Bia.Az

Virusun mənşəyi: elmə, yoxsa qəsd nəzəriyyəsinə inanmalı?

Gündəm
 18-07-2021, 15:29     226

ABŞ-ın “NBC News” kanalının internet səhifəsində “Qəsd nəzəriyyəsini təsdiqləmək üçün koronavirusun Çinin Uhan laboratoriyasından sizdığı haqda təhrif olunmuş fikirlər irəli sürülür” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Kanadanın ən məşhur və ən iri təhsil ocağı olan Alberta Universitetinin səhiyyə hüququ və siyasəti kafedrasının müdiri, professor Timoti Kolfilddir. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.

Biz alimlərin koronavirusun Çinin Uhan vilayətindəki laboratoriyadan sızması məsələsinə inanmamaqla səhvə yol verdiklərinə dair fikirlərlə tez-tez rastlaşırıq. Bu, əsasən mühafizəkarların elm və səhiyyə sahəsində çalışan məmurları gözdən salmaq üçün əl atdıqları qərəzli iddialardır. Bu iddialar həqiqəti əks etdirməyən, hərtərfli öyrənilməmiş fərziyyələrə söykənir.
Gəlin reallıqdan başlayaq. Koronavirusun laboratoriyadan sızma ehtimalı nəzəri baxımdan mümkün olsa da, dünya liderləri bununla bağlı Çini şəffaflıq nümayiş etdirməyə çağırsa da, Çin bu çağırışlara əməl etməsə də, hər halda virusun heyvanlardan yayılması ehtimalı yenə daha yüksəkdir.
Hazırda virusun mənşəyi faktiki olaraq bizə bəlli deyil. Bəlkə də bu heç vaxt bəlli olmayacaq. Ancaq infeksiyanın mənşəyi haqda bilgilər, araşdırmalar gələcəkdə oxşar pandemiyaların qarşısını almaqda bizə yardım edə bilər. Ona görə də araşdırmaları davam etdirmək zəruridir. Ancaq araşdırmaların davam etməsini nəticələrin dəyişməsi kimi başa düşmək düzgün deyil.
Səhv olduğu ortaya çıxan keçmiş versiyalar həmin vaxtlardakı mövcud dəlillər nəzərə alındıqda doğru mövqe sayıla bilər. Keçmişdə səhv hesab edilən fikirlər sonradan doğru çıxa da bilər.
Tutalım, tanınmış meteoroloq bütün məlumatlardan – peyk görüntülərindən, atmosfer təzyiqinin dəyşməsi tendensiyasından və temperaturdan, müasir kompüterdən, illərlə qazandığı təcrübə və biliklərdən istifadə edərək sabah havanın yağışlı olacağını 95 faizlik ehtimalla proqnozlaşdırır. Qonşunuz isə düşünür ki, havanı “Big Weather” peyki idarə edir və yağışlı hava bizi evdə oturmağa məcbur etməyə hesablanmış siyasi qəsddir. Həmin adam “YouTube” kanalında havanın yağışlı deyil, günəşli olacağı barədə məlumatla rastlaşır. Belə olduqda o, meteoroloji xəbərdən imtina edir və “Big Weather”ə yox, “YouTube”a inanır.
Problem ondadır ki, bəzən bizim düşüncəmiz keçmişə qərəzli münasibətə görə təhrif oluna bilər. Yəni bizim əvvəlki mövqeləri səhv dəyərləndirməmiz və ya hadisədən səhv nəticə çıxarmamız düşüncələrimizə təsir edə bilər. Bu, özünü fenomen kimi görməkdən irəli gələ də bilər. Ancaq siz lazım olan dövrdə lazım olan dəlilləri nəzərə almamısınız. Çox güman, bunu başqaları da nəzərə almayıb.
Daha bir problem ondadır ki, səhiyyə işçilərinin və jurnalistlərin çoxu pandemiyanın mümkün səbəblərindən danışarkən mükəmməl bir fikir irəli sürə bilməyib. Buna baxmayaraq bəzi adamlar məsələyə son nöqtə qoymaqdan çəkinmirlər. Əslində həm alimlər, həm də jurnalistlər situasiyanın hələ tam aydınlaşmadığını, elmi prosesin davam etdiyini deməlidirlər. Onlar vəziyyəti bu cür təqdim etsələr daha peşəkar davranmış olarlar. COVİD-19 elm adamları və elmi dəlilləri işıqlandıran jurnalistlər üçün mühüm sınaqdır.
Bəzən elmi mövqe dəyişəndə bu, uğursuzluq kimi qələmə verilir. Halbuki belə deyil. Elmi düzgün başa düşmək gərəkdir. Onda ictimai müzakirələrdə qütbləşməyə, alimləri gözdən salmağa çalışanların elmi fikirlərdəki dəyişiklikdən (məsələn, maskaların faydasına münasibətdə) bir silah kimi yararlanması ehtimalı da azala bilər.
Qəsd fərziyyəsinin tərəfdarları, nə qədər gülməli də olsa, bəzən öz baxışlarını sübuta yetirmək üçün yeni elmi fikirləri misal gətirirlər. Halbuki uydurma nəzəriyyələrə inanan insanlarda təkzib edilmiş dəlilləri yenidən nəzərdən keçirmək meyli az olur. Başqa sözlə, həmin insanlar dəlillərə əsaslanıb mövqelərini dəyişməyəcəklər, ancaq onlar sizin bunu etməyinizi istəyəcəklər. Həqiqət həmin dəlillərdə olsa da, onlar öz fikirlərində qalacaqlar.
Bəli, biz tamamilə qərəzsiz olmalı və daima suallar verməliyik. Biz elmi məlumatların doğru çatdırıldığına, elmin düzgün və etibarlı şəkildə inkişaf etdiyinə, siyasi təzyiqlərdən uzaq durduğuna əmin olmalıyıq.
Çox açıq demək istərdim: ilkin mərhələdə virusun laboratoriyadan sızması nəzəriyyəsinə lazımi qədər diqqət ayrılmamışdı. Sonradan əlavə araşdırmaya ehtiyac yarandı.
Səhiyyənin mövqeyi qorxuya və ya ideologiyaya deyil, əvvəlki kimi elmə əsaslanmalıdır. Hətta elmə əsaslanan qərar səhv, hansısa möcüzəli ideoloji uydurma düz çıxsa belə, bu o demək deyil ki, gələcəkdə qəsd nəzriyyəsinə güzəştə gedib qərarları kortəbii şəkildə qəbul etmək lazımdır.
Həqiqət haradasa yaxınlıqdadır və məhz elm bizi ona daha da yaxınlaşdıra bilər.

Timoti Kolfild,
professor

Mənbə: Nbcnews.comскачать dle 12.1