Bia.Az

“ZAMAN RUSLARA YOX, BİZƏ İŞLƏYƏCƏK...” - Qərb Rusiyanı dayandırmaq üçün hansı planları qurur?

Gündəm
 10-12-2021, 13:53     218

Artıq bir neçə ildir ki, Rusiya ilə Ukrayna arasında sönməyən hərbi qarşıdurma yaşanır. Beynəlxalq ekspertlərin fikrinə görə, son zamanlar Rusiya və Ukrayna arasındakı gərginlik elə şiddətli fazaya qədəm qoyub ki, iki ölkə arasında müharibə olacağı qaçılmaz kimi görünür. 
Əlbəttə, müharibə dedikdə ilk növbədə Rusiyanın Ukraynaya qarşı həyata keçirə biləcəyi hərbi təcavüz nəzərdə tutulur. Rusiya və Ukrayna arasındakı qüvvələr nisbətində üstünlük, heç şübhəsiz Moskvanın tərəfindədir. Amma bəllidir ki, bu məsələdə ABŞ başda olmaqla, Qərb dünyasının necə mövqe tutacağı həlledici faktora çevriləcək. ABŞ Prezidenti Co Bayden ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən videokonfrans zamanı Ukrayna ilə bağlı məsələ ciddi müzakirə edilib.

“AzPolitika.info” sözügedən məsələ ilə əlaqədar dünya mətbuatında dərc olunan bəzi şərhləri oxuculara təqdim edir:

Böyük Britaniyanın “The Telegraph” qəzeti konfrans barəsində yazb: "Vaşinqton aydın şəkildə bildirib ki, əgər Rusiya Ukraynaya soxularsa, onda ABŞ Moskvanı qlobal elektron ödəmə sitemi SWIFT-ə girişdən məhrum edəcək”.
ABŞ-ın nüfuzlu “The New York Times” qəzetinin “Ukrayna ilə müharibə həddinə gəlmiş Putini balans yaratmağa nə məcbur edə bilər?” başlıqlı məqaləsində qeyd olunur: "Kremlin Ukrayna sərhəddinə qoşun yığması bir mühüm məqama diqqət çəkir: Rusiya bundan sonra özünün cənub-şərq qonşusunun taleyinin nə vaxtsa Qərbin əlinə keçəcəyinə biganə qalmayacaq.
Vladimir Putinin və onun yaxın tərəfdaşlarının məqələlərində, müsahibələrində və çıxışlarında Ukraynaya xüsusi diqqət yetirilməsi maraq doğurur. Onların tezislərindən çıxan nəticəyə görə, ruslarla ukraynalılar eyni xalqdırlar və indi guya ki, ukraynalılar ”baş tutmayan, dağlıb-tökülmüş dövlətdə” yaşayırlar.
Putinin fikrinə görə, bu dövlət Qərb güclərinin nəzarəti altındadır və bu güclərin hədəfi postsovet məkanında “parçala və hökm sür” prinsipi əsasında fəaliyyət göstərməkdir. Ukraynalılar 2014-cü ildə Rusiya Prezidentinin dostunu devirdikdən sonra ölkəni Qərb institutlarına pərçimləməyə çalışırlar.
Rusiya Federasiyasının 175 minlik ordusu gələn ildən Ukraynaya ehtimal olunan müdaxilə məqsədiylə bu ölkə sərhədləri yaxınlığında mövqelər tutmağa hazırlaşır.
Putin və eləcə də əksər rusiyalı üçün Ukrayna ilə yaşanan səkkiz illik münaqişə təkcə geosiyasətlə bağlı deyil, burada həmçinin milli ruha vurulan ziyandan da söhbət gedir. Rusların düşüncəsinə görə, ortada "tarixi ədalətsizlik" var və bu mütləq düzəldilməlidir.
Ruslar hesab edirlər ki, ukraynalılar onlardan ayrılan xalqdırlar. Ukrayınlar üçün Putinin tarixə müraciət etməsi özgə ölkə irsinin uğursuz şəkildə mənimsənilməsi cəhdi və ərazi iddialarına bəraət qazandırmaqdır. ”Yeni Avropa” mərkəzinin direktoru Alyona Qetmançuk deyib: ”Ruslar bizim keçmişimizi oğurlayıblar, indi isə onlar bizim gələcəyimizi oğurlamağa çalışırlar”.

Ukraynanın “Evropeyskaya pravda” internet portalı özünün “Rusiyanın yeni hücum təhlükəsi” məqaləsində Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığındakı manevrlərinə və Qərb ölkələrinin reaksiyasına diqqət ayırıb.
Bu barədə qəzet yazıb: ”ABŞ-ın “Politico” nəşri yürüstü qoşunlarla birlikdə zirehli tank birləşmələrinin və özüyeriyən artilleriya qurğularının Rusiyanın Belarusla sərhədi yaxınlığında yerləşən Yelnaya şəhəri ətrafında toplaşmasının peyk görüntülərini yayımlayıb. Smolensk vilayətində yerləşən bu şəhər Ukraynanın şimal sərhəddindən üç yüz kilometr uzaqlıqdadır. Hücum hazırlığı üçün bu məsafə xeyli uzaq görünə bilər. Amma Rusiya Belarus ərazisində keçirdiyi təlimlər zamanı qoşunların uzaq məsafəyə necə sürətlə daşınması qabiliyyətini nümayiş etdirdi. Belə ki, Rusiya desant dəstələri cəmi bir sutka ərzində Polşa sərhəddinə qədər gedib çıxmışdılar.
Bundan əlavə Kursk şəhərindən Bryansk rayonuna Rusiyanın dördüncü tank diviziyasının texnikasını gətiriblər. Kurskdan Ukrayna sərhəddinə qədər olan məsafə 100 kilometrdir. Bu rayonda həmçinin Moskva yaxınlığında bazalaşmış elit birləşmə sayılan Birinci tank ordusunun dəstələrinə rast gəlinib. Başqa yandan, Novosibirskdə bazalaşan Birinci ümümqoşun ordusu Belarusda keçirilən “Qərb-2021” təlimindən sonra Sibirə geri qayıtmayaraq, Ukrayna sərhədi yaxınlığındakı Rusiyanın digər hərbi birləşmələrinə qoşulub.
Ən əsas məsələ, Rusiyanın Ukraynaya müdaxilə edəcəyi təqdirdə Qərbin buna qarşı hansı tədbirlər görəcəyidir, axı, onlar Rusiya Federasiyası üçün başlıca önləyici faktordur. Artıq ABŞ Senatında “Şimal axını-2” layihəsinə və Rusiya maliyyə müəssisələrinə qarşı əlavə sanksiyalar tətbiq olunmasıyla bağlı təklif irəli sürülüb.
Amerikanlar Kiyevə praktik dəstəyi davam etdrirlər. Ukraynaya iki partiya tibbi və silah yükü göndərilib, ”Island” patrul kateri isə Ukrayna Hərbi Dəniz Qüvvələrini gücləndirmək üçün Qara dənizə yaxınlaşır.
Fransa Rusiyanın Ukraynaya müdaxiləsinın Moskva üçün çox ciddi nəticələr verəcəyi xəbərdarlığını edib. Böyük Britaniya Baş naziri Boris Conson hesab edir ki, rusların təcavüzü faciəli səhv olar və o, Avropa ölkələrinə xəbərdarlıqla deyib ki, çox tezliklə Rusiyadan daha çox enerji resursu almaqla, Ukraynaya dəstək olmaq arasında seçim ediləcək".
Amerikanın “The Washington Post” qəzeti “ABŞ-ın Ukrayna ilə möhkəm bağlar qurması rus təhlükəsinə verilə biləcək ən yaxşı cavabdır” başlıqlı məqaləsində Ukrayna böhranında Co Bayden administrasiyasının hansı vacib addımlar atmasına toxunur.

Həmin məqalədə deyilir: ”Məsələ ondadır ki, Putin Baydenlə sabit və proqnozlaşdırıla biləcək münasibətlərin qurulmasını istəmir. O, hesab edir ki, ABŞ Rusiyanın başlıca düşmənidir. Onun fikrinə görə, Bayden administrasiyası Rusiyanı zəiflətmək və mövcud rejimi devirmək niyyətindədir. Putinin baxışına görə, ABŞ kimi bir ölkə ilə heç zaman dinc və sabit əməkdaşlıq qurula bilməz, yalnız əbədi münaqişə olmalıdır.
Mövcud sanksiya rejimi Rusiyanın davranışlarını dəyişməyəcək. Rusiyaya qarşı silsilə sanksiyalar modeli lazımdır. Həm də ki, bu modeldə Rusiya Ukraynanın şərqində müharibə vəziyyətini “qaynar” halda saxlamaqda davam etdikcə sanksiyalar daha da sərtləşməlidir. Belə olan təqdirdə zaman ruslara yox, bizə işləyəcək.
Ukrayna ilə bağlı Baydenə ən incə və təsirli əlaqələr, tədbirər lazımdır.
Birincisi, uzun müddətdir ki, tələb olunan addım ABŞ-ın Ukraynaya yeni səfir təyin etməsidir. Yeni səfirin sıx şəxsi əlaqələri olmalıdır. 
İkincisi, hərbi addımdır. Bayden administrasiyası və ABŞ-ın NATO müttəfiqləri Kiyevdəki amerikalı hərbçilərlə əlaqəni dərinləşdirməlidirlər. Ukraynanın kritik mühüm infrastrukturlarını ruslardan qoruya biləcək imkanlar daxil olmaqla, böyük “hərbi kömək zərfi” işə salınmalıdır. Əlavə olaraq Ukrayna Rusiyadan gələ biləcək hava və dəniz hücumlarından müdafiə edilməlidir. Amerikanın rəsmi olmayan dəstəyi əsasında Ukrayna Türkiyədən yeni-yeni ölümcül dronlar almalıdır. ABŞ-ın özü Ukraynanı Rusiya hücumundan birbaşa qorumayacağına görə ukraynalılara ən yaxşı silahlar göndərməlidir.
Üçüncüsü, Bayden komandası avropalı müttəfiqləriylə birlikdə çox incəliklə hesablanmış uzaq strategiya hazırlamalıdır ki, bu, Ukraynanın tam yoxsullaşmasına imkan verməsin. Həmin strategiya demokratiya ilə konsolidasiya təşkil etməli və nəhayət, Ukraynanın iqtisadi böyüməsinə stimul verməlidir.
Dördüncüsü, Bayden və onun bütün dünya üzrə müttəfiqləri “Donbasın inkişaf fondu”nu təsis etməlidilər. Bu, şərqi Ukrayna üçün “Marşal planı” olmalıdır. Bu fond pul və resursları müharibədən sonra xərcləməyə başlamalıdır. Belə bir fondun yaradılması hazırda regionda Rusiya işğalından əziyyət çəkən insanları ümidləndirəcək”.
Hazırladı: Vaqif Nəsibov
"AzPolitika.info"скачать dle 12.1