Bia.Az

BAKIDA NÜVƏ PARTLAYIŞININ TƏSİRİNDƏN QORUNMAQ MÜMKÜNDÜRMÜ?- Ekspertlərin rəyləri + FOTOLAR

Gündəm
 21-10-2022, 19:30     224

8 aya yaxındır davam edən Rusiya-Ukrayna müharibəsinin yeni fazaya keçməsi fonunda dünyanın mövcudluğunu təhlükə altına atan, çox ciddi hadisələrin baş verdiyini müşahidə edirik. Rus ordusu döyüş meydanında məğlub olduqca, Vladimir Putinin nüvə silahından istifadə ritorikası daha da güclənir və bu, dünyanı mümkün nüvə müharibəsinə bir qədər də yaxınlaşdırır.

Şübhəsiz ki, hər kəs nüvə silahının ən güclü döyüş vasitələrindən biri olduğunu və bu silahdan istifadənin nələrə səbəb olacağını yaxşı bilir. O da məlumdur ki, nüvə silahı düşdüyü yeri məhv etməklə yanaşı, iqlim şəraitinə görə daha böyük ərazilərə yayılaraq, oradakı canlıları da zəhərləyir.
Ekspertlər bu cür fəlakətlərdə mülki şəxslərin mühafizəsinin ilk növbədə sığınacaqlarda həyata keçirilə biləcəyini qeyd edirlər. Hər halda təsadüfi deyil ki, son vaxtlar əksər ölkələr və milyarderlər öz bunkelərini möhkəmləndirərək, oradakı ərzaq, su və digər ehtiyatları artırmağa çalışırlar.
Bu zaman təbii olaraq, ortaya belə bir sual çıxır: “Azərbaycanda bu kimi partlayışlardan və onların yan təsirlərindən qorunmaq üçün əhalinin sığınacağı bir yer varmı?”.
İlk öncə onu qeyd edək ki, hələ 1992-ci ildə Nazirlər Kabineti Azərbaycanda sülh və müharibə dövrlərində fövqəladə hallarda əhalinin mühafizəsinin əsas prinsipləri haqqında qərar qəbul edib.

Həmin qərara görə, mülki müdafiənin mühafizə qurğuları (sığınacaqlar, radiasiya daldalanacaqları, sadə daldalanacaqlar - zirzəmilər və başqa yeraltı tikililər) respublikanın bütün əhalisinin qorunmasını təmin etməlidir. Sovetlər dönəmində Azərbaycanda müafiq tələblərə cavab verən sığınacaqların mövcud olduğu bildirilsə də, hazırda onların aqibəti haqqında heç bir məlumat yoxdur.
Azərbaycanda bu işlərə cavabdeh qurumlar- Fövqəladə Hallar Komissiyası və Fövqəladə Hallar Nazirliyi isə Mülki Müdafiə Sisteminin işlək vəziyyətdə olduğunu bildirirlər.

Bu barədə hərbi ekspert Rövşən Məhərrəmov yerli mediaya açıqlamasında bildirib ki, hazırda Azərbaycanda bütün zirzəmilər ticarət obyekti, ofis və gecə klubu kimi fəaliyyət göstərir: “Əgər sabah müharibə şəraiti və yaxud hər hansı bir fövqəladə hadisə olarsa, insanlar hara sığınacaqlar?”
“Sığınacaqlarda hər bir şərait olmalıdır- istilik, havalandırma sistemi, hermetik qapılar və bir sözlə, uzunmüddətli yaşayış üçün hər şey. Həmçinin rayon icra hakimiyyətlərində mülki müdafiə məsələləri üzrə ştatlar mövcuddur, lakin onlar öz vəzifələrinin icrasından başqa, nə işlə desən, məşğuldurlar. Deyirlər ki, metrolarımız, yeraltı dayanacaqlarımız var. Amma bunlar da mübahisəlidir. Çünki xarici dövlətlərdə binaların layihəsi tərtib edildikdə yeraltı dayanacaqların altında zirzəmilər hermetik qapılarla, uşaq otağından tutmuş tualet, həmçinin hər bir avadanlıqla təmin olunur. Bunlar bizdə varmı?”,-deyə ekspert bildirib.

Mütəxəssislərin fikrincə, Bakı şəhərində ən yaxşı sığınacaq – metrolardır. Metroların hətta bir neçə kilometr uzaqda olan nüvə partlayışları zamanı effektiv mühafizə sığınacağı olduğu deyilir. Bu cür sığınacaqlar olmadığı halda, insanlar yaşayış və iş yerlərində pəncərələri işıq keçirməyən pərdələrlə örtməli və işıqları söndürərək mühafizə olunmalıdırlar. Heç bir halda açıq məkanda olmaq tövsiyə edilmir. Nəfəsliklər, hava dəyişmə sistemi tam bağlanmalıdır. Qapalı yerdən kənara çıxmaq olmaz. Nüvə silahı istifadə olunduğu andan, insanlar özlərini mühafizə etmək üçün gözlərini yummalıdırlar. Partlayışın təsiri keçənədək gözlər bağlı olmalı və yerə istiqamətlənməlidir ki, işıq dalğası gözə təsir etməsin. Mümkün olduğu halda hava keçə biləcək yerləri qapatmaq tələb olunur. İlk növbədə orqanizmdə yaranmış zədələnmələrin qarşısının alınması vacibdir.

Kimsə çöldədirsə, burnunu, ağzını bağlamalıdır ki, nəfəs yollarına radioaktiv maddələrin buxarları, tozlarla qarışığı daxil olmasın. İmkan olduğu halda izolyasiyaedici kostyumlar geyinmək daha yaxşı olar. Bunlar olmadıqda plaş, əlcək götürüb başdan ayağa kimi bütün bədəni örtən geyimlərlə özünü mühafizə etmək tövsiyə olunur. Lakin nüvə partlayışından sonra yaranan ionlaşdırıcı radiasiyanı bu vasitələrlə dayandırmaq mümkün deyil. Onlar orqanizmə təsir edərək hüceyrə parçalanmasına səbəb ola bilirlər. Bu zaman qan hüceyrələri parçalanır və bu, ölümə səbəb olur. İstənilən halda mütəxəssislər çoxlu maye qəbul etməyi, bunun yaranmış radikal hissəciklərin orqanizmdən xaric olunmasını tezləşdirdiyini bildirirlər.

Bu mövzuyla bağlı hərbi ekspert Elxan Şıxəliyev “AzPolitika.info”-ya şərhində bildirib ki, böyük şəhərlər nüvə silahı zamanı insanların qorunması baxımından tam modelləşdirilməyib: “Dövlətlər nüvə silahından istifadəylə bağlı, xüsusi sığınacaqlar yaratmırlar. Adətən şəhərlər bombalanarkən, böyük meqapolislərdə sığınacaq kimi, metrolardan istifadə edirlər. Bildiyimiz kimi,nüvə silahının təsiri dağıdıcı gücdən ibarət deyil, onun zəhərləyici xüsusiyyəti də var. Ona görə də əhalinin belə fəlakətlərdən sığortalanması çox çətindir. Əhalinin az bir hissəsi bu sığınacaqlarda mühafizə olunsa da, böyük əksəriyyətini qorumaq mümkün olmur. Necə ki, Naqasakidə və Xirosimada çoxlu sayda sığınacaq olsa da, heç kim oradan qurtula bilmədi”.
Ekspert qeyd edir ki, nüvə silahından qorunmağın ən yaxşı yolu ondan istifadəyə mane olmaqdır: “Nüvə silahına sahib olan dövlətlər arasında belə bir anlaşma var ki, onlar öz ölkələrinə qarşı nüvə təhdidi olmadığı müddtəcə bu silahdan istifadə etməsinlər. Ancaq təbii ki, Rusiya-Ukrayna müharibəsi fonunda artan nüvə təhdidləri bütün ölkələri mülkü əhalinin qorunması yönündə ciddi addımlar atmağa vadar edir. Sığınacaqlar məsələsi də bu səbəbdən gündəmə gəlir. Hesab edirəm ki, heç bir ölkə strateji nüvə silahından istifadə etməyəcək. 100 kilotona qədər olan və təxminən 100 kvadrat kilometr ərazidə dağıdıcı gücə malik taktiki nüvə silahlar isə böyük şəhərlər üçün elə də ciddi təhlükə mənbəyi hesab olunmur”.
Məlumat üçün qeyd edək ki, nüvə silahının gücü “TNT” ekvivalenti ilə ölçülür. Məsələn, ABŞ Enerji Departamentinin hesablamalarına görə, Xirosima və Naqasakiyə atılan bombaların gücü müvafiq olaraq 15 və 21 kiloton olub. Bu, 15000 ton və 21000 ton “TNT”-yə bərabərdir. Texnologiya irəllədikcə, müasir strateji nüvə silahlarının gücü də inanılmaz dərəcədə yüksəlib.Hazırda standart strateji nüvə silahlarının gücü 500 - 800 kilotona və ya 1 meqatona bərabərdir. Müasir taktiki nüvə silahları isə adətən 10-100 kiloton aralığında gücə malik olur.

Nüvə partlayışının təsirini daha yaxşı anlamaq üçün NUKEMAP (Mümkün nüvə partlayışında baş verəcək fəlakətləri öncədən hesablayan sistem-red.) platformasına istinadən, Bakıya atılacaq 100 kilotonluq taktiki nüvə silahının nələrə səbəb olacağını əvvəlcədən hesablamaq mümkündür. Bakının mərkəzinə düşən 100 kiltonluq bomba təxminən 284 min 500 nəfərin ölümünə, 300 min 210 nəfərin isə yaralanmasına səbəb olacaq. Bu say 24 saat ərzində 1 miyon 839 min nəfəri əhatə edəcək. Bombanın düşdüyü 500 metrlik ərazidəki bütün tikililər, beton binalar dağılacaq. Bu ərazidə sağ qalmaq şansı 0 faizə bərabərdir. 500 -1 km kənarda olanlar və partlayışdan sağ qurtulanların 15 faizi şüalanmaya məruz qaldıqları üçün, 1 ay ərzində xərçəng xəstəliyindən öləcəklər. 1-3 km məsafədə olan ticarət və yaşayış evlərində yanğınlar baş verəcək. Termal şüalanma nəticəsində insanlarda 3-cü dərəcəli yanıqlar meydana gələcək. 3-5 km məsafədə olan binaların pəncərərələri sınacaq. Bu məsafədəki insanların nüvə partlayışının parıltısını gördükdən sonra pəncərədən uzaq dayanmaları tövsiyə olunur.

Partlayış Rusiya-Azərbaycan sərhədində daha dəqiq desək, Dərbənd şəhərində olarsa, bu zaman da böyük fəlakətlər baş verə bilər. Məsələn, Dərbənddə partladılan 750 kilotonluq strateji nüvə bombası 15 mil/saat sürətlə əsən küləyin də köməyi ilə qısa vaxtda 203 km məsafəyə yayıla bilər. Müqayisə üçün, Xaçmaz və Dərbənd şəhərləri arasında hava yolu ilə məsafə cəmi 78 kilometrdir.
Sonda qeyd edək ki, xeyli müddətdir bütün dünyanın gündəmini zəbt edən nüvə savaşının olub-olmayacağıyla bağlı, dəqiq nəsə fikir bildirmək çətindir. Ancaq istənilən halda, hadisələrin gedişatı gələcəkdə hər şeyə hazır olmağı zəruri edir!/“AzPolitika.info”/скачать dle 12.1