlizinin dəniz seqmentinin inkişafına dair geniş müzakirələr aparmaqdadır. Hətta bir müddət əvvəl ilk Rusiya ticarət gəmisinin İranın Noşəhr limanına daxil olması böyük təmtəraqla qeyd olunub. Rusiya ilə ticarət əlaqələrində Azərbaycandan asılı qalmaq istəməyən rəsmi Tehran tezliklə Xəzər dənizi vasitəsilə yükdaşımaların tərəfləri qane edəcək səviyyəyə çatdırılmasından bəhs edir. Bu zaman İran Rusiyanın gəmiqayırma sənayesinə güvəndiyini gizlətmir. Amma bu, nə qədər realdır? 
Avropa Yenidənqurma və İnkişaf  Bankının hesablamalarına görə, Şimal-Cənub dəhlizinin bütün infrastrukturunu inkişaf etdirmək üçün icrası nəzərdə tutulan yüzlərlə layihəyə 38,2 milyard dollar yatırıma ehtiyac var. Bunlardan Rusiyanın icrasına başladığı və planlaşdırdığı layihələrin dəyəri 12,87 milyard dollardır. 
Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankının Texniki Əməkdaşlıq  Fonduna qoşula bilər
Rusiya mənbələrinin məlumatına əsasən, hazırda Xəzər dənizində quru yükdaşımaları həyata keçirən 600 gəminin 250-si bu ölkəyə məxsusdur və onların çoxunun istismar müddəti 2035-ci ilədək bitəcək. Buna görə də gəmi parkının sürətli yenilənməsi üçün həmin dövrə qədər Rusiya minimum 49 ədəd orta ölçülü (Volqa-Xəzər kanalı ilə hərəkət edə bilən) yük gəmisi inşa etməlidir. Daha 32 gəmi konteyner daşımaları üçün vacibdir. İran tərəfi isə 300-dək gəmiyə ehtiyacının olduğunu bəyan edib. Bundan əlavə, Rusiyanın Xəzər sahilindəki limanlarının yük ötürmək imkanları məhduddur, onların genişləndirilməsi milyardlarla dollar investisiya tələb edir. 
Rusiya gəmiqayırma sənayesi ölkənin öz ehtiyaclarını, həmçinin İranın ehtiyaclarını qarşılamaq gücündədirmi? Rusiya mətbuatının yazdığına görə, hazırda ölkənin Birləşmiş Gəmiqayırma Korporasiyası fəaliyyətini yarıbayarı azaltmaq məcburiyyətində qalıb. Buna səbəb Qərbin sanksiyaları üzündən gəmi tikintisi üçün zəruri olan hissələrin çatışmazlığıdır. Gəmiqayırmada istifadə olunan hissələrin yerli istehsal hesabına təmin edilməsi üçün ən yaxşı halda 5-6 il tələb olunur. Korporasiya 2014-cü ildən sanksiya altında olsa da, əsas problemlər 2022-ci ildən başlayıb. 
BGK-nın yük gəmiləri istehsalı illik 59 ədəd təşkil edir. 2020-ci ildə korporasiya 17, 2021-ci ildə 16, 2022-ci ildə isə cəmi 4 gəmi inşa edə bilib. "The Wall Street Journal"ın yazdığına görə, buna Almaniyadan sükandaxili bölmələrin idxalının dayanması səbəb olub. Belə bölmələrin istehsalını hələ Ukraynaya hücumdan əvvəl Rusiyada qurmağa çalışıblar. 2019-cu ildə “Rosneft” "General Electric"lə birlikdə iri yük gəmiləri üçün bu hissələrin istehsalı üçün birgə müəssisə yaradıblar. Lakin 2022-ci ilin martında "General Electric" Rusiyadakı fəaliyyətini tam dayandıraraq, ölkədən gedib. 
Rusiya sənaye və ticarət naziri Denis Manturov fevral ayında hökumətə və BGK-ya xaricdən alınan hissələri yerli istehsalla əvəz etmək, yerli gəmi mühərrikləri istehsalını təmin etmək üçün dövlət proqramı hazırlanmasını tapşırıb. Rusiyada illik tələbatı onlarla olan iritonnajlı yük gəmiləri üçün mühərrik istehsalı yoxdur. Onların hazırlanması 10 il müddət və 100 milyard rubldan çox investisiya tələb edir. Manturov 2025-ci ilin sonunadək 110 milyard rubl ayrılacağını vəd edib. Lakin bu vəsaitin mənbəyi məlum deyil. Ölkə iqtisadiyyatının dəstəklənməsi xərcləri üçün 2023-cü il büdcəsindən 567 milyard rubl ayrılması nəzərdə tutulur, lakin birinci rübdə büdcə 2,4 trilyon rublluq kəsirlə üzləşib. 
Rusiyanın avtomobil sənayesi də sanksiyalardan çox böyük zərər görüb. Ötən il Rusiyada avtomobil satışı 59 faiz azalıb. Xarici avtomobillərin ehtiyat hissələri tamamilə tükənib. "Times of İndia" qəzeti yazır ki, Rusiya Hindistandan avtomobil hissələri və hazır maşın, həmçinin kənd təsərrüfatı texnikasının idxalını yoluna qoymaq imkanlarını axtarır. Bu istiqamətdə danışıqlar Ukraynaya hücum başlanandan az sonra start götürsə də, ortada real nəticə yoxdur. Rusiya tərəfi isə getdikcə daha təkidlə bu məhsulları Hindistandan almaq istəyir. Moskva Hindistan avtomobil istehsalçılarını Rusiyada istehsal xətti açmağa dəvət edir, çoxsaylı imtiyaz və güzəştlər tətbiqini vəd edir. Lakin qəzetin yazdığına görə, Hindistan şirkətləri bu dəvətləri qəbul etməyə tələsmirlər. Çünki yerli avtomobil istehsalçılarının da Qərblə, xüsusilə də Böyük Britaniya ilə ortaq biznesləri var və onlar bu biznesi Rusiyaya görə itirmək niyyətində deyillər. 
Dolların gələcək taleyi ilə bağlı PROQNOZ VERİLDİ
Rusiya ötən ilin payızında Hindistandan 500 adda məhsul almaq üçün Dehliyə müraciət edib. Bu məhsulların əksəriyyəti iqtisadiyyatın əsas sahələrinin ayaqda qalması üçün lazımdır. Bura avtomobillər, təyyarələr, gəmilər üçün detallar, yağ nasosları, alovlanma düymələri, bamperlər, təhlükəsizlik kəmərləri, şinlər, rabitə və yanğınsöndürmə sistemləri və sair mallar daxildir. Həmçinin Rusiya Hindistandan kağız, kağız paketlər, kağız qablaşdırma materialları istehsalı üçün xammal, tekstil sənayesi üçün avadanlıqlar, metallurgiya sənayesi üçün 200-dək məhsul da istəyib. Rusiya hökumətinin Hindistan hökumətinə göndərdiyi 14 səhifəlik sənədlə tanış olan "Reuters" yazırdı ki, Moskvanın az qala tələb xarakterli müraciəti Hindistan hökumətində böyük təəccüblə qarşılanıb. Hindistan rəsmilərindən biri agentliyə bildirib ki, “Rusiyadakılar sanksiyaların yaratdığı reallıqları heç cür nəzərə almaq istəmirlər”.
Bu müraciətdən sonra Rusiyanın sənaye və ticarət naziri Denis Manturov 3 dəfə Hindistana gedərək hökumət və biznes çevrələri ilə görüşlər keçirib. Sonuncu dəfə aprelin 17-də reallaşan səfər zamanı rusiyalı nazir ölkəsinin onlara mal satacaq Hindistan şirkətlərinə vergi güzəştləri tətbiq etməyə hazır olduğunu bəyan edib. O bildirib ki, Hindistandan dərman preparatları, yol texnikası, kimya sənayesi üçün komplektləşdirmə detalları və məhsulların idxalında maraqlıdırlar. Belə ki, 2022-ci ildə Rusiyaya dərman idxalı 9 faiz azalıb. Qərb ölkələrinə məxsus 28 əczaçılıq korporasiyası Rusiyaya ixracı tamamilə dayandırıb. Nəticədə Rusiya apteklərində satılan dərman növlərinin sayında 2400 azalma qeydə alınıb. 
Rusiyanın dollar asılılığından çıxmaq istiqamətli cəhdləri də onu böyük itkilərlə üz-üzə qoyur. Məsələn, Hindistan bir ildir aldığı silahlara görə ödəməli olduğu 2 milyard dolları Rusiyaya çatdırmağın yollarını tapa bilmir: yetərincə Rusiya rublu almaq mümkün deyil. Rusiya tərəfi isə məzənnəsi kəskin volatil olan rupi ilə ödənişi qəbul etmir. Məsələ burasındadır ki, son 6 ayda Hindistan Rusiya neftinin ən böyük alıcısına çevrilib və bu alverə görə ödənişi rupi ilə edir. Hindistanın Rusiyaya ixracı cüzi həcmdə olduğuna görə Moskva neftə görə aldığı rupilərlə neynəyəcəyini bilmir. Nəticədə, Rusiya Hindistana silah tədarükünü dayandırmağa məcbur olub. Eyni zamanda "S-400" raket komplekslərinin alınması üçün Moskvanın Hindistana ayırdığı 10 milyard dollarlıq kredit də ödənilməmiş qalır. Tərəflər neft alverində qismən tətbiq etdikləri BƏƏ dirhəmi və avro ilə ödəniş həcmlərini də sanksiyalara görə genişləndirə bilmirlər. Rusiyanın pul əvəzinə Hindistandan sənayesi üçün lazım olan ehtiyat hissələr və komponentləri əldə etməsinə də sanksiyalar imkan vermir. 
Son illərdə silah satışı kəskin azalan Rusiya üçün Hindistan kimi alıcıdan məhrum olmaq çox ciddi itkidir. Stokholm Dünya Problemlərini Araşdırma İnstitutunun hesablamalarına əsasən, 2018-2012-ci illərdə Rusiyanın silah ixracı 31 faiz azalıb, onun dünya silah ticarətindəki payı isə 22 faizdən 16 faizə düşüb. Bu zaman Hindistana ixrac 37 faiz azalıb. Belə bir şəraitdə Hindistanın Rusiyadan silah alışını dayandırması Moskva üçün həm də böyük imic itkisi deməkdir.
Ekspertlərə görə, hətta ödənişlərdə problem yaranmasa belə, Rusiyanın yaxın 1-2 ildə silah ixracını əvvəlki həcmdə saxlamaq imkanı olmayacaq. 
Kreml elmi mərkəzlərdən sürətlə sənayenin ixracdan asılılığının aradan qaldırılmasını tələb edir. Məmurlara aviasiyadan tutmuş, avtomobil istehsalına qədər bütün sənayeni sıfırdan yenidən qurmaq istənilir. Lakin faktiki olaraq, Rusiyanın elmi potensialı bunu reallaşdırmaq imkanında deyil. Rusiya baş nazirinin müavini Aleksey Belausov açıq bəyan edib ki, ölkənin konstruktor-təlim işləri üçün heç bir infrastrukturu yoxdur. Onun sözlərinə görə, hökumətin hazırladığı texnoloji inkişaf strategiyası 2030-cu ilədək xarici texnologiyalardan asılılığın 2,5 dəfə azaldılmasını, innovativ məhsul istehsalının 1,9 dəfə artmasını, Rusiyadakı kəşflərə dair patentlərin sayının 3 dəfə artmasını tələb edir. Lakin de-fakto Rusiyada iri elmi layihələrin icrası üçün imkanlar mövcud deyil. 
Rusiya Sovetlər Birliyi dağılandan sonra elmi kadrların üçdə ikisindən məhrum olub. 2010-2019-cu illərdə dünya patent müraciətləri arasında Rusiyanın payı 1,6 faizdən 0,9 faizə düşüb. Belausov bildirib ki, innovativ məhsulların istehsal həcminə, patent aktivliyinə görə ölkə 2000-ci il səviyyəsində qalmaqda davam edir. Bu isə o deməkdir ki, yaxın 10- ildə belə Rusiyanın xarici komponentlərdən, texnologiyalardan asılılığı 10 faiz belə azaltmaq imkanı olmayacaq. 
Ölkə büdcəsinin 2022-2023-cü il 12 aylıq yığılmış kəsiri 7 trilyon rubla çatıb. Hazırda Rusiya iqtisadiyyatını ayaqda saxlayan əsas amil hərbi sifarişlərdir. Hərbi sənaye demək olar ki, bütünlüklə, dövlət sifarişlərinin icrasına cəlb olunub. Bunun nəticəsində gündəlik büdcə xərcləmələrinin həcmi 78 milyard rubla çatır. Bu xərcləmələr fonunda iqtisadiyyatın digər sektorlarında qeydə alınan kiçilmə hələ ki diqqəti cəlb etməyərək, ciddi narahatlıq yaratmır. Lakin ekspertlərə görə, müdafiə sənayesinin artan tələbatını qarşılamaq üçün getdikcə daha çox vəsaitə ehtiyac duyulacaq. Sanksiyalar şəraitində bu vəsaitləri tapmaq isə sürətlə çətinləşir.../“Yeni Müsavat”/
/скачать dle 12.1