Bia.Az

TƏCİLİ!!! QEYRİ-MÜƏYYƏNLİKLƏ DOLU BİR İL - Vəziyyət Rusiyanı qane edir, bəs Azərbaycan?

Gündəm
 9-11-2021, 18:53     243

Azərbaycan, Rusiya və Ermənistan arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli atəşkəs bəyanatından bir il ötür. 44 günlük müharibəni bitirən bu sənəd, hələlik, iki ölkə arasında yeganə razılaşmadır.

Doğrudur, bu il yanvarın 11-də də Moskvada Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilib və birgə bəyanat imzalanıb. Lakin bu sənəd 10 noyabr razılaşmasında nəzərdə tutulan öhdəliklərin bir qismi üzrə konkret fəaliyyət mexanizmlərini müəyyənləşdirir. Tərəflərin yaratdığı İşçi qrupu kommunikasiyaların açılması və sərhədlərin müəyyənləşdirilməsi ilə məşğul olur. Ötən yarım ildə bu qrup bir neçə dəfə Moskvada toplanıb müzakirələr aparıb. Atəşkəsin ildönümündə keçirilməsi gözlənilən növbəti sammitdə İşçi qrupun razılaşdırdığı iki sənədin qəbul ediləcəyi bildirilmişdi. Amma proseslər göstərir ki, Ermənistan Azərbaycanla belə bir sənədi imzalamağa tərəddüd edir. Nəticədə, ümid bəslənən üçtərəfli görüşün baş tutmayacağı bu gün Rusiya Prezidentinin köməkçisi D.Peskov tərəfindən təsdiqlənib.
Ötən bir ildə atəşkəs bəyanatının bir neçə bəndi tam olaraq icra olunub. Ermənistan ordusu Kəlbəcər, Ağdam rayonlarından tam, Laçından isə qismən çıxıb. Əsirlərin dəyişdirilməsi, meyitlərin yığılması, minalanmış bəzi ərazilərin xəritələrinin verilməsi kimi qarşılıqlı addımlar atılıb. Amma Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyan bir neçə öhdəlik icra olunmayıb. İlk növbədə daxili kommunikasiyalar tam açılmayıb: Azərbaycan Ağdərə-Kəlbəcər yolundan sülhməramlıların müşayiəti ilə hərəkət edir. 
İkincisi, Naxçıvana quru və dəmir yolunun açılması ilə bağlı məsələ öz həllini tapmayıb. Moskvada planlaşdırlan, amma baş tutmayan görüşdə əslində Zəngəzur dəhlizi adlanan bu kommunikasiyaların açılması barədə razılaşma imzalanacağı nəzərdə tutulurdu.
Üçüncüsü, Laçın dəhlizinə alternativ Ermənistan-Xankəndi yolunun marşrutunun müəyyənləşdirilməsi istiqamətində heç bir addım atılmayıb.
Nəhayət, sənəddə qaçqınların BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında öz yerlərinə qaytarılması ilə bağlı əksini tapan bənd üzrə də fəaliyyət yoxdur.

Azərbaycanın başqa qayğıları Rusiyanın onunla razılaşdırmadan Qarabağda və Laçın dəhlizində həyata keçirdiyi fəaliyyətdir. Üçtərəfli bəyanatın heç bir bəndində göstərilməsə də, Moskva erməni separatçılarının geri qayıtması, yerləşdirilməsi və s. humanitar problemlərin həlli ilə məşğul olur. Laçın dəhlizini Qarabağdakı erməni silahlı birləşmələri üçün maneəsiz keçid kimi saxlayır. Ən əsası, son bir il ərzində Qarabağın Azərbaycanın suverenliyinə aid olması barədə heç bir bəyanat səsləndirməyib. Əksinə, dəfələrlə Ermənistanın dövlət rəsmiləri bölgəni "artsax respublikası" kimi təqdim edib. Rusiya bölgəyə yenə də üçtərəfli bəyanatda nəzərdə tutulmayan sayda hərbçi, silah və ağır texnika cəmləşdirib. Sülhməramlılar bir neçə dəfə öz mandatlarına heç bir aidiyyatı olmayan hücum təlimləri keçiblər, bu zaman aviasiyadan, iriçaplı atıcı silahlardan, zirehli texnikadan istifadə edilib.
Atəşkəs bəyanatının ildönümündə Rusiya təklif edir ki, Azərbaycan və Ermənistan kommunikasiyaları açsın, eyni zamanda sərhədlərin sovet xəritələri əsasında delimitasiya və demarkasiya prosesinə start versin. Amma bu fəaliyyətlərə sülhməramlıların nəzarət etdiyi ərazilər daxil edilmir. Rəsmi Bakı əvvəlcə bu cür razılaşmanın Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra mümkün olacağını bəyan etsə də, son zamanlar bu mövqedən nisbətən geri çəkilib. Rəsmi İrəvan da sərhədlər və kommunikasiyalarla bağlı iki razılaşma imzalamaqda istəkli görünürdü. Bir neçə gün əvvəl N.Paşinyan "konkret qərarların verilməsi vaxtı çatıb, 9 noyabr və 11 yanvar bəyanatlarına sadiqəm" açıqlamasını səsləndirmişdi. Amma Ermənistanda müxalifətin mitinqi ərəfəsində kompromis əhval-ruhiyyə xeyli dəyişib. Paşinyan müdafiə naziri Arşak Karapetyanı Qarabağa göndərib, o da bölgədəki qanunusz silahlı dəstələrlə görüşlər keçirib, onlara medallar, təltiflər verib. Bu hadisəyə rəsmi Bakının münasibəti kifayət qədər sərt olub. Müdafiə Nazirliyinin yaydığı bəyanatda qanunsuz silahlı birləşmələrə qarşı anti-terror əməliyyatının anonsu verilib. Bununla belə bu cür təxribatçı addımlara şərait yaradan Rusiya sülhməramlılarına irad bildirilməyib. Ehtimal etmək olar ki, bu gün Moskvada MDB müdafiə nazirlərinin toplantısına qatılan nazir, general-polkovnik Zakir Həsənov bu barədə Rusiya rəsmiləri ilə müzakirələr aparacaq.

Beləliklə, müharibənin başa çatmasından bir il sonra hərbi-siyasi vəziyyətdə ciddi dəyişikliklər nəzərə çarpmır. Rusiya bölgədəki mövqelərini möhkəmləndirib, Qərbin proseslərə müdaxilə imkanları zəifləyib. Ötən aylarda ABŞ və Avropa daha çox Ermənistan vasitəsi ilə buna cəhd etsə də, nəticə verməyib. Çünki Azərbaycan açıq şəkildə, Rusiya isə pərdəarxasında Qərbin situasiyaya müdaxilə etməsində maraqlı deyil. Rəsmi Bakı təklif edir ki, Minsk Qrupu yalnız Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində iştirak etsin. Qarabağ mövzusu ümumiyyətlə heç bir şəkildə vasitəçilərlə müzakirə edilməyəcək. Ermənistan isə əksinə, Qərbin təzyiqi ilə Qarabağın statusu məsələsini "diriltməyə" cəhd edir. Rusiya hazırkı status-kvodan tam məmnundur, Moskva müxtəlif diplomatik variasiyalardan istifadə etsə də, vasitəçilik institutunun ənənəvi mandatla prosesə qayıdışını əngəlləyir. Hadisələrin və tərəflərin mövqelərindən belə nəticə çıxarmaq olar ki, hazırkı qeyri-müəyyənlik tamamilə Rusiyanın maraqlarına uyğundur. Onun Qarabağdakı fəaliyyətini məhdudlaşdıracaq heç bir sənəd, razılaşma mövcud deyil. 10 noyabr sənədi isə sadəcə bəyanatdır, orada əksini tapan maddələr Moskvanın Laçın dəhlizində və ətraf ərazilərdə qeyri-məhdud fəaliyyətinə əngəl törətmir. Ermənistan bu vəziyyətdən narazı deyil, əksinə, Prezident Armen Sarkisyan dünən Rusiya mətbuatına deyib ki, sülhməramlıların uzun müddət Qarabağda qalması lazımdır.
Azərbaycana gəldikə, müharibədən sonra işğaldan azad etdiyi bölgələrdə kifayət qədər möhkəmlənsə də, Qarabağın dağlıq hissəsində suverenliyini təmin etmək məsələsi açıq qalıb. Təəssüf ki, bu problem artıq Bakı-İrəvan müzakirələrinin obyekti olmaqdan çıxaraq Rusiya-Azərbaycan məsələsinə çevrilib.
Bakının əsas hədəfləri 10 noyabr bəyanatının tam icrası, Laçın dəhlizinə nəzarət, Rusiya sülhməramlılarının statusu kimi məsələlərin həlli olmalıdır.\"AzPolitika.info"\скачать dle 12.1