Bia.Az

BAKI VƏ İRƏVAN ARASINDA İKİTƏRƏFLİ DANIŞIQLAR MÜMKÜNDÜRMÜ? - "Düşmənə təzyiq göstərməliyik..."

Gündəm
 2-07-2021, 16:24     234

Azərbaycan Ermənistana ikitərəfli danışıqları təklif edib. Təklifi iyunun 30-da Xarici İşlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında səsləndirib.

O bildirib ki, Azərbaycan Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edir: “Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir...".

Xatırladaq ki, Prezident İlham Əliyev də Avropalı deputatlarla görüşdə Ermənistanla sülh müqaviləsinin imzalanmasının zəruriliyini vurğulayıb. Dövlət başçısı bildirib ki, sülh müqaviləsi yoxdursa, ümumiyyətlə regionda sülh yoxdur.
Məlumdur ki, müharibəyə qədər və ondan sonra iki ölkə arasında istənilən danışıqlar üçüncü tərəfin vasitəsilə həyata keçirilib. Bəs hazırda Azərbaycanla Ermənistanın ikitərəfli danışıqları mümkündürmü?

Təhlükəszilik məsələləri üzrə ekspert İlham İsmayıl "AzPolitika.info"-ya bildirib ki, Azərbaycan müharibədə qalib gəldiyi halda sülh danışıqlarına başlamaq haqqında mövqeyini bildirməsinin müsbət və mənfi tərəfləri var


Onun sözlərinə görə, bu cür mövqe ölkənin beynəlxalq imicinə yaxşı təsir edir: “Bir tərəfdən müsbət dəyərləndirilə bilər ki, Azərbaycan sülh tərəfdarıdır, normal qonşuluq prinsiplərini irəli sürür. Digər tərəfdən düşməndə o fikir yaradır ki, Azərbaycan nədənsə çəkinir və tələsik sülh istəyir, ona görə də iddiasında qalmağa üstünlük verir. Təəssüf ki, ikinci variant özünü qarşı tərəfin reaksiyasında təsdiqlədi. Azərbaycan tərəfinin təklifinə münasibət bildirən Ermənistan parlamentinin xarici əlaqələr üzrə parlament komissiyasının sədri, "Mənim addımım“ fraksiyasının üzvü Ruben Rubinyan heç bir müsbət reaksiya verməyib. O bildirib ki, Azərbaycanın təzyiqi ilə Ermənistan heç bir sülh müqaviləsi imzalamayacaq və belə bir ssenarini istisna edib. Rubinyan qeyd edib ki, "o vaxt məmnunniyyətlə Azərbaycanla sənəd imzalanar ki, Bakı Dağlıq Qarabağın statusunu tanısın. Və əlavə edib ki, bu statusda əsas "Qarabağ xalqının iradəsi” qəbul olunmalıdır".
Ekspertin fikrincə, qarşı tərəf məğlub olsa da, Azərbaycanın bir daha müharibə yolu ilə münaqişəni həll etmək imkanı olmadığını vurğulayır və buna səbəb olan faktorların önündə Rusiya sülhməramlıların Qarabağda olmasını göstərirlər. 
"Onlar daha çox Minsk Qrupu həmsədrlərin status məsələsini açıq saxladıqlarına güvəndiklərini açıq deyirlər. Rubinyan hökümətin hətta “Zəngəzur dəhlizi”-nə mənfi münasibət bəslədiyini və “Ermənistan ərazisində heç bir dəhlizin olmayacağını” da qeyd edib. Konkret olaraq Rusiyanın reaksiyası yalnız onun marağına uyğun olan “Zəngəzur dəhlizi” ilə bağlı ola bilər" - deyə, İ.İsmayıl vurğulayıb.
Təhlükəsizlik eksperti hesab edir ki, sülh müqaviləsinin imzalanması, yəni Qarabağ münaqişəsinin faktiki həlli Rusiyanın maraqlarına uyğun deyil, ona görə də yaxın illərə belə bir müqavilənin imzalanacağı gözlənilmir: "Biz Ermənistana sülh təklifindən çox Azərbaycan ərazisini işğal edib vurduqları yüz milyardlarla hesablanan zərərə görə təzyiq etməli, beynəlxalq məhkəməyə verməli, kontribusiya tələb etməliyik. Gəncə və Bərdəyə atılan raketlərə görə düşməni hərbi cinayət törətdiyi üçün məhkəməyə verməliyik. Düşmən havadarlarının hesabına iddiasında qalır. Azərbaycan yumşaq diplomatiyadan imtina etməli, sərt və kəskin şəkildə düşmənə təzyiq göstərməliyik".

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə "Turan"a bildirib ki, Azərbaycanla Ermənistan arasında hər hansı birbaşa təmas olmayıb və yoxdur: "Ötən il Vətən müharibəsindən sonra Rusiyanın iştirakı ilə iki dəfə üçtərəfli sazişlər bağlandı və bütün məsələlər üçtərəfli komissiyada həll olunur".
Lakin deputatın fikrincə, artıq Ermənistanla Azərbaycan arasında birbaşa təmasın qurulma zamanı gəlib çatıb: "Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Azərbaycan Ermənistanla sərhəd demarkasiyası məsələsini gündəmə gətirib, heç bir şərt qoymadan Ermənistanı bu məsələni həll etməyə çağırır. Belə baxanda hətta üçtərəfli komissiyada istər istəməz tərəflər bir-biri ilə bu məsələni müzakirə etməlidirlər".
A.Mirzəzadə hesab edir ki, bu baxımından Xarici İşlər naziri C.Bayramovun təklifi günün tələblərinə cavab verir: "Tərəflər bu gün demarkasiya məsələsini, Zəngəzur dəhlizinin açılması məsələsini həll edə bilər, sonra isə nə zamansa Azərbaycanla Ermənistan arasında normal ikitərəfli qonşuluq münasibətləri qurulmalıdır".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da C.Bayramovun təklifini müsbət qiymətləndirdiyini bildirib. Ekspertin sözlərinə görə, Azərbaycan müharibədə qələbə çalıb, torpaqlarını işğaldan azad edib: "Ona görə də Ermənistanla ciddi problemimiz qalmayıb və biz ikitərəfli danışıqlara gedə bilərik".
Politoloqun fikrincə, Ermənistan prosesə üçüncü tərəfi qatmaq istəyir: "İstər Rusiya, istər ABŞ, ya da Fransa olsun, Ermənistan onları prosesə qatmaq istəyir. Lakin sərhəd məsələsi iki ölkə arasında həll olunası məsələdir. Biz istəmirik üçüncü dövlət bu məsələyə qarışsın. Nə qədər çox Rusiya kimi dövlətlər məsələyə qarışmasa, bu, həm bizim, həm də Ermənistan üçün daha faydalı olar".
E.Şahinoğlu deyir ki, belə nümunə artıq bir dəfə olub: "İlk dəfə Rusiya vasitəçiliyi olmadan Gürcüstan, ABŞ və Avropa Birliyinin vasitəçiliyi ilə biz saxlanan Ermənistan hərbi qulluqçularını mina xəritələrinə dəyişə bildik. Bu prosesi davam etdirmək lazımdır. Düzdür, Ermənistan Rusiyadan asılıdır. Amma Nikol Paşinyan özü də bəzən Rusiyanı kənarda qoyan ssenarilərdə iştirak edə bilir".
Politoloqun fikrincə, Rusiyada müəyyən qüvvələr Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar prosesinə mane olmağa çalışa bilər: "Lakin Gürcüstan vasitəsilə həmin hərbçilərini xəritələrə dəyişməsi və Rusiyanın buna mane olmaması göstərdi ki, gələcəkdə də bu istiqamətdə addımlar atıla bilər. Ona görə də Ceyhun Bayramovun bu təklifi yəqin prezidentlə də razılaşdırılıb və müsbətdir. Görək Ermənistan buna necə münasibət bildirəcək".скачать dle 12.1