Bia.Az

SİYASİ BLEF, YOXSA DAHA BİR İNQİLAB? – Gürcüstanda seçkiyə bir neçə saat qalmış nə baş verir?

Gündəm / Sosial
 1-10-2021, 18:22     353

Mixeil Saakaşvilinin oktyabrın 1-də gözlənilmədən öz sosial şəbəkə səhifəsində Batumidə olduğunu əks etdirən kadrlar yayması, əhalini seçkiyə, seçkinin sabahı günü isə Tbilisidə mitinqə çağırması Gürcüstan hökumətini əməlli-başlı çaş-baş salıb.

Bunun göstəricisidir ki, əvvəlcə ölkənin Daxili İşlər Nazirliyi Saakaşvilinin Gürcüstan sərhədini keçmədiyini bəyan etdi, hakim “Gürcü Arzusu” Partiyasının lideri İrakli Kobaxidze isə onun Gürcüstanda olmadığını bildirərək, sabiq ölkə başçısını “təlxək”, bu əməlini də “növbəti təlxəklik” adlandırdı. Ancaq çox keçmədi ki, Gürcüstan hökuməti Batumiyə xüsusi təyinatlılar göndərməli oldu və gürcü mətbuatının yazdığına görə, bu addımın məhz Saakaşvilini həbs etmək niyyətilə bağlı olduğu şübhə doğurmur. Sabiq prezidenti “təlxək” adlandıran Kobaxidze isə hələ ki, susur...

Seçkiqabağı durum zatən gərgin idi...
Xüsusi təyinatlıların Batumiyə göndərilməsi Saakaşvilinin həqiqətən Gürcüstanda olması ehtimalını xeyli artırır. Artıq bir neçə saatdan sonra ölkədə bələdiyyə seçkilərinin başlayacağı və Gürcüstanda elə Saakaşvilisiz də siyasi vəziyyətin heç də stabil olmadığı nəzərə alınsa, qonşu ölkədə qaynar hadisələr yaşanacağını proqnozlaşdırmaq olar.
Məsələ ondadır ki, 2 oktyabr seçkisinin heç Saakaşvili Gürcüstana gəlməsəydi belə, çox gərgin keçəcəyi gözlənilirdi. Bunu şərtləndirən xeyli sayda faktorlar var. Artıq heç kimə sirr deyil ki, Gürcüstanın hazırkı hökuməti müəyyən dərəcədə Qərbpərəst sayılsa da, onun Qərbin aparıcı dövlətləri və qurumları ilə münasibətləri idealdan xeyli uzaqdır. Təkcə son bir neçə ayda Qərb diplomatları ilə hazırkı hökumət arasında bir neçə ciddi qalmaqal yaşanıb. Onlardan sonuncusu Avropa Birliyinin Gürcüstandakı səfiri Karl Xartsel başda olmaqla, xeyli sayda Qərb diplomatının, eləcə də jurnalistlərin, siyasi fəalların və müxalifət liderlərinin hökumət tərəfindən dinlənilməsilə bağlı faktların üzə çıxmasıdır. Belə ki, ilin əvvəlində həmin dinləmələrə dair xüsusi xidmət orqanlarının faylları müxalif mətbuatın əlinə keçmiş və dərc edilmişdi.
Böyük qalmaqala səbəb olan bu faktlar Avropa Birliyinin(AB), eləcə də onun Gürcüstandakı səfirinin sərt reaksiyası ilə qarşılanmışdı. Hətta Tbilisinin AB-dəki səfiri qurumun Brüsseldəki mərkəzinə çağırılmış, ondan izahat tələb olunmuşdu. Qurumun Gürcüstandakı səfiri K.Xartselin bununla bağlı hökumətin ünvanına söylədikləri isə o qədər sərt olmuşdu ki, hakim siyasi qüvvə səfirin açıqlamalarını “qeyri-diplomatik” adlandırmışdı.
Yerli və xarici siyasi müşahidəçilər bildirirlər ki, hökumətin Qərblə onsuz da hamar olmayan münasibətləri bundan sonra daha da kəskinləşib və hazırda da idealdan çox-çox uzaqdır. Ümumiyyətlə, Qərb hazırkı hökumətdən o qədər də razı deyildi, “dinləmə əməliyyatı” isə bu narazılığı daha da artırıb. Çünki hökumətin Gürcüstan üçün əsas təhlükə mənbəyi sayılan Rusiyanı qoyub, Tbilisini uzun illər ayaq üstə saxlamağa çalışan Qərb ölkələrinin diplomatlarını dinlətməsi anlaşılan deyil. Bütün bu gərgin və xoşagəlməz situasiyanın fonunda bir də Saakaşvilinin hansı yollarlasa Gürcüstana gəlməsi xəbəri hökumət üçün vəziyyəti demək olar ki, kritik həddə qədər ağırlaşdırır.
“43 faiz” şərti, yaxud “Şarl Mişel anlaşması”...

Hələ cari ilin aprel ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və himayəsi altında Gürcüstan hökuməti ilə müxalifət arasında anlaşma sənədi hazırlanıb. Hakimiyyətin imzaladığı həmin sənəddə məhkəmələrin müstəqilliyindən media siyasətinə qədər bir çox müddəalar öz əksini tapsa da, onların arasında ən əsas bənd oktyabrın 2-də keçiriləcək bələdiyyə seçkisilə bağlı olub. Belə ki, həmin bəndə görə hakim partiya sözügedən seçkidə 43 faizdən az səs toplayacağı təqdirdə, ölkədə növbədənkənar parlament seçkisi elan olunmalıdır. İlk vaxtlarda əsas müxalif qüvvə olan Saakaşvilinin partiyası anlaşmanın imzalanmasını yubadıb və hakimiyyəti məhkəmə islahatı ilə bağlı müddəanı yerinə yetirməməkdə günahlandırıb. Bunu, yəni “Milli Hərəkat”ın sənədi imzalamamasını bəhanə edən hökumət isə dərhal anlaşmadan çıxdığını bəyan edib. Ancaq bundan qısa müddət sonra Saakaşvilinin “Milli Hərakat” Partiyası sənədə imza atıb və bununla da hakimiyyəti çətin vəziyyətdə qoyub.
Məsələ ondadır ki, bu anlaşmanın təşəbbüskarı olan Avropa İttifaqı hər iki tərəfin imzası olan sənədi tanıdığını və onun qüvvədə olduğunu bəyan edir, hakim partiya isə heç bir növbədənkənar seçki olmayacağını bildirir. Bir sözlə, sözügedən anlaşma ətrafında qeyri-müəyyən vəziyyət yaranıb və müşahidəçilər, xüsusilə də müxalifət hakim partiyanın 43 faiz səs toplaya bilməyəcəyini anladığı üçün özünün imzaladığı razılaşmadan boyun qaçırdığını bildirir.
Hakimiyyəti silkələyən iqtisadi qalmaqal

Hakim “Gürcü Arzusu”nun siyasi böhran həddinə çatan çətin durumunu bir yandan da sosial-iqtisadi sahədəki problemlər ağırlaşdırır. Pandemiyanın vurduğu zərbədən özünə gəlməkdə çətinlik çəkən hökumət bu yaxınlarda həm də böyük bir investisiya qalmaqalı ilə üzləşib. Belə ki, Gürcüstanın qərbində Namaxvani Su Elektrik Stansiyasının(SES) tikintisi ilə bağlı hələ 2019-cu ildə Türkiyənin dünyaca məşhur “ENKA” şirkətilə bağlanmış investisiya sazişi pozulub. Daha doğrusu, az qala Gürcüstanın illik büdcəsinə bərabər kapitallaşmaya (5.4 milyard dollar) malik “ENKA”, SES tikintisi layihəsinin icrasını dayandırdığını və anlaşmadan çıxdığını bəyan edib. Buna səbəb isə Gürcüstan hökumətinin layihənin icrasına lazımi şəraiti yarada bilməməsidir.
Belə ki, bir sıra Qeyri-Hökumət Təşkilatları SES-in tikildiyi ərazilərdə aksiyalar keçirərək, Türkiyə şirkətinin fəaliyyətini əngəlləməyə başlayıblar. Aksiyalara səbəb tikintinin regionun ekoloji durumuna mənfi təsir edəcəyi və ətraf ərazilərdə daşqın təhlükəsi yaradacağı iddiası ilə bağlı olub. Hansı ki, əksər mütəxəssislər bu iddiaların yersiz olduğunu və layihənin Gürcüstanın gələcəkdə enerji idxalı asılılığından qurtarmasına ciddi təsir göstərəcəyini bildirirlər. Lakin buna baxmayaraq, hökumət etirazçıların qabağından qaçıb və layihənin bir il müddətinə dayandırılmasına qərar verib. Daha sonra müqavilənin şərtlərinə yenidən baxmaq qərarına gəlib. Lakin bütün bunlar əvvəlcədən anlaşmada nəzərdə tutulmamışdı və haqlı olaraq, regionun ən böyük investorlarından olan Türkiyə şirkəti baş verənlərlə razılaşmayaraq, eləcə də faktiki olaraq işləməsinə şərait yaradılmadığı üçün layihədən çıxdığına dair Gürcüstan hökumətinə sentyabrın 20-də rəsmi bildiriş göndərib.
Bu əhvalat Gürcüstanın investisiya mühitinə ciddi zərbə vurub və Qərbdəki böyük investorların ölkəyə inamını xeyli sarsıdıb. Ancaq bu, hələ bəlanın yarısıdır. Məsələ ondadır ki, Türkiyə şirkəti Gürcüstan hökumətindən təzminat almağa hazırlaşır və bunun üçün bütün hüquqi əsaslara malikdir. Mütəxəssislər anlaşmanın pozulmasının ölkəyə ümumilikdə 800 milyon dollar ziyan vuracağını bildirirlər. Çünki artıq Türkiyə şirkəti sözügedən əraziyə 100 milyonlarla dollar vəsait xərcləyib, yollar, tunellər tikib, böyük infrastruktur işləri görüb. İşin yarımçıq qalması bu vəsaitlərin batması deməkdir ki, bunu da “ENKA” tərəfindən beynəlxalq arbitraj məhkəməsi vasitəsilə ödətdirəcəyi gözlənilir. Gürcüstan mətbuatı hökumətin istənilən halda Türkiyə şirkətinə azı 400 milyon dollar civarında təzminat ödəmək məcburiyyətində qalacağını yazır. Bu isə 5.5 milyardlıq Gürcüstan büdcəsi üçün olduqca böyük yükdür. Ona görə də hökumətin türklərlə anlaşmağa çalışdığı, lakin hələlik ciddi nəticə əldə olunmadığı qeyd edilir.
Xatırladaq ki, Türk şikəti cəmi 10 gün əvvəl sözügedən qərarını açıqlayıb və bu, seçki öncəsi hökumət üçün iqtisadi uğursuzluq, investisiya zərbəsi olmaqla yanaşı, həm də xoşagəlməz siyasi sürpriz olub.

ATƏT hökuməti sərt tənqid edir

Maraqlıdır ki, əvvəlki seçkilərdən fərqli olaraq, məhz bu seçkilə bağlı Qərb institutları Gürcüstan hökumətini sərt şəkildə tənqid edirlər. Demək olar ki, bütün aparıcı Qərb ölkələrinin Gürcüstandakı səfirlikləri hökumətin yaratdığı seçkiöncəsi mühiti pisləyib. Ölkəyə ən böyük müşahidəçi missiyası göndərən ATƏT isə ilkin hesabatında hakim “Gürcü Arzusu”na üstün şərait yaradıldığını, partiyalara bərabər imkanlar verilmədiyini, rəqabət mühitinin ciddi şəkildə pozulduğunu, seçicilərin müxtəlif yollarla satın alındığını bəyan edərək, seçkinin nəticələrini indidən şübhə altına alıb. Müşahidəçilər qeyd edirlər ki, seçkinin beynəlxalq birlik, xüsusilə də Qərb tərəfindən tanınması, eləcə də hökumətin gələcək perspektivləri məhz ATƏT-in yekun hesabatından xeyli dərəcədə asılı olacaq.
Bir sözlə, onsuz da Gürcüstanda yaranan seçkiöncəsi durum qətiyyən hakim siyasi qüvvənin maraqlarına uyğun deyildi. Bir tərəfdən də Mixeil Saakaşvilinin Gürcüstanda olduğunu bəyan edərək seçiciləri seçkiyə və daha sonra da dolayısı ilə itaətsizliyə çağırması vəziyyəti daha da mürəkkəbləşdirir. 
Hadisələrin gedişi onu göstərir ki, oktyabrın 2-də keçiriləcək bələdiyyə seçkisi, artıq adi yerli özünü idarəetmə seçkisi olmaqdan çıxaraq Gürcüstanın yaxın siyasi gələcəyində mühüm rol oynayacaq. Və çox şeyə yalnız seçki günü saat 20.00-dan, yəni seçki məntəqələri bağlanandan sonra aydınlıq gələcək. Ən azı ona görə ki, Saakaşvilinin partiyası məhz seçki bitəndən 5 dəqiqə sonra sabiq prezidentin xalqın qarşısına çıxacağını bəyan edib. O zaman bütün baş verənlərin siyasi blef, oyun, yoxsa ciddi siyasi aksiya, hətta inqilab olduğu üzə çıxacaq... \“AzPolitika.info”\скачать dle 12.1