Bia.Az

ERMƏNİSTAN DİASPORA SAVAŞINDAN DA GERİ ÇƏKİLİB! – “Biz bu münaqişənin harasa ixrac edilməsində maraqlı deyilik...”

Gündəm
 19-11-2021, 14:13     227

Ötən ilin iyulunda Errmənistanla sərhədin Tovuz rayonu istiqamətində baş verən hərbi qarşıdurma günlərində xaricdəki erməni diasporu bəlkə də öz tarixindəki ən kütləvi və aktiv kampaniyaya start vermişdi. ABŞ-dan Cənubi Amerika ölkələrinə, Qərbi Avropadan Rusiyanın müxtəlif bölgələrinə qədər dünyanın demək olar elə bir regionu qalmadı ki, ermənilər Azərbaycan və Türkiyə əleyhinə kütləvi aksiyalar keçirməsinlər. Az qala elə bir beynəlxalq təşkilat, ölkə olmadı ki, oranın parlamenti, yaxud hökuməti qarşısında Ermənistanın qondarma itihamlarının tanınması, anti-Azərbaycan bəyanatlarının, hətta qanunlarının qəbul edilməsilə bağlı tələblər qoyulmasın. Və bəzi hallarda erməni diasporası Azərbaycana qarşı hansısa qərarların, bəyanatların verilməsinə nail də ola bildi.

Bundan əlavə, xüsusilə Qərb ölkələrində ermənilərin daha çox yaşadıqları iri şəhərlərdə Azərbaycan səfirlikləri və diaspora nümayəndələrinə qarşı kütləvi hücumlar, təxribatlar oldu. Xeyli sayda azərbaycanlıya xəsarətlər yetirildi. Eyni proses 44 günlük müharibə dövründə də davam etdirildi və bəzi hallarda hətta şiddətli xarakter aldı. Ancaq bütün bunlar Azərbaycanın zəfərinə mane ola bilmədi. Və maraqlıdır ki, Azərbaycanın böyük qələbəsindən sonra sanki “qurbağa gölünə daş atıldı”, erməni diasporu xüsusilə də küçə aksiyalarını demək olar ki, tam olmasa da, böyük ölçüdə dayandırdı.
Son dövrlər Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurmalar, xüsusən də 16 noyabrda baş verən hərbi toqquşma erməni diasporunu demək olar ki, qətiyyən hərəkətə gətirmədi. Bu hadisələrlə bağlı ötənilki Tovuz hadisələrindən fərqli olaraq, nə bir ciddi kütləvi aksiya, nə də digər hərəkətlilik müşahidə olunmadı. Görünür, erməni diasporasının sıravi nümayəndələri də Ermənistan əhalisinin əhəmiyyətli hissəsi kimi bəzi şeyləri anlamağa başlayıblar...

Bu mövzuyla bağlı Ermənistanın diaspora ilə iş üzrə müvəkkili Zare Sinanyan Rusiya mətbuatına açıqlamasında deyib ki, ötən illə müqayisədə diaspora nümayəndələrinin aktivliyi bir o qədər hiss olunmur. Moskvaya 18-21 noyabr tarixini əhatə edən səfərə yollanan Sinanyan bildirib ki, son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən münaqişə ilə bağlı xaricdə azərbaycanlılarla ermənilər arasında hər hansı insident yaşanmayıb: “Ötən ilin hərbi əməliyyatları və 2020-ci ilin iyulundakı situasiyadan fərqli olaraq, bu dəfə ermənilərlə azərbaycanlılar arasında baş vermiş hər hansı konfliktlə bağlı bizə məlumat daxil olmayıb. Biz bu münaqişənin harasa ixrac edilməsində maraqlı deyilik...”
O, gələcəkdə də qarşıdurmalardan yayınmağın mümkünlüyünə ümid etdiyini bildirib. Ancaq Sinanyandan soruşan olmayıb ki, bəs, ötən il nədən “münaqişənin harasa ixrac edilməsində” hədsiz dərəcədə maraqlı idilər? 
Əlbəttə ki, erməni tərəfi həmişəki kimi özünü sülhpərvər və münaqişədə maraqlı olmayan tərəf kimi göstərməyə çalışsa da, erməni diasporasının nisbətən sakitləşməsinin tamamilə başqa səbəbləri var. Və bu səbəblərin ən başında Azərbaycanın 44 günlük müharbədəki qələbəsinin yaratdığı şok effektinin durduğu şübhəsizdir. Artıq ermənilərin əvvəlki illərlə müqayisədə çıxıb Avropa, yaxud Amerika küçələrində lovğalanacaq, bayram edəcək əsasları, səbəbləri demək olar ki, qalmayıb. Çıxsalar, ya şikayət etməli, ya da ağlaşma qurmalıdırlar. Bu miskin mənzərəyə qoşulmaq istəyənlərinsə sayı heç də çox olmayacaq. Digər yandan bu cür aksiyaların gözlənilən effekti vermədiyi də göz önündədir. Azərbaycan Ermənistanın, onun xaricdəki havadarlarının və diasporunun bütün çığır-bağırlarına baxmayaraq, heç kimdən çəkinmədən 44 günlük müharibədə öz iradəsini və gücünü ortaya qoydu və qələbə qazandı. Bu tendensiya indi də davam etdiyindən, yəqin ki, erməni diasporasının başbilənləri və fəalları yenidən Qərbdə hay-küy salmağın əlavə pul və vaxt itkisindən başqa heç nə qazandırmayacağını başa düşürlər... 
Ancaq bütün bunlara baxmayaraq, təbii ki, arxayınlaşmaq olmaz. Təəssüf ki, Azərbaycan xaricdəki diaspora fəaliyyəti sahəsində Ermənistanla rəqabətdə hansısa ciddi uğuruyla öyünəcək səviyyəyə çatmayıb. Bu sahədə hələ xeyli nöqsan və görüləcək işlər var. Təbii ki, burada bizim mentalitetimiz və xaricdə yaşayan azərbaycanlıların fəallıq səviyyəsi də mühüm rol oynayır.
Ermənilər isə millət olaraq hər nə qədər əzilmiş, miskin durumda olsalar da, erməni diasporunun beynəlxalq təşkilatlar və bir sıra ölkələrin parlament və hökumətləri səviyyəsində yenə də öz mənfur fəaliyyətini davam etdirir, təsir mexanizmlərini saxlayır. Odur ki, Azərbaycan diasporu və bu sahəyə cavabdeh olan dövlət qurumları yaranmış vəziyyəti düzgün qiymətləndirməli və erməni diasporunun fəaliyyətində müşahidə olunan nisbi durğunluqdan öz xeyrinə istifadə etməyi bacarmalıdır.\azpolitika.info\скачать dle 12.1