Bia.Az

PUTİNİN “BAYRAKTAR” ARZUSU... – Ərdoğan işğalçı ölkəyə Türk PUA-larını verə bilərmi?

Gündəm
 28-07-2022, 16:58     320

Məlum olduğu kimi, avqustun 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə Putinlə görüşü planlaşdırılır. Rusiyanın Türkiyədəki səfiri bildirib ki, tərəflər görüş zamanı Ukrayna, Qara dəniz regionu və Suriyadakı vəziyyət də daxil olmaqla, geniş mövzuları müzakirə edə bilər.
Müzakirə olunan mövzular sırasında Türkiyənin “Bayraktar” PUA-larının Rusiyada istehsalı barədə məsələ olduğu haqda da müxtəlif mənbələrdən məlumatlar yayılır. Putinin mətbuat katibi Dmitri Peskov bu məlumatları şərh edərkən bildirib ki, bu yaxınlarda Putin-Ərdoğan əlaqələrində hərbi-texniki əməkdaşlıq mövzusuna toxunulub: “Odur ki, “Bayraktar” mövzusu Soçidə müzakirə olunacaq".
Rəcəb Tayyib Ərdoğan isə “CNN Türk” kanalına açıqlamasında deyib ki, iki ölkə - Rusiya və Birləşmiş Ərəb Əmirlikləri “Bayraktar” PUA-larının istehsalı sahəsində Türkiyə ilə əməkdaşlıq etmək istəyir. Ərdoğanın sözlərinə görə, Putin bu arzusunu Tehrandakı görüşləri zamanı ifadə edib: “Putin mənə dedi ki, “Baykar” şirkətilə işləmək istəyir”.
Əlbəttə ki, bütün bunlar Türkiyə hərbi sənayesinin böyük uğurundan və “Bayraktar”-ın dünya silah bazarında necə yüksək dəyərə malik olmasından xəbər verir. Ancaq bununla yanaşı, artıq “Bayraktar”-ın adi müasir silah kateqoriyasını aşaraq, geosiyasi münasibətlər sistemində əhəmiyyətli alətə çevrildiyi görünür. Çünki xüsusilə də “Bayraktar” kimi müasir və demək olar ki, bir çox xüsusiyyətlərinə görə analoqsuz silahın Rusiyaya verilməsi Türkiyə kimi böyük oyunçunun beynəlxalq arenadakı mövqeyinə ciddi təsir göstərə bilər. 
Onu da qeyd edək ki, son zamanlara qədər Rusiyadakı Kremlə yaxın hərbi ekspertlər və təbliğatçılar hər yolla “Bayraktar”-ın imkanlarını aşağılamağa, onu dəyərsizləşdirməyə çalışıblar. Hətta indiyə kimi ruslar tərəfindən guya 90-a qədər Türk PUA-sının vurulduğunu iddia ediblər və bildiriblər ki, Rusiyanın “Orlan-10” PUA-ları ondan daha üstün silahdır.
Ancaq necə olursa, artıq bu gün Rusiya təbliğatçıları əksini deyirlər, rus ordusunun “Bayraktar”-a ehtiyacı olduğunu bütün dünyaya car çəkirlər və Putin Ərdoğandan “Bayraktar” istəyir. Bunun özü Rusiyanın dövlət olaraq nə dərəcədə riyakar, ikiüzlü və saxta keyfiyyətlərə malik olduğunun göstəricisidir...
Bəs, Türkiyə doğrudanmı indiki məqamda Rusiyaya “Bayraktar” satılması, yaxud onunla birgə bu PUA-ların istehsalı layihələrinə qol qoya bilər? 
Doğrudur, Ərdoğan Putinin ondan “Bayraktar”la bağlı xahiş etdiyini deyib. Lakin bu hələ Türkiyənin bu xahişə müsbət cavab verməsi anlamını daşımır. Bəli, vaxtilə Türkiyə də Rusiyadan “S-400” sistemləri alıb və bu alış-veriş böyük səs-küyə səbəb olub. Lakin həmin halda da “S-400-lərin satışı ən azı Türkiyə qədər də Rusiyaya lazım idi. 
Bəs, indi Türkiyəyə ruslara PUA satmaq çoxmu lazımdır? Ən azından onu nəzərə almaq lazımdır ki, Türkiyə Rusiyadan fərqli olaraq, “S-400” sistemlərindən işğalçılıq müharibəsi aparmaq üçün istifadə etmir və yalnız müdafiə məqsədi güdür. Rusiya isə belə çıxır ki, Türkiyədən PUA alıb, Ukraynaya qarşı işğalda ondan istifadə etmək niyyətindədir...

Digər yandan, Türkiyənin “Baykar Makina” şirkətinin icraçı direktoru Haluk Bayraktar elə Tehran görüşü davam edən zaman Qərb mətbuatına açıqlamasında “Bayraktar” PUA-larının Rusiyaya satışına heç vaxt icazə verməyəcəyini və Ukraynanı dəstəklədiyini bildirib: "Biz onlara (RF - red.) nə dron çatdırmışıq, nə də təmin etmişik. Bunu heç vaxt etməyəcəyik". 
H.Bayraktar həmçinin əlavə edib ki, şirkət birmənalı olaraq, Ukraynanı dəstəkləyir. Hər halda, hakim ailəyə yaxın olan bu şəxs belə açıqlamaları Ərdoğanla razılaşdırmamış verməz...
Bundan əvvəl H.Bayraktar Ukraynanın pilotsuz təyyarələr almağı planlaşdırdığını, 12 ədəd “Bayraktar TB2”-nin ölkəyə gətirildiyini açıqlamışdı, həmçinin Ukraynada “Bayraktar” zərbə aparatlarının istehsalı üçün zavodun tikintisi layihəsi üzərində iş aparıldığını bildirmişdi. Sözügedən şirkətin Ukraynada istehsal olunan mühərriklərdən istifadə etməsi barədə məlumatları da buna əlavə etsək, “Bayraktar”-ın Ukrayna ilə əlaqələri barədə daha aydın təsəvvür yaranar. Belədə Rusiya kimi işğalçıya bu PUA-ların verilməsi ən azından şirkətin bütün dünyadakı imicinə çox mənfi təsir göstərə bilər...
Türkiyə hər nə qədər çoxvektorlu siyasət aparsa da, onun bir tərəfdən böyük NATO dövləti olaraq Ukraynanın silah təminatında iştirak edib, digər yandan işğalçı Rusiyaya silah verməsi qətiyyən ağlabatan görünmür. Buna təkcə Avropa, ABŞ, Qərb və bütövlükdə sivil dünya ölkələri deyil, elə Türkiyə cəmiyyətinin özü də pis baxacaq. 
Belə bir vəziyyətdə rəsmi Ankara ABŞ və digər Qərb ölkələri ilə onsuz da ideal olmayan, lakin son zamanlar nisbətən müsbət tendensiyalar müşahidə olunan münasibətlərini pik həddə qədər gərginləşdirə bilər. Hər halda, ABŞ-dan “F-16” istəyib, Rusiyaya “Bayraktar” vermək siyasi və diplomatik məntiqə o qədər də uyğun gəlmir. Həmçinin, belə bir qərar NATO və digər dünya dövlətləri tərəfindən Türkiyəyə silah embarqosu qoyulmasına səbəb ola bilər.
Məlum olduğu kimi, iyulun 19-da keçirilən Tehran sammitinə qoşulan Putinin əsas məqsədlərindən biri də İrandan hərbi dronlar almaq idi. Lakin hələ ki, bu barədə Tehranla hər hansı razılıq əldə olunmasına dair heç bir əlamət görünmür. Hətta ABŞ da bəyan edib ki, Rusiyaya İran dronlarının verilməsini sübut edən heç nə yoxdur. Belə çıxır ki, güclü sanksiyalar altında olan və Qərblə demək olar, bütün körpüləri yandıran İran belə Rusiyaya PUA verməyə tələsmir. Belə olan təqdirdə, NATO üzvü və Ukraynaya hərbi yardım platforması sayılan Ramştayn görüşlərinin əsas fiqurlarından olan Türkiyə hansı adla Rusiyaya silah verə bilər?
Onu da qeyd etmək yerinə düşər ki, Türkiyə birmənalı olaraq Krımı və Donbası Ukrayna ərazisi kimi tanıyır. Rusiyanınsa hazırda əldə etmək istədiyi istənilən silah növü isə Ukraynanın işğalı məqsədinə xidmət edir...
Nəhayət, Rusiyaya “Bayraktar” verilməsi perspektivinin Azərbaycan üçün də təhlükə yaradacağı şübhəsizdir. Ən azından Kremlin Azərbaycana hətta hərbi yolla yiyələnməklə bağlı iştahası heç vaxt sönməyib və sönməyəcək də. Digər yandan kim təminat verə bilər ki, Türkiyə ilə birgə istehsal olunacaq, yaxud Türkiyədən alınacaq hansısa silah sonradan Ermənistana verilməyəcək? 
Doğrudur, Kreml bu silahların üçüncü ölkəyə verilməyəcəyi barədə Türkiyə ilə sənəd imzalaya bilər. Ancaq Rusiyanın öz imzasına, sözünə, vədinə necə əməl etdiyi həm tarixdən, həm də bu gün baş verənlərdən çox gözəl məlumdur. Təkcə onu qeyd etmək kifayətdir ki, 10 noyabr üçtərəfli razılaşmasının bir çox bəndləri bu gün də yerinə yetirilməmiş qalır. Yaxud, ən son olaraq Türkiyə ilə Ukrayna taxılının tədarükünə dair razılaşmanın sabahı günü Rusiya həmin taxılın daşınmalı olduğu Odessa portunu raket atəşinə tutdu və Rusiyanın imzasının bir qara qəpiklik qiymətinin olmadığını göstərdi...
Odur ki, dünyanın ən təcrübəli və bacarıqlı liderlərindən olan Türkiyə Prezidentinin bütün yuxarıda qeyd edilənləri və bunlardan da artığını bildiyi və nəzərə aldığı şübhəsizdir və bu baxımdan Əırdoğanın indiki həssas məqamda Rusiyaya “Bayraktar”la bağlı “hə” cavabı verəcəyi ağlabatan görünmür.

Bu sahədə hər hansısa əməkdaşlığın yalnız Ukraynada savaş başa çatandan və dayanıqlı sülh təmin olunandan sonra mümkünlüyünü isə istisna etmək olmaz. Hətta Rusiya 2014-cü ildə Krımı və Donbası işğal edəndən sonra belə Fransa və Almaniya başda olmaqla, Qərb dövlətləri Rusiyaya müxtəlif növ silahlar, hərbi texnologiyalar satıb. Belə olan halda, Türkiyəyə bu barədə kimsə irad tuta bilməz. 
Lakin Ukraynadakı savaş bütün sivil dünyanın gözlədiyi şəkildə yekunlaşana və ədalətli sülh bağlanana qədər işğalçı dövlətlə hər hansı hərbi əməkdaşlıq nə beynəlxalq hüquqla, nə də bəşəri dəyərlərlə uzlaşmaz. Hər halda, inanaq ki, Putinin “Bayraktar” arzusu da bütünlükdə Ukraynanı işğal və imperiyanı bərpa etmək arzusu kimi gözündə qalacaq... //Azpolitika//

BİA.az
скачать dle 12.1