Bia.Az

KRAL ÖLDÜ! YAŞASIN KRAL?! – Elmlər Akademiyasında “Mehdiyev erası” bitdimi?

Gündəm
 19-04-2022, 15:30     260

Xalid NİYAZOV

II yazı

(Davamı. Əvvəli https://azpolitika.info/?p=662847 Fevralın sonlarında gündəm dəyişdiyinə görə yazını bir qədər yubatmağı məsləhət bildik)

Ramiz Mehdiyev getdi!

Əslində, bu ölkəyə, Vətənə, dövlətə, insanlara qarşı onillərdən bəri etdiyi pisliklərə rəğmən elə 2019-cu ilin oktyabrında Prezidentdən layiq olmadığı ali təltifini alıb, təşəkkür edib, ədəb-ərkanla getməli idi. Getmədi! Qismətində üzüsulu getmək şansı varkən, üzü tüpürcəkli getməyi seçdi. Bu, onun şüurlu seçimi idi.
İnsan rəzilliyinin, miskinliyinin də bir hədd-hüdudu olmalı idi. Görməzdən gəldi o sınırı. “Enveroviç” İlham Əliyevin alicənablığından və yüksək insaniyyətindən sui-istifadə edib özünə yeni bir vəzifə bazarlığına girdi. Zira, bu tip adamları yapışdıqları yerdən qoparmağa ən güclü “Komatsu” buldozeri belə acizdir. İllərlə “kurirovat” elədiyi, saxta “çlenkor”, akademik adı payladığı, həqiqi alimlərinsə akademikliyə uzanan yolunda qara bir daşa çevrilib badalaq vurduğu Elmlər Akademiyasına prezident gəlməyi özünə ar bilmədi.

Adam bunca şansı dəyərləndirmədi. Axı, quruyub-qartımış, yeni ideya və təşəbbüs “istehsal etmək” imkanını qeyb etmiş, ilin-günün düz vaxtı qırışlarında qurub-yaratmaq, mütərəqqi, modern adına ikicə hüceyrənin belə bulunmadığı barsız, cır, qısır bir beyin nə verə bilərdi ki?!
Ramiz Mehdiyev getdi!
Bitdimi hər şey?
Necə deyərlər, “Finita la commedia”mı, həzarat!
Xeyr, zənnimcə! Bu cür alaq otlarının toxumları çox böyük bir ərazidə yayılıb cücərir. “Mehdiyevciklər” bu gün də iş başındadırlar – elə həmin akademiyada, dövlət strukturlarında, nazirliklərdə, parlamentdə, mətbuatda ... üzü aşağı hakimiyyət şaqulunun hər bir həlqəsində, pilləsində. “Tak çto”, ruslar demişkən, Mehdiyev mövzusu həmişəyaşıl mövzudur, kökünü qazıb qurutmayınca, dayanmaq olmaz ... təhlükəlidir.
Elmin “ölüm vadisi”
Ötən əsrin 50-ci illərində ABŞ-ın Kaliforniya ştatında Stenford universitetinin sənaye parkının bazasında elmi-tədqiqat institutlarının, mərkəz və laboratoriyaların, universitet və informasiya texnologiyaları məhsullarının istehsalı üzrə ixtisaslaşmış müəssisələrin cəmləşdiyi “Silikon vadisi” adlı bir beyin mərkəzi yaradıldı. Onun zərurəti barədə uzun-uzadı bəhs etməyəcəyik. Belə ki, Amerikanın müasir inkişaf səviyyəsi bu dövlətin elmə ayırdığı diqqət, dəstək və maliyyənin həndəsi silsilə üzrə yüksəlişi ilə tənasübdə çıxış edir. Başqa sözlə, perspektivə hesablanmış məqsəd dünya lideri bir ölkənin müasir stastus-kvosunun təsbitində əvəzsiz rol oynadı.
Ərazisi Abşeron yarımadasından təxminən iki dəfə artıq olan bu məkan Amerikadakı bütün innovasiyaların vətəni, planetin özünəməxsus rəqəmsal paytaxtı sayılır.
Danimarka və İsveçdə “Medikon Velli” klasteri, Fransada “Sofia Antipolis”, Yaponiyada “Texnopolis Tsukuba” və ya “Beyin şəhəri”, Rusiyada “Skolkovo”, Qazaxıstanda Alatau İT City və digər elmi-texniki mərkəzlər amerikalı “müttəfiqləri” ilə birlikdə müasir dünyanın inkişaf koordinatlarını və hədəflərini müəyyənləşdirirlər.
Təbii, könül istərdi ki, Azərbaycan da belə bir zəka və təcrübə klasterində yer alsın. Fəqət, bu ölkələrin heç biri ilə və hər hansı bir parametr üzrə müqayisəyə əl yeri qoyacaq durumda deyilik. Obyektiv və subyektiv səbəblər çoxdur, üzərində dayanmayacağıq. Zira, elmin inkişafının prioritet əhəmiyyəti fərdi istəkdən daha çox dövlətin qayğı və diqqəti ilə müəyyənləşən bir məsələdir.
Ölkədə elm və real iqtisadiyyatın birgə əməkdaşlığını son məhsula, nəticəyə hədəfləyən real zəncir yaradılıbmı? Elmlər Akademiyası bu seqmentə hər hansı bir töhfə verə bilirmi?
Akad. A.Əlizadənin prezidentliyi dönəmində elmlə sənayenin səmərəli işbirliyini təmin etmək məqsədi ilə müvafiq nazirlik və şirkət rəhbərləri ilə faydalı görüşlər keçirilirdi və həmin təmasların ortada konkret müsbət nəticələri belə vardı.
Akademiyanın “mehdiyevşina” dönəmində isə əski sovetlərin məşhur “zastoy” dövründə olduğu kimi hər şey vitrinə, “pokazuxa”ya, göz boyamağa hesablanmışdı. Akademiya müdiri kreslosunda yerini isidən “Enveroviç”in müxtəlif nazirlik və komitə rəhbərlərini ofisinə dəvət etməkdə əsas məqsədi elmin “gününə ağlamaq”, real iqtisadiyyatı elmtutumlu layihələrə sərmayə yatırmağa təşviq etmək deyildi... özünün hələ də “yəhərdə” olduğunu, hökumət üzvlərinin yanında sözünün keçdiyini isbatlamaq kimi altruist, meşşan bir başlanğıc idi.
Alimləri bir yerə toplayan, onların qazandıqları nailiyyətləri təbliğ edən “Alimlər qurultayı”, “Elm festivalı” kimi tədbirlər yerini Ramiz Mehdiyevin hansı dərədən tapıb ətrafına yığdığı cahillərin at oynatdığı intriqa, məkr, nakişilik meydanına verdi. AMEA-nın dəhlizlərində “37-ci il” rüzgarı əsməyə başladı. İctimai əxlaqsızlıq, elmi falsifikasiya, vəzifə təyinatlarında korrupsiya, vicdanlı alimlərin təqib edilməsi, ləyaqət və elmi kapasitədən məhrum institut direktorlarının himayə edilməsi əsas iş prinsipinə, fəaliyyət fəlsəfəsinə çevrildi. Elmə qarşı sanki şüurlu şəkildə ermənisayağı “Xocalı soyqırımı” həyata keçirilirdi.
Təsəvvürünüzə gətirin ki, ölkənin elm qərargahında elmi mühit, elmi müzakirə əvəzinə intriqa, məişət dedi-qodusu, “tolkuçka” ritorikası hökm sürürdü. Bu adamlarla elmi inkişaf etdirmək, elmin nüfuzunu qaytarmaq mümkünsüz idi.
Fizika üzrə Nobel mükafatçısı Andrey Qeymin naşı adamların bacarmadıqları işin qulpundan yapışması ilə bağlı maraqlı bir ifadəsi var: “Əgər şimpanzedən gələcək üçün nəyin daha vacib olduğunu soruşsan (elm nöqteyi-nəzərindən), yəqin ki, banan təmizləyən maşından daha yaxşısını təklif edə bilməz”. Eyni kontekstdən yanaşsaq, “Mehdiyev & kompaniyası”ndan ölkə elmi üçün faydalı nəsə gözləmək öküzdən bala gözləmək kimi ümidsiz və anormal bir məşğuliyyət olardı.
Mehdiyevin himayəsində olan institutlar var ki, elm adına heç bir işlə məşğul olmur, öz istiqaməti üzrə ortaya az-çox sanballı bir iş qoymayıb. Bu cür elmi-tədqiqat müəssisələrinin rəhbərliyi öz səlahiyyətsizliyini, yarıtmazlığını, elmə ən azı “Gülümsərov” qədər dəxli olduğunu pərdələmək üçün çəkindiyi əməkdaşlara ən əxlaqsız və yaramaz vasitələrlə təzyiq edir, şər və böhtan kampaniyası aparır. Çünki belələrinin qeyri-məhdud səlahiyyət üçün “indulgensiya kağızı”na orta əsrlərdə Roma Papasının başçılıq etdiyi katolik kilsəsi deyil, Mehdiyev şəxsən “imza atmışdı”.
Akademiyanı belə mağmın günə saldığına görədir ki, onun bağlanması, elmi-tədqiqat işlərinin universitetlərə həvalə olunması ilə bağlı sədalar eşidilməkdədir. Özü də bir ara bu cür təkliflər intensiv xarakter aldı. Xub, edək! Amma necə deyərlər, “nəynən Alış”?! Məgər bizim universitetlər “göydən ulduzmu dərir”? “Top 1000”-liyə Azərbaycandan neçə yaxud hansı universitet daxil ola bilib?! Tendensiyalı görünmək istəməzdim, amma bu məsələdə də “səbəbül-lənətulla” Mehdiyevdir – uzun illər ölkənin təhsil təsərrüfatını da Fatma ilə birlikdə iflic ediblər.
Nəticədə dünyanın inkişaf etməkdə olan ölkələrində prioritet məhz elmi nailiyyətlər olduğu halda, bizdə elmin səviyyəsi “kandidatski” müdafiə edənlərin statistikası ilə ölçülür. Yenə də nə yaxşı ki, son illər Ali Attestasiya Komissiyasında müdafiə işinə ciddiyyət və məsuliyyət bir xeyli artıb.
Mehdiyevin “Potyomkin kəndləri”
Yəqin ki, mütaliəli oxucuların zikri XVIII əsrə təsadüf edən “Potyomkin kəndləri” məsələsindən xəbəri var.
Zövcəsinin gürcü knyaz nəslinə dəxli olduğunu iddia edən “Enveroviç”in rus knyazı Qriqori Potyomkinlə hər hansı bir qohumluq bağının olub-olmadığını söyləyə bilməsək də, əməlləri onunkundan heç də geri qalmır. Əgər sələf Rusiya imperatriçəsi II Yekaterinanın gözünə kül üfürürdüsə, xələf də Azərbaycan vətəndaşının gözünü boyamağa çalışıb. Necə? Çox sadə! Adam özünün bivec, heç bir ciddi və əməli köklərə dayanmayan “elmi islahatlar”ı ilə butafor, illüzior bir akademiya obrazı yaratmağa çalışıb. Bəlkə də sima olaraq nələrisə, o da başqalarının əziyyəti hesabına, dəyişməyə müvəffəq olub, amma və lakin bətndə, rəhndə heç bir şey dəyişməyib.
Səbəb həqiqət qədər sadədir! Ramiz Mehdiyev və entuziazm, elmi şücaət, elmi uğur, tədqiqat şövqü, axtarış həvəsi ... qütbvari əks anlayışlardır. Onun sadəcə varlığı, böyük və şanlı kişilərin qapısından içəri girdikləri elm məbədinin divarları arasında aldığı nəfəs belə elm üçün toksik təhlükə idi.




ƏtraflıElmlər Akademiyası bu gün formal olaraq elmin statisti rolunu ifa edir. Məlum, akademiyada hamı elmlə məşğul olmalıdır. Bunun üçün istedadlı alimlər var, istək var, güclü elmi-intellektual potensial və səviyyə var. Eyni zamanda, ölkənin də buna əşhədü-ehtiyacı var, real perspektiv vəd edən ciddi layihələrə sərmayə yatırmaq imkanı var. Ancaq bu adamın lüğətində yardım göstərmək, əl uzatmaq, yaralı barmağa “yod” sürtmək, yaxşılıq etmək, nəsə vermək kəlməsi yoxdur ... “al mollası” misalı!
O bir başqa məsələdir ki, Allaha şükür, Prezident İlham Əliyev belə məsələlərə heç vaxt vəsait əsirgəmir. Əksinə! Lakin çatışmayan nədir? – Elmi mühit! Heç görmüsünüzmü ki, çılpaq qaya parçası, yaxud sinəsi cadar torpaq sünbül yetirsin?! Bəli, akademiyada elmi mühit məhv edilib, yaradıcılıq həvəsinin “vayına otur”ulub.
Balaca və boz kardinal Akademiyanın binasına ayaq basar-basmaz, ilk növbədə özünə inzibati aksesuar, bir başqa cür ifadə etsək, resurs, komanda, qərargah tədarükünə girişdi. Katiblik qurdu, Rəyasət Heyətinin aparatı adlı bir qurum yaratdı. Məqsəd iş görmək, ortaya FİƏ qoymaq deyildi, əsla, bir növ kasıbın itinin adını “Gümüş” qoymaq misalı. Və akademiya sistemində ixtisar söhbətinin aktuallığını qoruduğu, vaxt-bivaxt ortaya atıldığı bir vaxtda, mehdiyevsayağı islahat nəticəsində zühur etmiş qurumlara bir xeyli ştat vahidi ayırdı. “Enveroviç”in zərgər dəqiqliyi ilə kadr seçmək məharətinə, zatən, heç kimin və heç bir vaxt şübhəsi olmayıb – harada yolunu-izini azan, keyfiyyətsiz, cəmiyyətdə adı birmənalı hallanmayan bioloji inkişaf tör-töküntüsü vardısa, yığıb gətirdi. Mehdiyevin “kadr akademiyası”nın məzunlarının ən dürlü cinayətlərə görə başlarına torba keçirildiyi tarix çox da uzaqda deyil. Yeri gəlmişkən, arada akademiya müdirinin az vaxtda həlləm-qəlləm işləri ilə məşhurlaşmış “baş eşikağası”nı, yəni katibliyinin rəisini də tutub 30 günlüyə “qoduqluğa” basmışdılar. Amma noolsun?! Deyilənə görə, qayıdıb və işini davam etdirir.
Budur, Mehdiyevin islahatı!

Bu islahatın nəticəsidir ki, dövlət akademiyanın iki qurumunun tabeçiliyini dəyişdi ... heç şübhəsiz, bir bildikləri vardı.
AMEA-nın 2021-ci il may tarixli Ümumi yığıncağında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətdə səsləndirilən tezis-islahatlar isə yalnız acı gülüş doğurur. İki cümləni dalbadal düzüb ifadə etməyə qabiliyyəti çatmayan natiq Prezidentə müraciətdə cümləpərdazlığın “piruet” və “salto”larını nümayiş etdirərək yeni dövrün elmi fəaliyyətində başlıca hədəflərdən biri kimi elm və təhsil sisteminin effektiv, çoxşaxəli inteqrasiyasını göstərərək ali təhsil müəssisələrini Milli Elmlər Akademiyasının potensialından geniş şəkildə bəhrələnməyə, mütəxəssis hazırlığı prosesində AMEA-nın imkanlarından əməli surətdə istifadə etməyə çağırır.
Əminik ki, bu, yersiz zarafatdır, “özünə umac ova bilmir, özgəsinə əriştə kəsir” buna deyiblər. Adam elmi xoş günə çıxartdı, bir də qaldı vəziyyəti onsuz da “urusca” olan təhsilə “yengə”lik eləməyi.
İkinci tezis “Ordu quruculuğunda müasir elmi yanaşmaların tətbiqi” sahəsində futuroloji öncəgörmələrdən bəhs edir.
Deyirlər ki, timsah ovunu parçalamazdan əvvəl onun üçün göz yaşları axıdır. Mehdiyevin ordu quruculuğuna elmi yanaşmadan bəhs etməsi eyni “həzin” göz yaşlarını xatırladır. Akademik-düha 44 günlük Vətən müharibəsindəki qələbəmizdə pilotsuz aviasiya vasitələrinin geniş tətbiq edildiyini qeyd edir və bu istiqamətdə AMEA-da rəqəmsal texnologiyalar sahəsində yeni, əsaslı tədqiqatların aparılmasının vacibliyini vurğulayır. Rusların bu xüsusda yerinə düşən bir məsəli var – kimin inəyi böyürsə də, bari, səninki sussun.
Pilotsuz uçuş aparatlarının və digər hərbi-mülki təyinatlı ləvazimatların hazırlanması sahəsində akademiyanın texnologiyalar parkında aparılan tədqiqatları əngəlləyən, bilikli və təşəbbüskar gənclərdən ibarət unikal bir komandanı gözümçıxdıya salıb dağıdan bir adam Prezidentin hüzuruna ərz etdiyi müraciətdə “ölkəmizin daxili imkanları və yerli elmi-texniki potensialı hesabına keyfiyyətli pilotsuz ucuş aparatlarının hazırlanması və istehsalı” hədəflərindən bəhs edir. Bu, bəlkə də milli xəyanətdir.
Həmin müraciətdə yeddi istiqamət üzrə qarşıda duran hədəflərdən bəhs edilir. Nə yazıq ki, hamısı “fiksa”, gəlişigözəl vəd, göz boyamaq cəhdindən başqa bir şey deyildir. Əksidirsə, ortaya fakt qoysunlar, iş göstərsinlər.
Alimlərdən və sifarişçilərdən ibarət “zəncir”in yaradılması, sənaye nəhəngləri ilə faydalı işbirliyinin qurulması, akademiyanın millətin elmi-əqli-intellektual-ziyalı “vizit kartı”na çevrilməsi, ölkənin milli-texnoloji inkişaf strategiyasına real töhfəsi ilə bağlı bəlağətli çıxışlar fonetik ilğım olaraq qaldı.
Məşhur bir ingilis aforizmi var: Hind quşları heç vaxt Yeni ilə səs verməzlər. Eləcə də, mehdiyevkimilər heç vaxt islahat, inkişaf, yüksəliş tərəfdarı ola bilməzlər. Onların bu Vətən üçün sevinən sinirləri, əzələləri çoxdaaan atrofiyaya uğrayıb.
Kral öldü!
Yaşasın kral?!
İndiki tələbələr rus proletariatının öndəri Vladimir Ulyanovun marksist-leninçi ideyaların və inqilabi romantizmin təbliğinə həsr olunmuş əsərlərini əzbərləyib “konspektləşdirmək” əzabından uzaqdırlar. Lenin geriyə iki addımdan bəhs edirdi. Onun sadiq varisi Enveroviç isə hələlik ölkədən danışmayacağıq, ancaq ölkə elmini beş addım geri çəkdi, Məlikməmmədin müxənnət qardaşları kimi quyuya sallayıb ipini də kəsdi.
Bəli, hər bir vətənpərvər alimi, ölkəsinin gələcəyinə biganə qalmağı bacarmayan ziyalını, nəhayət, 100 ildən bəri “göyə balonla çıxan əcnəbi”yə hələ də həsədlə tamaşa etməkdə olan vətəndaşı Azərbaycanda elmin düşdüyü vəziyyət ağrıdır, içini göynədir. Və bu, artıq sadəcə tənəzzül deyil, fəci səviyyəyə qalxmış deqradativ prosesdir. Tibbdə “sabit ağır” yaxud “sabit kritik ağır vəziyyət” ifadələri mövcuddur. Bizdə ikincidir. Akademik elmi Fəxri Xiyabanda basdırıb başdaşı üzərinə də “2019. oktyabr – 2022. fevral” yazdırsaq, yəqin ki, çox da pessimist sayılmarıq. Təbii ki, elmi reanimasiya etməyə qadir həqiqi alimlər, elm mücahidləri olmazsa!...
Bu gün “Mehdiyevşina”nın naqis mirası kimi elmdə islahat və inkişafın, sadəcə, imitasiyası mövcuddur. Səbəblərdən ən zırpısı Ramiz Mehdiyev kimi mühafizəkar və işbilməz məxluqun elmə rəhbərlik etmək ambisiyası idi.
Üç onilliyə yaxın idi ki, Mehdiyev və özü yosunluların qara kölgəsi, ətalət, yuxu, məhzunluq gətirən ruhu elmin canına çökərək bar verməyə, inkişaf etməyə qoymurdu. Adam istefaya “vasil” oldu! Vəziyyət dəyişəcəkmi? Yeni rəhbərlikdən, onun ölkə Prezidentinin yürütdüyü islahatlar xəttinə hansı səviyyədə sadiq olmasından asılı məsələdir bu.
Elmin bərbad günə düşməsində Elmlər Akademiyasının “müdir”i kürsüsünü zəbt etmiş alim Mehdiyevdən daha çox uzun illər Prezident Administrasiyasında hakimi-mütləq olarkən elmin də “cilov”unu əlində saxlamış məmur-bürokrat Ramiz Mehdiyev günahkardır. Əlində hədsiz administrativ resurs və imkanların cəmləşdiyi bir dönəmdə adam həm elmi, həm də alimləri “xoş günə” çıxarmaq üçün barmağını-barmağına vurmadı. Özü üçün işlədi, həlləm-qəlləm yollarla akademik titulu aldı, kitablar yazdı.
Bilirsinizmi ən pisi nədir? Ramiz Mehdiyevin mənhus idarəçiliyi dövründə AMEA-nın bircə akademiki belə etimadsızlıq təşəbbüsü ilə çıxış etmədi. Əcəba, nədən? Onlardamı yerlərində deyillər? Şəxsən mən elmimiz adına qürur duya biləcəyimiz bir çox akademikin adını çəkə bilərəm. Bəs elə isə nədən susdular? Siz hər atalar sözünə inanmayın, yoldaş akademiklər! Susmaq heç də həmişə qızıl deyil. İndiki halda biganəlikdir ... təşəbbüs, cəsarət, elm adına!
* * *
Akademiyanın prezidentləri olub: Mir Əsədulla Qasımov, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Fərəməz Maqsudov, Mahmud Kərimov və başqaları! Bu adamlar sima idilər, qaya parçası idilər, insan sadəliyi ilə alim nəhəngliyinin xəlitəsini ortaya qoyan bir kimlikləri vardı. Ən azından harizmaları vardı, bu gün də insanların, elmi ictimaiyyətin qəlbində hansısa işıqlı xatirələri ilə yaşayırlar.
Bəs Mehdiyev? Ovcunda neçə min MVt-lik AES gəzdirsə belə, ayaqlarının ucundan o tərəfi işıqlandıra bilmək iqtidarında deyildi. Çünki adamın varlığı, əməli qaranlıqla, zülmətlə ekizdir, mühafizəkarlığın, reqressin, pisliyin, fürsətcilliyin ... sinonimdir.
Azərbaycan elmi hara gedir?
Dəqiq hədəfləri varmı?
Nəyə nail olmaq istəyir, yaxud istədiklərindən nəyəsə müvəffəq olubmu?
Azərbaycan elmindəki ətalət, yorğunluq, tənbəllik, qocafəndilik ... nə ilə bağlıdır? Obyektiv şəraitlə yoxsa subyektiv amillərlə?
Yəqin ki, bu suallara Elmlər Akademiyasının yeni rəhbərliyi və Rəyasət Heyəti cavab verəcək.
P.S. Hötenin “Faust” fəlsəfi dramı ilə tanışlığınız varmı? Fyodor Şalyapinin məşhur La Skalanın səhnəsində oynadığı İntibah dövrü mifologiyasının qəhrəmanı Mefistofel dahiyanə idi. Mənbələr vəcdə gəlmiş italiyalı opera bilicilərinin fikirlərini belə ifadə edirdilər: “Bəli, bu əsil iblisdir. Necə bir mimika! Necə bir səs! Dahi artistdir!”
Əminəm ki, elmin inkişafı ilə bağlı cəfəng sentensiyalarını səsləndirərkən bir nəfərin də üz əzələlərində həmişə mefistofelsayağı şeytani təbəssüm oynayıb.скачать dle 12.1