Bia.Az

“Türk Konseyi” Qazaxıstana görə toplanır - məkrli ssenarilər pozulacaqmı?

Gündəm
 11-01-2022, 11:25     262

KTMT üzvləri bir araya gəldi, Putin Qazaxıstanla bağlı anons etdi; kapitulyant Paşinyan “Rus NATO-su”nu Azərbaycana qarşı yönəltməyə cəhd göstərir; analitik: “Çox güman ki, Qazaxıstana türk dövlətlərinin hərtərəfli dəstəyi təklif olunacaq”


Bu gün, yanvarın 11-də Türk Dövlətləri Təşkilatı (TDT) XİN rəhbərlərinin onlayn formatda fövqəladə sammiti olacaq. Əsas mövzu Qazaxıstandakı vəziyyətdir.

Ötən gün isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr Qazaxıstanı müzakirə üçün bir araya gəliblər. Qırğız Respublikasının Prezidenti Sadır Japarov KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında iştirak etməyərək, sammitə baş naziri Akılbek Japarovu göndərib. S.Japarov səbəb kimi  qısamüddətli məzuniyyətə çıxmasını göstərsə də, istisna deyil ki, son günlər Qırğızıstanla Qazaxıstan arasındakı gərginliklər burada öz sözünü deyib.

Rusiya prezidenti Vladimir Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasındakı çıxışı zamanı deyib ki, “öz funksiyasını yerinə yetirəndən sonra bütün KTMT kontingenti Qazaxıstan ərazisini tərk edəcək”. O əlavə edib ki, KTMT qüvvələri lazım olduğu qədər Qazaxıstanda olacaq və öz funksiyalarını yerinə yetirdikdən sonra kontingent ölkədən çıxarılacaq. Putin həmçinin qeyd edib ki, KTMT bölmələri respublika rəhbərliyinin rəsmi müraciəti əsasında və 1992-ci il əsas Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə tam uyğun olaraq Qazaxıstandadır.
Göründüyü kimi, Rusiya prezidenti KTMT hərbçilərinin Qazaxıstanı tezliklə tərk etmək niyyətində olmadığına işarə edib. Eyni zamanda Belarus lideri Lukaşenkonun da sərt ritorikası və Rusiyadakı imperiyapərəst qüvvələrin fəallığı proseslərin uzun davam edəcəyindən xəbər verir. Qazax xalqı isə KTMT kontingentinin ölkəyə daxil olmasına qarşıdır. Həmçinin qazax ağsaqqallar prezident Tokayevə qarşı kəskin mövqe ortaya qoyublar. Hesab olunur ki, ölkə başçısı xarici qüvvələri ölkəyə dəvət etməklə işğala stimul verib. Belə olan təqdirdə Türk Dövlətləri Birliyi üzv Qazaxıstan dövləti və qazax xalqı üçün hansısa töhfələr verə bilərmi, sualı ortaya çıxır. Düzdür, çox mürəkkəb proseslər müşahidə olunur. Hətta ABŞ başda olmaqla, Qərb dövlətləri də Rusiyanı bu yoldan çəkindirməyə aciz görünür.
Məsələnin Azərbaycanla birbaşa bağlı olan digər tərəfini də unutmamalıyıq, bu da hazırda KTMT-yə sədrlik edən Ermənistanın baş verənləri fürsət bilərək ölkəmizə qarşı məkrli cəhdlərini bir daha ortaya qoymasıdır. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı maraqlı detallara dqqət çəkir: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin liderləri onlayn formada Qazaxıstandakı son olayları müzakirə ediblər. Rusiya prezidenti Vladimir Putin Qazaxıstandakı olaylarda Qərbə işarə edərək ”rəngli inqilabların" qarşısını almaq üçün aralarındakı əməkdaşlığı gücləndirməyin vacibliyini vurğulayıb. Belarus prezidenti Aleksandr Lukaşenko isə “rəngli inqilabın” növbəti ünvanını - Özbəkistanı göstərib. Belarus prezidenti bu açıqlaması ilə bilərəkdən və ya bilməyərəkdən özü növbəti təlatümün düyməsinə basıb. Ermənistanın baş naziri Nikol Paşinyan yaranmış fürsətdən istifadə edərək Qazaxıstandakı son olaylarla İkinci Qarabağ müharibəsi arasında bu cür paralel aparıb: “Qazaxıstanda olduğu kimi Dağlıq Qarabağda 44 günlük müharibədə kənardan terrorçular gətirilmişdi. Biz beynəlxalq terrorçularla üz-üzə qalmışdıq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər yeni təhlükələrlə üz-üzə qala bilər”.
Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"
Elxan Şahinoğlu
E.Şahinoğlu qeyd edib ki, beləliklə, Paşinyan Rusiyaya və onun dostlarına Azərbaycanı hədəf göstərib: “Paşinyan sanki demək istəyib ki, ”Ermənistan beynəlxalq terrorçularla üzləşəndə Siz bizə dəstək vermədiniz, qoşunlarınızı göndərmədiniz, Qazaxıstana isə dərhal reaksiya verdiniz, gələn dəfə bizim çağırışı da eşidin". Əlbəttə, Paşinyanın növbəti sayaqlamasına fikir verməmək də olardı. Azərbaycan öz ərazisini azad etmək uğrunda savaşırdı, ordumuz üzərinə düşəni etdi. Paşinyan isə yenə “beynəlxalq terrorçular” haqqında nağıl danışmağa çalışıb. Buna baxmayaraq, Qazaxıstandakı olaylar və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsi İrəvanı həvəsləndirib. Diqqətli olmalıyıq. İrəvan Azərbaycanla sərhəddə, o cümlədən Qarabağ separatçılarının əli ilə gərginliyi artırıb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət üçün bəhanə axtara bilər. Fikrimcə, Paşinyanın bugünkü sərsəmləməsinə rəsmi Bakı münasibət bildirməlidir ki, Ermənistanın dostları çaşıb təxribata uymasınlar".
Qeyd olunanlar Türk dövlətləri birliyini daha da aktual edir. Yəni bu gün qazax eli yağmalanacaqsa, sabah eyni tale digər ölkələri də gözləyə bilər. Belə olan təqdirdə TDT qardaş qazax xalqına öz müstəqilliyini Rusiyadan qorumaq üçün hansısa effektiv dəstəyi verə bilərmi, sualına birmənalı cavab vermək asan məsələ deyil. Amma istənilən halda, bu sualın cavabı çox maraqlıdır: böyük ümidlərin olduğu TDT bir geosiyasi gücə çevrilib də, Qazaxıstanın Türk dünyasından qoparılıb Rusiya-Belarus ittifaq dövlətinə birləşməsini əngəlləyə, beləliklə, Turan birliyini xilas edə biləcəkmi? Qazaxıstana TDT-nin hansısa ortaq sülhməramlı kontingentinin göndərilməsi imkanları varmı? Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Ankara Qazaxıstana hər cür dəstəyi verəcək. Nazir bildirib: “Ümid edirik ki, Qazaxıstan tezliklə sabitliyə, sülhə və əmin-amanlığa nail olacaq. Bunun üçün həm Türkiyə, həm də Türk Dövlətləri Təşkilatı olaraq hər cür dəstəyi verəcəyik”.
Öz növbəsində sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Türkiyənin Qazaxıstandakı proseslərə cəlb edilməsi qaçılmaz olacaq. Bu barədə o, facebook səhifəsində yazıb: “Fikrimcə, Moskvada yaxşı anlayırlar ki, Qazaxıstana qoşun yeridilməsi vəziyyəti yalnız qısa müddətə sakitləşdirə bilər və bundan sonra daxildəki bütün qazaxıstanlı oyunçular işğalçıya qarşı birgə mübarizə aparacaqlar. Aydındır ki, Türk millətçiliyi əsas müxalifət ideologiyasına çevriləcək. Bəs Kreml ideoloji cəhətdən ona qarşı nə qoyacaq? Məncə, yalnız Duqinin avrasiyaçılıq variantında nəsə mümkündür. Bu, o deməkdir ki, Türkiyənin müdaxiləsi qaçılmazdır. Hələlik bunun formatını təsəvvür etmək çətindir. Baxaq görək, Türk Dövlətləri Təşkilatında hansı qərarlar veriləcək. Yalnız bu qurumun stabilləşmə prosesinə cəlb olunması Tokayevə dövlətə xəyanət ittihamlarından yayınmağa imkan verə bilər”, - Zülfüqarov yazıb. Maraqlıdır ki, bundan bir gün əvvəl - yanvarın 10-da KTMT üzvü olan dövlət başçılarının Qazaxıstandakı vəziyyətlə bağlı videokonfrans formatında görüşü keçiriləcək. Putinin mətbuat katibi Dmitri Peskov bu məlumatı artıq təsdiqləyib. Lukaşenko isə deyib ki, Rusiya, Belarus, Ukrayna və Qazaxıstan vahid dövlətdə birləşə bilər. Bəs qazax xalqı kimin yanında olacaq, bu məkrli planları poza biləcəkmi? Bütün bu suallarla bağlı ekspertlərimizin maraqlı yanaşmaları var.
Elçin Mirzəbəyli: Biz birlikdə güclüyük - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi
Elçin Mirzəbəyli
Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında gözləntiləri ilə bağlı bunları söylədi: “Türk Dövlətləri Təşkilatının xarici işlər nazirlərinin toplantısında Qazaxıstanda baş verənlərlə bağlı təsisatın əks mövqeyinin, yaxud sərt açıqlamalarının yer aldığı bəyanatının və ya hansısa digər bir sənədin qəbul ediləcəyini gözləmirəm. Çox güman ki, Qazaxıstana türk dövlətlərinin hərtərəfli dəstəyi təklif olunacaq. Qazaxıstanın siyasi rəhbərliyinin isə bu dəstəyə, indiki şəraitdə səmimi qarşılıq verəcəyini gözləmirəm. Türk dövlətlərinin rəhbərləri baş verənlərin fərqindədirlər. Belə bir şəraitdə Qazaxıstanın təşkilatdan uzaqlaşması üçün bəhanə funksiyasını yerinə yetirəcək davranış sərgilənməyəcək. Qazaxıstanın Ruisyanın dominantlığı ilə yaradılması nəzərdə tutulan ”ittifaq dövlətləri" modelinə çox rahatlıqla qoşulacağı da inandırıcı deyil. Zorla qoşmaq niyyəti isə əks-effekt verəcək və uzun müddət həm Qazaxıstanda, həm də ətraf ərazilərdə sabitliyin təmin olunmasına mane olacaq. Qazaxıstanı “ittifaq dövlətləri” modelinə qoşmaq üçün düzənlənən bütün oyunların səbəbi Kremlin Belarusla yaratdığı “ittifaq dövləti” modelinin cazibədarlığını artırmaq və layihənin uğursuzluğunu sübuta yetirən faktorları pərdələməkdir". E.Mirzəbəyli hesab edir ki, planda Ukraynada da daxili vəziyyətin gərginləşdirilməsi və illər öncə yarımçıq qalan ssenarinin davam etdirilməsi var: “Ukraynanın, xüsusilə də Rusiyanın siyasətinə qarşı dirəniş göstərən xalqın təxribatların qarşısında geri çəkiləcəyini gözləmirəm. Amma bununla yanaşı, Rusiyanın ata biləcəyi addımları da nəzərə almaq lazımdır. Qazax xalqı dirəniş göstərəcəyi təqdirdə, Rusiya ”Şimali Qazaxıstan" separatizm ssenarisini işə sala və Qazaxıstanın ərazi bütövlüyünü təhlükə qarşısında qoya bilər. Rusiya Dövlət Dumasında “referendumla” bağlı səslənən fikirlərin də təsadüfi olmadığı qənaətindəyəm. Ukraynanın separatçı ərazilərində də “Rusiyaya birləşməklə” bağlı qondarma referendumun keçirilməsi də gözləniləndir. Kəsəsi, Moskva postsovet məkanında təsir imlanlarını qoruyub-saxlamaq üçün ənənəvi metodlarından istifadə edəcək". Politoloqun sözlərinə görə, Qərbin ifrat liberal davranışları və siyasətçilərinin cəsarətsizliyi Rusiyanın iştahını daha da artırıb: “Bu baxımdan, indiki şəraitdə postsovet ölkələrinin xalqlarının davranışlarından çox şey asılı olacaq. Bəzi Rusiya siyasətçilərinin yersiz əminliyinə baxmayaraq, nəinki postsovet məkanında, heç Rusyanın federasiya subyektlərində də bu ölkənin siyasi hakimiyyətinə etimad yoxdur və hətta özünü qabarıq şəkildə büruzə verməyən gizli bir nifrət var. Əslində Rusiyaya etimad göstərmək üçün tutarlı və məntiqli bir əsas da yoxdur. Rusiya iqtisadiyyatı gündən-günə geriləyir, biznes mühiti faktiki olaraq darmadağın olub və təhlükəsizlik orqanları ”çinovnik"lərinin nəzarəti altındadır. Doxsanıncı illərdə kriminal elemetlərin həyata keçirdiyi funksiyanı bu gün Rusiyanın federal təhlükəsizlik orqanlarının əməkdaşları yerinə yetirirlər. Bu baxımdan, Rusiya bütün parametrlərinə görə cazibədar ölkə deyil. Bunu bilən Rusiya rəhbərliyi də postsovet ölkələrini və onların xalqlarını çarəsiz duruma salmaq istəyir. Çünki Rusiya ilə yalnız çarəsizlikdən birlikdə olmaq mümkündür. Dünyanın mövcud reallıqlarında isə Moskvanın nəzərdə tutduğu planları icra etmək üçün nə iqtisadi, nə siyasi, nə də hərbi gücü yoxdur. Və mahiyyət etibarilə “ittifaq dövlətləri” modeli heç vaxt gerçəkləşməyəcək və bu istiqamətdə göstərilən hər bir cəhd Rusiyanı daha çox gücdən salacaq".
Cəbrayılda erməni kilsəsi olubmu? - Ceyhun Məmmədov - Yeni Gəncə
Ceyhun Məmmədov
Deputat Ceyhun Məmmədov hesab edir ki, baş verən son hadisələr Türk dövlətləri arasında əlaqələrin inkişafının sürətləndirilməsinin vacibliyini bir daha ortaya qoyur: “Türk Dövlətləri Təşkilatı Qazaxıstandakı hadisələrlə bağlı öz mövqeyini bildirib. Təşkilata üzv ölkələr davamlı olaraq Qazaxıstanda baş verənləri izləyir və Qazaxıstan rəhbərliyi ilə sıx təmasdadır”. C.Məmmədov bildirdi ki, yanvarın 11-də Türk Dövlətləri Təşkilatı XİN rəhbərlərinin onlayn formatda fövqəladə sammitinin keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır: “Burada bir sıra vacib məsələlərin müzakirəsi nəzərdə tutulur. Hər zaman olduğu kimi, bu dəfə türk dövlətləri birlik və həmrəylik nümayiş etdirərək hazırkı vəziyyətdən çıxış yollarını müzakirə edəcəklər. İnanıram ki, tezliklə dost və qardaş Qazaxıstanda vəziyyət stabilləşəcək və həyat öz axarına qayıdacaq”.
Qazaxıstandan gələn xəbərlər isə heç də xoşagələn deyil. Belə görünür bu xəmir hələ çox su aparacaq... Heç şübhəsiz, TDT-nin bugünkü toplantısını qazax xalqı da səbrsizliklə gözləyir...\“Yeni Müsavat”\скачать dle 12.1