Bia.Az

“TƏRƏFLƏR SOÇİDƏ QARŞILIQLI GÜZƏŞTLƏRƏ GETMƏLİDİR” - “Türkiyə sülhməramlıların fəaliyyətinə müşahidəçi kimi baxa bilməz”

Gündəm
 28-09-2021, 15:12     206

Sentyabrın 29-da Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfər edəcək və Soçidə Vladimir Putinlə danışıqlar aparacaq. Dünyanın diqqətinin bu görüşə köklənəcəyi şübhə doğurmur. Qərb dünyası açıq-aydın Soçi görüşündə hansısa razılaşmanın əldə olunmasına, tərəflərin öz maraqlarını uzlaşdırmasına qarşıdır.

Soçi görüşündə Cənubi Qafqaz regionunun da müzakirə ediləcəyi şübhəsizdir və ən azı bu baxımdan Ərdoğan-Putin görüşü bizim üçün də olduqca önəmlidir.
“AzPolitika.info” bu mövzunu Qərbi Kaspi Universitetinin professoru, sabiq diplomat Fikrət Sadıqovla müzakirə edib.

- Fikrət müəllim, sentyabrın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək və Prezident Putinlə müzakirələr aparacaq. Bəzi ekspertlərin “bu görüşdə razılıq olmasa regionda gərginlik daha da artacaq” proqnozuna rast gəlinir. Bəs, Sizin bir mütəxəssis kimi bu görüşdən gözləntiniz nədir?
- Həqiqətən, Türkiyə-Rusiya münasibətlərinin normal olması regionda təhlükəsizlik və stabillik baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu münasibətlərdən çox şey asılıdır. Amma görünən odur ki, Moskva və Ankara arasında yüksək səviyyəli əlaqələrin olması ilə paralel bir sıra ziddiyətli məqamlar da var. Hər halda, bir çox məsələlərdə onların mövqeyi fərqlidir. Məsələn, Prezident Ərdoğan BMT tribunasındakı son çıxışı zamanı bəyan etdi ki, Krım yarımadasındakı seçkiləri tanımır və bura Ukraynanın ərazisidir. Nəzərə almaq lazımdır ki, Ərdoğanın bu bəyanatı təsadüfi deyildi və Rusiya İdlibi bombaladıqdan sonra səsləndirildi. Rusiya İdlibi niyə vurur? Moskvanın öz məqsədləri var. O, İdlibi vurmaqla çalışır ki, bu ərazidə yaşayan insanlar Türkiyə sərhədlərinə doğru köç etsin və Türkiyə yeni köç dalğası ilə üz-üzə qalsın. Ərdoğan da cavab olaraq Moskvanın yadına salır ki, Krımda qanunsuz olaraq seçkilər keçirmisən.
- Demək istəyirsiniz ki, görüş öncəsi tərəflər bir-birinə psixoloji və hərbi-diplomatik təzyiqlər edirlər ki, masada əlləri güclü olsun?
- Bəli. Düşünürəm ki, masada Yaxın Şərq və Suriya bir nömrəli məsələ olacaq. Tərəflər əsasən bunu müzakirə edəcəklər. Unutmayaq ki, bu yaxınlarda Bəşər Əsəd Moskvaya səfər etmişdi. Bu da təsadüfi səfər deyildi. Bu səfərdən sonra Əsəd bəyan etdi ki, Türk Ordusu Suriyanı tərk etməlidir. Bu mənada Soçidə Suriya məsələsi ciddi şəkildə müzakirə ediləcək. Sözsüz ki, həmçinin, Cənubi Qafqaz, Ermənistan-Azərbaycan, eləcə də Ermənistan-Türkiyə münasibətləri diqqət mərkəzində olacaq. Nəzərə almaq lazımdır ki, bu səfərdən öncə Türkiyə və Ermənistan tərəfindən əlaqələrin bərpa olunmasına dair isti mesajlar oub. Əlbəttə, Soçidə bunun baş verməsinin şərtləri də müzakirə ediləcək. Yəni əlaqələr hansı şərtlər əsasında qurula bilər. Həmçinin, görüşdə ikitərəfli əlaqələr kontekstində çoxtərəfli münasibətlər və onların gələcəyi diqqət mərkəzində olacaq. Bütün bunlar hər iki dövlətin başçısını narahat edən problemlərdir və onların açıq formada müzakirəyə ehtiyacı var.
- Bizim üçün daha maraqlısı Cənubi Qafqazla bağlı aparılacaq müzakirələrdir. Bəllidir ki, regionda gərginlik var, bir çox hallarda rus sülhməramlıları əndazəni aşaraq missiyalarına uyğun olmayan fəaliyyət göstərir. Soçi görüşündə bu istiqamətdə hansısa yeniliklər gözləməyə dəyərmi?
- Şübhə etmirəm ki, Laçın dəhlizində, Xankəndidə yerləşdirilən sülhməramlılar, onların rolu və funksiyası, eləcə də yerləşdiyi ərazilərdə onların bəzi hallarda özlərini düzgün aparmaması müzakirə predmeti olmalıdır. Çünki bu regionda həm Rusiya sülhməramlıları var, həm də Ağdamda Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyət göstərir. Başqa sözlə, Türkiyə də Rusiya kimi bu regionda mövcuddur. Və onun mövcudluğu əlbəttə, bir sıra bu kimi məsələlərdən asıldıır. Türkiyə bu hallara, sülhməramlıların fəaliyyətinə müşahidəçi kimi baxa bilməz.
Mənə elə gəlir ki, bu görüşdə məlum dəhlizin, kommunikasiyaların açılması və Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiyası da müzakirə olunmalıdır. Aydın məsələdir ki, Ermənistanın hərəkətləri və fəaliyyəti bir sıra hallarda Rusiyadan asılıdır. Rusiya müəyyən addımlar atmalı və İrəvana təsir gücünü nümayiş etdirməlidir. Əks halda, Baş nazir Nikol Paşinyan gələcəkdə də ziddiyyətli bəyanatlar verməklə məşğul olacaq. Bu amillərə əsaslanaraq, hesab edirəm ki, sözügedən məsələlər də müzakirə mövzusu olacaq.
- Aydındır ki, regionda həm Ankaranın, həm də Moskvanın öz maraqları və gündəliyi var. Bu mənada tərəflər regionla bağlı hansı məsələdə razılaşa, hansında isə razılaşmaya bilər?
- Cənubi Qafqaz regionunda müəyyən güzəştlər edilə bilər. Rus sülhməramlıları Qırmızı Xaç Komitəsi deyil ki, insanlara kömək etsin, su daşısın, ev tiksin, məktəbə getməyə şərait yaratsın və s. Sülhməramlıların missiyası başqadır. Düşünürəm ki, bu məsələ ciddi müzakirə ediləcəyi təqdirdə, sülhməramlıların fəaliyyəti müəyyən çərçivəyə düşəcək.
Nəzərə almaq lazımdır ki, burada İran amili də var. İranın yük avtomobilləri Laçın dəhlizini keçərək Xankəndinə yük aparır. Buna da sülhməramlılar göz yumur. Bu da təhlükəli məsələdir. Təsadüfi deyil ki, Nyu-Yorkda Türkiyə və İran xarici işlər nazirləri görüşəndə qərara alınıb ki, Azərbaycan xarici işlər nazirinin iştirakı ilə üçtərəfli görüş keçirilsin.
Əgər Ankara və Moskva bundan sonra da münasibətlərini inkişaf etdirmək istəyirlərsə, mütləq qarşılıqlı güzəştlərə getməlidirlər. İnanmıram ki, güzəştlər böyük olsun. Amma həm Suriyada, həm də Cənubi Qafqazda bunun sayəsində tərəflərin mövqeyinə müəyyən düzəlişlər edilə bilər. Xüsusilə, Rusiyanın. Çünki Rusiya bu prosesə daha çox cəlb edilib. Rusiya 10 noyabr bəyanatına imza atıb, regionda rus sülhməramlıları var, Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir. Əlbəttə, bu istiqamətdə Ankara çalışacaq ki, Moskva İrəvanla sıx işləsin.
- Tərəflər Soçi masasından hər hansı razılaşma olmadan ayrıla bilərlərmi?
- Məncə, münasibətlər eyni səviyyədə qalacaq, amma bu münasibətərə hər iki tərəfin maraqlarına uyğun olan düzəlişlər ediləcək. Təcrübə də göstərir ki, Ankara və Moskva ən kritik vəziyyətdə ümumi razılaşma əldə edə bilir. Bu, özü-özlüyündə çox müsbət amildir. Hətta Prezident Ərdoğanın BMT tribunasından Krımla bağlı bəyanat verməsinə baxmayaraq tərəflər Soçidə ən yüksək səviyyədə danışıqlar apara bilirlər. Bu, əslində o deməkdir ki, tərəflər problemli məsələlərin aradan qaldırılmasına hazırdırlar. Yəni ziddiyyətlərin olmasına baxmayaraq, hər iki tərəf anlayır ki, burada üçüncü qüvvələrin də marağı var. Belə qüvvələrə münasibətdə onların mövqeyi eynidir. Mən ABŞ-ın, Avropa İttifaqının, xüsusilə Fransanın mövqeyini nəzərdə tuturam.
- Rusiya-Türkiyə münasibətlərinin perspektivi Azərbaycana hansı müsbət və ya mənfi təsirlər vəd edir?
- Türkiyə və Rusiyanın masadan küsülü getməsini, bir-birinə düşmən olmasını sözsüz ki, biz istəmərik. Çünki hər iki dövlət regionda mövcuddur. Biz Türkiyə ilə qardaş və müttəfiq ölkəyik. Rusiya ilə partnyorluq əlaqələrimiz var. Üstəlik, hər iki dövlətin burada təsir gücü böyükdür. Onların arasında böyük ziddiyyətlər baş versə, əlbəttə ki, bu, bizim siyasi addımlarımıza mənfi təsir göstərə bilər. Bu mənada mən düşünürəm ki, Soçi görüşündə kompromis formasında müəyyən güzəştlər olmalıdır. Bunu tərəflərin öz mövqeləri və maraqları da tələb edir.скачать dle 12.1