Bia.Az

Eldar Həsənov cəzaçəkmə müəssisəsinə köçürülüb

Hadisə
 27-04-2022, 16:20     264

Məhbus dövlət xadimi Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Bu müəssisə Bakının Binə qəsəbəsində yerləşir.

Novator.az bildirir ki, 1955-ci il təvəllüdlü Eldar Həsənov general-leytenant, fövqəladə və səlahiyyətli səfir, hüquq elmləri doktoru, professordur. “İgidliyə görə” medalı, “Azərbaycan Bayrağı” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub.
2020-ci il avqustun 13-də həbs edilən Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verməkdə təqsirli bilinib. İbtidai istintaqı əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsi, sonra Baş Prokurorluğun İstintaq İdarəsi aparıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi 2022-ci il yanvarın 21-də Eldar Həsənova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hökm Eldar Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmasını, ona məxsus olduğu iddia edilən bəzi əmlakların müsadirəsini də nəzərdə tutub. Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
Eldar Həsənov 1977-2000-ci illərdə Azərbaycanın hüquq mühafizə sistemində məsul postlar tutub, o cümlədən İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini, baş prokurorun birinci müavini, baş prokuror olub.
2001-ci ildə Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alıb, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqro, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildən onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il avqustun 17-də Eldar Həsənov Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfir vəzifəsindən azad olunub.скачать dle 12.1