Bia.Az

“RUSİYA REGİONDA GƏRGİNLİYİ SAXLAMAĞA ÇALIŞIR...” - “Erməni hərbi birləşmələri ərazimizdən çıxmalıdır, əks təqdirdə...”

Gündəm
 20-07-2022, 14:39     113

Elman Məmmədov: “Prezident xəbərdarlıq etdi ki, ərazilərimizdə separatçı qurum da qalmayacaq. Yaxın vaxtlarda bu deyilənlər əməli işdə öz əksini tapacaq”

“Rusiya lazımsız Ermənistana görə Azərbaycan və Türkiyə ilə münasibətlərini pozmamalıdır”

Rusiya əvvəlki kimi, Azərbaycan və Ermənistan arasında münasibətlərin yoluna qoyulmasında, münaqişənin birdəfəlik həllində maraqlı olmadığını ortaya qoymaqdadır. Ölkə başçısının cari ilin 6 ayının nəticələrinə dair keçirdiyi müşavirədə bu həqiqət bir daha ortaya çıxdı. Məlum oldu ki, Rusiya 10 noyabr 2020-ci ildə imzalanan sazişə əməl etməməklə bərabər bu yaxınlarda Azərbaycan tərəfinə Xankəndindəki Ermənistan qüvvələrini çıxaracağını bildirib, amma sonradan sözünün üzərində durmayıb. Əksinə, Moskva Qarabağdakı separatçılara hərtərəfli dəstəyini davam etdirir. Bu isə istər-istəməz Bakı ilə Moskva arasında gərginlik ocağı yaradır və münasibətləri getdikcə gərginləşdirir.

“AzPolitika.info” bu mövzunu Milli Məclisin deputatı Elman Məmmədovla müzakirə edib:

- Azərbaycan Prezidenti son müşavirədə Ermənistanı və Rusiyanı ciddi tənqid etdi, xüsusilə, onların öz üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini açıqladı. Sizcə, Prezidentin bu sərt tənqidinin arxasında nə durur, Rusiya və Ermənistana hansı mesajlar verilir?
- Biz Vətən müharibəsini zəfərlə başa vurduq. Müharibənin sonunda -10 noyabr 2020-ci ildə üç dövlət başçısı sənəd imzaladı. Həmin sənədə görə Rusiya hərbi kontingenti, halbuki mən onların nə dərəcədə sülhməramlı olduğunu bilmirəm, Azərbaycan ərazisinə daxil olarkən, buna paralel olaraq, Ermənistana məxsus silahlı birləşmələr ərazimizdən çıxarılmalı idi. Bu məsələni iki dövlət öhdəsinə götürmüşdü. Rusiya buna nəzarət etməli və təşkilini həyata keçirməli idi. Ermənistan isə tör-töküntülərini ərazimizdən çıxaracaqdı. İndi həmin sənədin imzalanmasının iki ilinin başa çatmasına bir neçə ay qalır. Amma biz nə görürük? Ermənistana məxsus silahlı birləşmələr ərazimizdədir və həmin rus hərbi kontingentinin himayəsi altında qalmaqdadır. Hətta bu birləşmələr təlimlər keçir, müdafiə istehkamları yaradır və s. Bu, nə deməkdir? Bu, 10 noyabr razılaşmasına imza atan üç dövlətdən ikisinin sənəddə göstərilən müddəaları pozmasıdır.
Hansı suveren dövlət qəbul edər ki, ərazisində düşmən ölkənin hərbi birləşmələri qalsın? Təkcə bu deyil. 1991-ci ilin sentyabrında Azərbaycan ərazisinin kiçik bir hisəsində cinayətkarlar və terrorçular tərəfindən yaradılan “artsax” adlı qondarma qurum bu günə qədər fəaliyyətini davam etdirir. Buna görə onlar kimə “sağ ol” deyir və kimə arxayındırlar? Sözsüz ki, yenə də Rusiyaya və rus hərbi kontingentinə.
Müharibə qurtarandan bu günə qədər bu üç dövlət arasında olan sonrakı görüşlərdə, eləcə də Avropa İttifaqı tərəfindən təşkil edilən təmaslar zamanı Azərbaycan tərəfi bu tələbləri qoyub. Prezident yüksək səviyyəli görüşlərdə bu məsələlərə toxunub.
Bəli, Ermənistana məxsus hərbi birləşmələr ərazimizdən çıxmalıdır, əks təqdirdə biz onları təmizləyəcəyik. Ərazimizdə separatçı qurum olmamalı, cinayətkarlar cəzasını almalıdır. Hansı müstəqil dövlət razı olar ki, ərazisində uzun illərdir, hətta müharibədə qalib gəldikdən sonra da, separatçı rejim qalsın? Bu, dözülməz haldır.
Cənab Prezident artıq üç dövlətdən ikisinin bu məsələlərdə tutduğu xəyantkər mövqeyi məcbur oldu ki, dilə gətirsin. Bu, həm də xəbərdarlıq idi. Bu çıxışda həm düşmən dövlətə, həm separatçı quruma, həm də vasitəçiliyi üzərinə götürən üçüncü tərəfə xəbərdarlıq var. Qeyd edim ki, vasitəçi yalnız Rusiya deyil. Burada Avropa İttifaqı vasitəsilə də təmaslar olur.
Burada məsuliyyət Azərbaycanın üzərinə düşmür. Məsuliyyət Ermənistan dövləti ilə vasitəçilik missiyasını üzərinə götürən Rusiyanın üzərinə düşür.
Sözsüz ki, Azərbaycan bunu istəməz, müharibədən sonra Prezident dəfələrlə elan edib ki, savaş başa çatıb, biz indi sülhdən, əməkdaşlıqdan və qonşuluqdan bəhs etməliyik. Hər halda, biz bu yolu tutmuşuq. Ancaq onların belə hərəkətləri Azərbaycanı məcbur edəcək ki, müstəqil dövlət kimi suvereliyini və ərazi bütövlüyünü təmin etmək üçün hərbi gücündən istifadə etsin. Mənə elə gəlir ki, müşavirədə səsləndirilən fikirlərdən həm Ermənistan, həm Rusiya, həm də Avropa İttifaqı ciddi nəticə çıxarmalı və bu nəticə əməli fəaliyyətdə öz əksini tapmalıdır.
- Prezident Əliyev müşavirədə açıq bildirdi ki, Rusiya bir neçə ay əvvəl iyuna qədər Ermənistan silahlı birləşmələrini Qarabağdan çıxaracağına söz verib. Amma bu sözə əməl edilməyib. Sual yaranır: Niyə?
- Bəli, Prezident dedi ki, artıq iyul ayının ortasındayıq, ancaq heç nə edilməyib. Hansı ki, bu tələb 10 noyabr sazişində də yer alırdı. Rusiya öz hərbi kontingentini ərazimizdə yerləşdirmək üçün Azərbaycana söz vermişdi ki, onun hərbçiləri əraziyə daxil olan kimi Ermənistan silahlı birləşmələri oradan çıxarılacaq. Məqsədləri də ancaq Laçın yolunda ermənilərin gediş-gəlişini təmin etmək olacaq. Bu, sənəddə də öz əksini tapıb. Amma biz nə gördük? Onu gördük ki, rus hərbi kontingenti Azərbaycan ərazisinə daxil olduğu dəqiqədən bu sənədin bütün müddəalarını pozdu, sülhməramlı yox, erməniməramlılıqla məşğul oldu, separatçıları, terrorçuları və cinayətkarları himayə etdi. Eləcə də öhdəliyinə götürdüyü missiyadan kənara çıxaraq başqa işlərlə məşğul olmağa başladı. Məncə, Rusiyanın məqsədi aydındır. Əgər Azərbaycanla Ermənistan arasında bu məsələlər həllini tapsa, sərhəd müəyyən edilsə, Zəngəzur dəhlizi açılsa, bu zaman üçüncü dövlətin burada olmasına nə ehtiyac var? Təbii ki, belədə Rusiya hərbi kontingentinə də ehtiyac qalmayacaq, onların buradakı təmsilçiliyi heç kimə maraqlı olmayacaq. Odur ki, Rusiya imkan vermək istəmir ki, regionda münaqişə ocağı tamamilə sönsün, gərginlik zəifləməyə doğru getsin. Əksinə, ocağı körükləyib regionda gərginliyi saxlamağa çalışır.
Buradan da belə nəticə çıxır ki, Rusiya münaqişənin tamamilə aradan qalxması üçün, sülh sazişinin imzalanması üçün deyil, özünün Cənubi Qafqazda varlığını təmin etmək üçün fəaliyyət göstərir. Bu da danılmaz faktlarla göz önündədir.

- Bu halda biz nə etməliyik, çıxış yolumuz nədir?
- Bizim yolumuz məlumdur, bunu cənab Prezident müəyyən edib və hamımıza aydındır. Biz dünyaya bəyan edirik ki, müstəqil, suveren dövlətik, ərazi bütövlüyümüzü təmin etmişik, bundan sonra da təhlükəsizliyimizi təmin etmək üçün tədbirlər görürük. Bizim yolumuz qonşu dövlətlərlə əməkdaşlıq və sülh şəraitində yaşamaqdır. Bununla yanaşı, biz güclü olmalıyıq, güclü ordumuz olmalıdır, var və günü-gündən onu gücləndirmək üçün tədbirlər görürük. Biz ərazimizdə düşmən qüvvələri, separatçı və terrorçuları təmizləmək üçün tədbirlər görəcəyik. Prezident də bu xəbərdarlığı etdi. Biz müstəqil dövlətik, ərazimizdə düşmən dövlətə aid işğalçı qüvvələr qalmamalıdır. Bizim ərazilərimizdə separatçı qurum da qalmayacaq. Yaxın vaxtlarda bu deyilənlər əməli işdə öz əksini tapacaq.
- Bundan sonra Azərbaycan sərt tədbirlərə əl atarsa, Qərb tərəfindən izolyasiya olunan Moskva hansı addımlara gedə bilər?
- Rusiya nə qədər Ermənistana sevgisi olsa da, özünün dövlət və milli strateji maraqlarını üstün tutacaq. Qərb dünyası bu gün Rusiya ilə düşmən və müharibə vəziyyətindədir. Üstəlik, Azərbaycan, Türkiyə və digər dövlətlər anti-Rusiya prosesinə qoşulmur. Əgər Rusiya cənubda da özünə problem yaratmaq istəmirsə, burada onunla tərəfdaş olan dövlətləri itirmək istəmirsə, imperiya siyasətindən əl çəkməli, öz milli maraqlarını əsas götürməlidir. Rusiya çırtdan, terrorçu və heç kimə lazım olmayan Ermənistana görə Azərbaycan və Türkiyə ilə münasibətlərini pozmamalıdır. Məncə, pozmayacaq və düzgün yol tutacaq, erməniləri başa salacaq. Bu, bizə, Rusiyaya, elə düşmən ölkəyə də, həmçinin, ümumilikdə regiona sərfəlidir.
- “Hazırda Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaşanır” demək olarmı?
- Biz Rusiya ilə bu ilin fevralın 22-də tərəfdaşlıq haqqında bəyannamə imzaladıq. Bu, olduqca geniş sənəddir, orada maraqlı müddüalar öz əksini tapıb. Hər iki dövlət bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır, sərhəd toxunulmazlığını qeyd edir, bir-birinin ərazisindəki terrorçulara qarşı birgə mübarizə aparmağı üzərinə götürür və s. Məncə, Rusiya dövləti öz imzasına hörmətlə yanaşmalı, bu sənədə sədaqətli olmalıdır. Ukrayna ilə yaranan indiki vəziyyətdə, dünyanın aparıcı mərkəzlərinin yarıdan çoxunun Rusiya ilə müharibə şəraitində olmasından Moskva nəticə çıxarmalı, Cənubi Qafqazda onun üçün xoş nəticə yaratmayacaq gərginliyə getməməlidir. Rusiyaya əlavə gərginlik nöqtəsi lazım deyil. Hesab edirəm ki, Rusiya rəhbərliyi bu vəziyyətdən ağıllı nəticə çıxaracaq.

BİA.az
скачать dle 12.1