Bia.Az

İran ordusunu sərhədimizə gətirən SƏBƏB – İsrail yoxsa, Zəngəzur xofu?

Gündəm
 3-10-2021, 01:44     184

İran ordusu oktyabrın 1-də ölkənin şimal-qərbində, yəni Azərbaycan sərhədləri yaxınlığında “Fatihan Xeybər” (Xeybər Fatehləri) adlı irimiqyaslı hərbi təlimlərə start verib. Belə ki, bu İranın son 20 ildə təşkil etdiyi ən böyük hərbi təlimdir. 

Təlimlərə verilən ad isə daha çox diqqət çəkicidir.
 

MÖVZU İLƏ BAĞLI:

İranın Azərbaycandakı səfiri təlimlərə AYDINLIQ gətirdi - "PLANLI OLUB" - FOTO

Qeyd edək ki, 629-cu ildə müsəlmanlarla yəhudilər arasında Xeybər savaşı baş verib və Mədinə yaxınlığındakı bu şəhər Peyğəmbərin səhabələrindən olan Əlinin xüsusi şücaət göstərdiyi müharibənin sonunda İslam ordularının nəzarətinə keçib. 

Təlimlərin hansı tarixi hadisəyə ithafən adlandırılmasından əlavə, günümüzdəki situasiyaya da nəzər salmaqda fayda var. Belə ki, həm İranın regionda yeritdiyi siyasət, həm də ölkə rəsmilərinin açıqlamaları, təlimlərin adının təsadüfi seçilməsi ehtimallarını aradan qaldırıb.

Ümumilikdə isə, iki ad seçilməsilə bağlı iki əsas səbəbi irəli sürmək olar:

1. Xeybər döyüşü yəhudilərlə baş vermişdi. Bu detal təlimlərə adın verilməsində yəqin ki əsas səbəbdir. Çünki İran rəsmiləri açıq şəkildə İsraili ən böyük düşməni olaraq gördüyünü etiraf edir. Eyni zamanda İranın təlimlərə başlamasına səbəb kimi, Qarabağda İsrail şirkətlərinin “təhlükəli” fəaliyyəti iddiası səsləndirilir.

2. İmam Əli bu döyüşlərdə xüsusi şücaət göstərmişdi. Bu tarixi faktı da nəzərdən qaçırmaq olmaz. Ona görə ki, İran rejimi özünü məhz Hz.Əli-nin ardıcılları olaraq görürlər.

Lakin İranın təlimləri bu adla keçirməsində əsas məqsədinin “sionist” kimi qələmə verdiyi İsrailə qarşı yönəlməsi birbaşa şübhə doğurur. Çünki son dönəmlərdə baş verən olaylar daha bir məsələ üzərində ehtimallar yürütməyə imkan verir:

Zəngəzur dəhlizi

Görünən qədərilə, İranın birdən-birə “sionizm” kartını oynaması üçün real səbəblər mövcud deyil. Çünki İsrail ilə Azərbaycan arasında münasibətlər uzun illərdir ki, ən üst səviyyədədir və bu ölkəyə məxsus şirkətlər əvvəllər də regionda fəaliyyət göstərib.

Digər önəmli məqam isə, Türkiyə və Rusiya liderlərinin Soçi görüşündə verilən bəzi mesajlar idi. Belə ki, görüşün keçirilməsi haqqında rəsmi məlumat verildikdən sonra, artıq əksər mütəxəssislər, son siyasi proseslərə istinadən müzakirələrin müsbət nəticələr verəcəyini irəli sürürdülər. Görüşdən sonra isə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı anonslar verməsini qeyd etmək vacibdir.

Üçüncüsü, təlimlərin keçirldiyi bölgəninin Şərqi Zəngəzur iqtisadi rayonunun cənub sərhədlərinin yaxınlığında yerləşməsidir.

Dördüncü və ən önəmli məqam isə, Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı proyektin artıq hazır olduğu ilə bağlı “Anadolu” agentliyinə verdiyi açıqlaması idi.

Bütün sadalananları və mövcud geosiyasi vəziyyəti nəzərə aldıqda isə, rəsmi Təhranı əl-ayağa salan səbəbin yəhudi xofu deyil, məhz Zəngəzur dəhlizinin açılması üçün mühüm addımların atılması və açıqlamaların verilməsi olduğunu söyləyə bilərik. İranın Azərbaycan və Naxçıvanı (ən əsası isə, Türkiyəni) birləşdirəcək koridora qarşı olması isə onsuzda əvvəldən məlum idi.

Lakin məhz indiki vaxtda rəsmi Tehranın bu qədər aqressiv ritorika izləməsinin səbəbi Zəngəzur dəhlizinin açılmasının artıq daha real olmasıdır.

Son olaraqsa, unudulmamalı olan nüans İran İslam Respublikasının heç vaxt qeyri-müsəlman ölkələrlə müharibə aparmamasıdır. Yəni, “Xeybər Fatehləri” hər nə qədər Bakıya və Ankaraya qarşı təzyiq vasitəsi kimi təşkil olunsa da, sərhədlərimiz yaxınlğında baş verən genişmiqyaslı hərbi təlimlərin də müəyyən dərəcədə təhdid elementləri daşıdığını da diqqətdə saxlamaq vacibdir.\Bizim.Media\скачать dle 12.1